Paşinyan sülh
danışıqlarını pozur
Ermənistanın Makronun Brüssel görüşündə
iştirakını tələb etməsi sülh
danışıqlarına növbəti zərbədir
Dekabrın 7-də Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında nəzərdə tutulan görüş keçirilməyəcək. Bunun səbəbi Ermənistanın baş naziri Nikol Paşinyanın həmin görüşə yalnız Fransa Prezidenti Emmanuel Makronun da iştirak edəcəyi təqdirdə razılıq verəcəyi ilə bağlı açıqlaması olub.
Prezident İlham Əliyev Paşinyanın danışıqları pozmağa cəhd edən bu açıqlamasına cavab olaraq bildirib ki, Fransa sülh danışıqlarında iştirak edə bilməz: "Bu bizim deyil, onların günahıdır. Çünki heç vaxt nə ABŞ, nə də Rusiya rəsmi səviyyədə tərəfkeşlik etməyib. Bu o deməkdir ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik".
Etimadı itirmiş
Fransa vasitəçi
ola bilməz
Görünür, Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatından
əlini üzən Paşinyanın çarəsi
yalnız Makrona qalıb. Ermənistan bölgədə sülh və əmin-amanlığın bərpasında
maraqlı olmadığına
görə, görüşdə
vasitəçi kimi yalnız Avropa İttifaqının Prezidenti
Şarl Mişelin iştirakı ilə razılaşmır. Şarl Mişelin
tərəfsiz vasitəçiliyi
və bölgədə
sülh şəraitinin
formalaşmasına töhfə
cəhdləri rəsmi
İrəvanı qane
etmir. Azərbaycan dövləti isə
daim ermənipərəst
mövqe sərgiləyən,
saxta ittihamları ilə ölkəmizi təhdid etməyə cəhd göstərən
Fransanın sülh danışıqlarında iştirakını
haqlı olaraq qəbul etmir.
Fransa Parlamentinin
hər iki palatasının Azərbaycan
əleyhinə indiyədək
qəbul etdiyi qətnamələrdən sonra
bu ölkə Azərbaycanla Ermənistan
arasında münasibətlərin
normallaşması prosesində
vasitəçi ola bilməz. Milli Məclisin bununla bağlı yaydığı bəyanatda
da qeyd edilib
ki, Fransa Senatının və Milli Assambleyasının destruktiv və təxribatçı addımları
Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edir, sülh gündəliyinin həyata keçirilməsinə,
iki ölkə arasında münasibətlərin
normallaşmasına zərbə
vurur.
Nəzərə almaq lazımdır ki, Fransa Cənubi Qafqaz regionunun, eləcə də Avropanın təhlükəsizliyi
üçün təhdid
törətmiş, "dəmir
yumruq" əməliyyatı
nəticəsində artıq
tarixə qovuşmuş
Ermənistan-Azərbaycan münaqişəsinin
30 ilə yaxın müddətdə həll
edilməməsinin əsas
səbəbkarlarından olub.
Danışıqlar prosesində beynəlxalq
vasitəçi rolunu
oynamış Fransa bu illər ərzində
Ermənistanın işğalına
əsaslanan status-kvonu
qoruyub saxlamağa çalışıb. Ona görə
də Azərbaycan Avropa İttifaqının
vasitəçiliyi ilə
Brüsseldə indiyədək
keçirilmiş görüşlərin
heç birində iştirak etməyən Makronun növbəti görüşə qatılmasını
qəbul etmir və bunu sülh
danışıqlarını pozmaq cəhdi kimi dəyərləndirir.
Prezident İlham
Əliyev dövlətimizin
qətiyyətli mövqeyini
bir daha bəyan edib
Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib
ki, Paşinyan Azərbaycanla sülh sazişini imzalamamaq üçün əlindən
gələni edir:
"Onun bu məsələdə əsas
arxa-dayağı pərəstişkarı
olan Fransadır. Ermənistan iki ildir ki,
sülh müqaviləsini
imzalamamaq üçün
müxtəlif yollar axtarırdı. Nəhayət, Praqada baş tutan görüşdə
Paşinyan üçün
ümid yarandı.
Həmin
görüşdə Makron
da iştirak edirdi və görüşün nəticəsində
Avropa İttifaqının
müşahidə missiyasının
Ermənistana göndərilməsi
barədə razılığa
gəlinmişdi. Azərbaycan tərəfi
isə, əlbəttə
ki, bununla razılaşmadı, sadəcə
olaraq lazım bilinən çərçivədə
əməkdaşlığa hazır olduğunu bildirdi. Aydındır ki, Avropa İttifaqının müşahidə
missiyasının regiona
göndərilməsi, əslində,
münaqişənin tənzimlənməsi
prosesini sürətləndirmək
və yüngülləşdirmək
istiqamətində atılmış
addım deyildi. Bu, daha çox
geosiyasi qarşıdurma
elementi kimi qiymətləndirilə bilər.
Paşinyanın məqsədi də
belə vəziyyət
yaradaraq yekun sülh sazişini imzalamağa mane olmaq idi. Yəni Fransanın Praqadakı
görüşdə iştirakı
rəsmi İrəvanı
qane etmişdi".
Deputat bildirib ki, Fransa separatizmə
dəstək verir, qeyri-obyektiv olaraq Ermənistanı dəstəkləyir
və ölkəmizin
ərazisində talançılığa
aşkar şəkildə
rəvac verməyə
çalışır: "Bunun əksinə olaraq, əvvəlki Brüssel görüşlərində
Azərbaycanın haqlı
maraqlarının müdafiə
olunması və ölkəmizin başlatmış
olduğu sülh gündəliyi istiqamətində
işlərin icrası
Ermənistanı qorxudur.
Makronun görüşlərdə iştirakı
Ermənistana dəstək
elementi yaradır.
Ona görə də Paşinyan Fransanın iştirakında israrlıdır.
Azərbaycan isə ölkəmizə
qarşı əsassız
ittihamlar irəli sürən, senatında qərəzli qətnamələr
qəbul edən Fransanın prezidentinin görüşdə iştirakını
məqbul saymır.
Cənab
Prezident bu məsələ ilə bağlı mövqeyini dəfələrlə bəyan
edib. Azərbaycan yalnız ədalətli
sülhün formalaşacağı
prosesləri dəstəkləyir.
Biz bunun əksinə
olan bütün amillərin əleyhinəyik.
Prezident İlham Əliyev sonuncu çıxışında
da dövlətimizin mövqeyini kəsərli və qətiyyətli şəkildə bir daha bildirib".
Paşinyana Avropa İttifaqının obyektiv
yanaşması deyil, Fransanın ermənipərəst
mövqeyi sərf edir
Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, Ermənistanın bu gün belə
absurd tələb irəli
sürməsi qəbuledilməzdir:
"Azərbaycan görüşlərdə
hər zaman konstruktiv mövqe nümayiş etdirib. İndiyədək Brüsseldə Şarl
Mişelin vasitəçiliyi
ilə bir neçə görüş
keçirilib, sülh
danışıqları artıq
baş tutub və uğurla nəticələnib. Həmin görüşlərdə
müəyyən məsələlər
barədə ciddi razılığa gəlinib.
Yəni uğurla davam etdirilən görüşlər
üçün hansısa
şərt qoymaq nəyə lazımdır?!
Deməli, Ermənistan bir
daha sübut edir ki, bölgədə
gərginliyin davam etməsində və sülh vəziyyətinin formalaşmamasında maraqlıdır.
Bu mənada, Ermənistana
Avropa İttifaqının
obyektiv yanaşması
deyil, Fransanın, şəxsən Prezident
Emmanuel Makronun ermənipərəst mövqeyi
sərf edir".
Deputatın sözlərinə
görə, Fransa davamlı olaraq ölkəmiz əleyhinə
təbliğat aparır,
Ermənistanın reklam
kampaniyasına uyur:
"Ermənistanın böyük
bacısı bədnam
qətnamələr qəbul
etməklə, ölkəmiz
əleyhinə saxta ittihamlar səsləndirməklə
sülh danışıqlarına
qatıla bilməz. Bu ölkənin tərəfkeşliyi
və qərəzi açıq-aşkar ortadadır.
Belə olan halda, Azərbaycanın
Fransanın guya "sülh vasitəçisi"
qismində qatılacağı
görüşdə iştirak
edə bilməz.
Ermənistan ağlını başına yığmalı
və üzərinə
götürdüyü öhdəlikləri
yerinə yetirməlidir.
Cənab
Prezident görüşdə
iştirak etməyəcəyinin
səbəblərini də
açıq-aydın deyib.
Azərbaycan sülh danışıqlarına
əngəl yaratmaq niyyətində olan Ermənistanın havadarını
vasitəçi qismində
qəbul etmir".
Nəzrin QARDAŞXANOVA
Azərbaycan.- 2022.- 26 noyabr.- S.11.