KTMT İrəvanın avantüralarını boykot edir
Azərbaycan Ermənistan istisna olmaqla, bu təşkilatın
digər üzv dövlətləri ilə
yaxın dost və etibarlı tərəfdaşdır
44 günlük müharibədə torpaqlarımızın azad edilməsi Azərbaycanın inkişafı və ordusunun döyüş qabiliyyətini artırması ilə yanaşı, digər istiqamətlərdə də atılan addımların, həyata keçirilən müxtəlif tədbirlərin məntiqi nəticəsidir. Bu sırada Ermənistanın bölgədəki inteqrasiya proseslərindən kənarda saxlanılması, bu ölkənin iqtisadi inkişafla bağlı bütün regional manevr imkanlarının tamamilə məhdudlaşdırılması Azərbaycanın hərbi qələbəsinə aparan yolda olduqca mühüm rol oynadı.
İşğalçını regionda
təcrid edən siyasət
Bu siyasətin təməli isə hələ Ulu Öndər Heydər Əliyev respublikamıza rəhbərliyi dövründə qoyulub, Prezident İlham Əliyev tərəfindən isə həyata keçirilməsi qətiyyətlə təmin edilib. Beləliklə, bu siyasətin nəticəsi olaraq Ermənistan regiondakı bütün iqtisadi layihələrdən təcrid olunmuş vəziyyətdə saxlanılıb.
Qeyd etmək lazımdır ki, Cənubi Qafqazdakı bütün iqtisadi layihələrin müəllifi Azərbaycandır. Bakı-Tbilisi-Ceyhan, "Cənub qaz dəhlizi", Bakı-Tbilisi-Qars kimi bu gün fəaliyyətdə olan kommunikasiya xətləri nəinki regional, qlobal əməkdaşlığın olduqca vacib həlqələridir. Azərbaycanın təşəbbüsü və moderatorluğu ilə ərsəyə gələn enerji layihələri nəinki ölkəmizin, Xəzər hövzəsinin digər dövlətlərinin də karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxarmağa qadirdir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti isə "Şərq-Qərb" nəqliyyat dəhlizinin mühüm elementi olmaqla Çindən Avropaya və əksinə yük daşımalarını daha da sürətləndirib.
Ən əsası isə bu layihələrin reallaşması artıq bir neçə ildir ki, Azərbaycanın inkişafına, yüksəlişinə xidmət edir. Məhz bu kommunikasiya vasitələrinin yaratdığı imkanlar ordumuzun döyüş qabiliyyətinin artırılması üçün ən modern hərbi islahatların həyata keçirilməsinə yol açdı ki, bu da Vətən müharibəsində zəfərimizi təmin etdi.
Eyni zamanda bu layihələrdən hər birindən tranzit dövlət olaraq Gürcüstan yararlanır. Bu layihələr üzrə əldə etdiyi dividendlər Gürcüstan iqtisadiyyatının inkişafında mühüm rol oynayır. O cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Gürcüstanın beynəlxalq daşımalarını tamamilə yeni keyfiyyət mərhələsinə yüksəldib. Bu layihələr üzrə əməkdaşlıq Azərbaycan-Gürcüstan münasibətlərini strateji səviyyəyə yüksəldib.
Hələlik Cənubi Qafqazda qeyd olunanlardan başqa iqtisadi inteqrasiya və əməkdaşlıq platformaları yoxdur. Bu layihələr regionda tərəfdaşlığı dərinləşdirib, yeni əməkdaşlıq imkanları yaradıb. Bu əməkdaşlığın subyektləri isə yalnız Azərbaycan və Gürcüstandır. Azərbaycanın Ermənistanı regionda təcrid siyasətinin nəticəsi olaraq ermənilər bu layihələrdən hər zaman kənarda qalıb.
Bütün bunlar Ermənistana mümkün xarici sərmayələrin də qarşısını alıb, işğalçı dövlətin qlobal dünyaya çıxışını kəsib. Nəticə etibarilə Ermənistan onilliklər ərzində yerində sayıb, olan-qalan iqtisadi imkanlarını da əlacsızlıqdan xarici idarəetməyə verib, sürətlə vassal dövlətə çevrilib.
KTMT-də Ermənistanın təxribatlarına uymurlar
Vətən müharibəsindən əvvəl Azərbaycan Ermənistanı həm də diplomatik sferada dalana dirəmiş, küncə sıxışdırmışdı. Hətta Prezident İlham Əliyevin müdrik diplomatiyasının nəticəsi olaraq Azərbaycan təmsil olunmadığı təşkilatlarda belə Ermənistanı pərt vəziyyətinə salıb. Xatırladaq ki, hələ 2020-ci ilin Tovuz döyüşləri zamanı geri otuzdurulan Ermənistan dərhal riyakarcasına Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatına müraciət etmişdi. Lakin KTMT Ermənistanın baş naziri Nikol Paşinyanın müraciətini cavabsız qoymuş, onu pərt vəziyyətinə salmışdı.
Vətən müharibəsindən, xüsusən "dəmir yumruğ"un son zərbəsindən sonra Ermənistan kənardan kömək umur, davamlı şəkildə müraciətlər ünvanlayaraq üzvü olduğu KTMT-ni prosesə cəlb etmək istəyir. Lakin KTMT-də Ermənistanın avantüralarını görür, təxribatlarına uymurlar.
N.Paşinyan həm də unudur ki, KTMT-dəki digər dövlətlərin hamısı Azərbaycanın yaxın dostları və etibarlı tərəfdaşlarıdır. İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət və şəxsi dostluq münasibətləri nəticəsində Ermənistan istisna olmaqla, KTMT üzvü olan dövlətlər Azərbaycanın həm də strateji tərəfdaşlarıdır. Ən mühümü odur ki, həmin dövlətlər Azərbaycanın haqlı mövqeyinə hər zaman dəstək ifadə ediblər.
KTMT-nin Paşinyanın müraciətlərini cavabsız qoyması da Azərbaycanın bu təşkilatın üzvləri ilə olan sıx münasibətləridir. Hansı ki bu münasibətlər Ermənistanı KTMT-dən də təcrid edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu təşkilatın bəzi üzvləri Ermənistanı elə günə qoydular ki, Ermənistanda bu günə qədər də bunu yaddan çıxara bilmirlər: "Hətta üzv olmadığımız təşkilatlarda da bizim dostlarımız az deyil və son illərin, ayların hadisələri onu bir daha göstərir. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı. Biz bu təşkilatın üzvü deyilik, Ermənistan bu təşkilatın üzvüdür və bu təşkilat xətti ilə Azərbaycana qarşı əsassız iddia qaldırmaq fikrində idi, faktiki olaraq bu təşkilata üzv olan ölkələri Azərbaycanla üz-üzə qoymaq istəyirdi. Bu, böyük təxribatdır və böyük cinayətdir. Ancaq bu təşkilatın digər üzvləri bu təxribata getmədilər. Bəziləri isə öz çıxışlarında Ermənistanı elə günə qoydular ki, Ermənistanda bu günə qədər də bunu yaddan çıxara bilmirlər".
Elə bütün bunlara görə Ermənistanın baş naziri N.Paşinyan KTMT sammiti çərçivəsində bu təşkilatın bəyannamə layihəsini və ölkəsinə yardım göstərilməsi üçün birgə tədbirlər haqqında layihəni imzalamaqdan imtina edib. Səbəb kimi Ermənistana yardım göstərilməsi ilə bağlı təqdim edilmiş sənədin layihəsinin kifayət qədər dəqiq işlənib hazırlanmadığını göstərsə də, bunun bəhanə olduğu gün kimi aydındır. Necə deyərlər, N.Paşinyan KTMT-dən küsüb.
Beləliklə, İlham Əliyevin diplomatiyası Azərbaycanın olmadığı masalarda belə Ermənistanı təcrid edir. İlham Əliyevin siyasəti nəticəsində Ermənistan KTMT-dəki müttəfiqləri tərəfindən də boykot edilir, pərt vəziyyətinə salınır.
Rəşad CƏFƏRLİ
Azərbaycan. - 2022.-26 noyabr.- S.10.