Bir gündə daha iki "nokaut"
İlham Əliyevin yüksək nüfuzu fonunda Nikol Paşinyanın düşük durumu daha acınacaqlı görünür
Azərbaycan Prezidenti İlham Əliyev müasir dünya düzənində
nadir keyfiyyətlərə malik olan, sözünün
ağası kimi tanınan dövlət başçılarındandır. Hamı İlham
Əliyevə inanır,
etibar edir və bilir ki,
o, verdiyi sözün sahibidir.
Bu il noyabrın 23-də - eyni gündə İrəvanda və Belqradda müxtəlif ölkələrin prezidentləri
İlham Əliyevin hamıya əsl dost, qardaş olduğunu
etiraf etdilər. İki paytaxtda keçirilən tədbirlər,
müzakirə olunan mövzular fərqli olsa da, çıxış
edənlərin hamısı
Azərbaycanın dost ölkə,
Prezident İlham Əliyevin sözünün
ağası olduğunu
bildirdilər. Bu isə Ermənistanın baş naziri üçün əsl siyasi "nokaut" idi.
Dərd o deyil ki, ümidsiz
xəstəsən, borc
içindəsən, ya
da ki, yaşamağa
heç bir stimulun qalmayıb. Dərd odur
ki, sənə bu dərdləri adlamaq üçün yol göstərirlər, sən onu görmürsən,
ya da görmək
istəmirsən. Bax, indi
Paşinyan həmin dərdi yaşayır.
Dünyaya səpələnib, uydurduqları yalanların eşqinə sərgərdan rəqslərdə ağlı qaçan 10 milyonluq erməni xalqının ideoloqlarının isə dərdi, daha doğrusu, faciəsi odur ki, kim olduqlarından xəbərsizdirlər. Bilmirlər ki, 100 ildən artıqdır böyük güclərin əlində oyuncaqdırlar. Qınamaq da olmur bu zavallıları: ruslar tovlayır, fransızlar əzizləyir, amerikalılar tumarlayırlar. Keçmiş Minsk qrupu da 30 il əlindən gələni etdi ki, Ermənistan işğal etdiyi əraziləri tərk etməsin. Amma alınmadı, it qovulan kimi qovuldular özgə torpaqlarından.
Nə faydası?! Bu gün də ermənilər Azərbaycanın inkişaf fonunda hansı uçurumlara yuvarlandıqlarını anlamırlar. Anlasaydılar, iki il davam edən sülh danışıqlarında "başbilənləri" Paşinyan dünən dediyini bu gün danmaz, gah qızışıb kələ, gah da sakitləşib quzuya dönməz, ard-arda iki dəfə siyasi "nokaut"a düşməzdi.
Serbiya Prezidenti Aleksandar Vuçiç İlham Əliyevlə birlikdə mətbuata bəyanatında dövlətlərarası münasibətlərdə gözlənilən yüksək diplomatik dildən fərqli bir tərzdə - yaxın dost və doğma qardaş kimi danışdı: "…İlham Əliyev bu gün Avropada ən populyar şəxsdir. Avropada necə dəyişikliklərin baş verməsi inanılmazdır. Adətən onlar onun üçün vaxt tapa bilmirdilər, indi isə bütün vaxtlarını ona ayırırlar, çünki onların Azərbaycan qazına və Azərbaycanın təklif edə biləcəyi hər şeyə ehtiyacları olduğundan o, orada çox sevilir. Lakin mən bilirəm ki, o, ağıllı insandır, hər şeyi görür, hər şeyi başa düşür, düzünü desəm, mən bir az paxıllıq edirəm".
Həmin gün Paşinyan KTMT-nin sammitində iştirak etmək üçün İrəvana gələn liderlərdən yalnız Rusiya Prezidentini qarşıladı və öz avtomobilini buraxıb Putinin maşınında geri qayıtdı. Xidməti avtomobilindən isə Ermənistan bayrağı götürüldü. Bəzi KİV yazdılar ki, Putin bu jestlə Paşinyana qandırdı ki, o, şuluqluq salsa, ərköyünlük etsə, daha betər "şapalaqlanacaq".
Azərbaycan Prezidentini isə vətənindən uzaqlarda doğma qardaş kimi qarşıladılar, onun böyük nüfuzu olduğunu etiraf etdilər. Belqradda Serbiya Prezidenti bildirdi ki, ona edilən zənglər yalnız Kosovo ilə bağlı təhdidlər üçündür, amma İlham Əliyevə ehtiyacları olduğu və onu sevdikləri üçün zəng edirlər: "Mən həqiqətən şadam ki, mənim böyük dostum və Serbiyanın böyük dostu necə uğur qazanıb və dəyişməyib, o, hər zaman öz ölkəsinin təhlükəsizliyini təmin edib, ona hörmət edilməsinə nail olub, öz ölkəsinin qayğısına qalır və öz ölkəsinin maraqlarını müdafiə edir".
Paşinyan İrəvanda keçirilən KTMT-nin sammitində çalışırdı ki, Ermənistanı təcavüzə məruz qalan zavallı dövlət kimi təqdim etsin. Çıxışında sənədlərə, müqavilələrə istinad etdi, Azərbaycanın ünvanına ağlasığmaz qaralar yağdırdı. Lakin yenə alınmadı. Yalançıya kim inanar ki?! Üstəlik, məgər Paşinyan bilmirdi ki, qarşısında oturan Qazaxıstan Prezidenti Tokayev vətənində milyonlarla qazaxın acından qırılması prosesinə ermənilərin rəhbərlik etmələrindən xəbərdardır?! Məgər Paşinyan anlamırdı ki, erməni quldur dəstələrinin Orta Asiyada necə vəhşiliklər törətdikləri unudulmayıb?! Fərqanə hadisələrinin, Qdlyanın pambıq oyunu altında Özbəkistana divan tutmasını heç kim yaddan çıxarmayıb axı…
Ona görə sammitdə onun artıq gözdən düşdüyünü hamının üzünün ifadəsindən oxumaq olurdu. Heyf ki, nala-mıxa vurmaqla gülünc vəziyyətdə qaldığını özü anlamadı.
Sammitdə Paşinyana ən ölümcül zərbəni isə Belarus Prezidenti A.Lukaşenko vurdu. Ermənistan baş nazirinin haqsız və ədalətsiz mövqedən danışdığını, qədərindən artıq ittihamlara meyilli olduğunu, KTMT-nin üzvlərinin ya dost, ya düşmən mövqeyini ortaya qoymağa çağırışını, yumşaq desək, düzgün saymadı. İzah etdi ki, "Azərbaycan bizə dost və qardaş ölkədir, biz sizinlə KTMT-nin, Azərbaycanla isə MDB-nin üzvüyük. Ona görə də qarşıdurmaya yox, əməkdaşlığa köklənən mövqelərin sərgilənməsi vacibdir".
Serbiya Prezidenti isə Belqradda Azərbaycan Prezidentinin ağzından çıxan sözü bütün imzalanan sənədlərdən üstün saydığını dedi. Budur, Azərbaycan Prezidenti İlham Əliyevin nüfuzunu, etibarlı tərəfdaş, təmənnasız dost və sözünə sadiq lider kimi şəxsiyyətini sübut edən həmkar qiyməti.
Bahadur İMANQULİYEV,
Azərbaycan.-2022.- 30 noyabr.- S.6.