İlham Əliyevdən Orta Dəhlizə Zəngəzur töhfəsi

 

Azərbaycan növbəti qlobal nəqliyyat-logistika layihəsinin aparıcı lokomotivinə çevrilir

 

"Azərbaycanın əlverişli coğrafi mövqedə, iki qitənin - Avropa və Asiyanın qovuşuğunda yerləşməsinin üstünlüyü, əlbəttə ki, bizə əlaqələrin qurulması məsələsində mühüm rol oynamaq imkanı verir".

Noyabrın 25-də ADA Universitetində "Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın son illərdə qlobal layihələrindən, təşəbbüslərindən və mühüm proqramlara verdiyi töhfələrdən söz açıb. ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərlərinin yer aldığı konfransda  İlham Əliyev bəyan edib ki, Azərbaycan Orta dəhlizin işinə fayda vermək üçün imkanlarını səfərbər edib.

Ümumiyyətlə, Cənubi Qafqazın lideri, Şərqlə Qərbin arasında körpü rolunu oynayan Azərbaycan geosiyasi mövqeyindən maksimum yararlanaraq, regionlararası nəqliyyat-logistika imkanlarının genişləndirilməsi prosesində fəal iştirak edir. İkinci Qarabağ müharibəsindəkı zəfərimizdən sonra Cənubi Qafqazda yaranan yeni reallıqları dəyərləndirən Prezident İlham Əliyev bu prosesə töhfə vermək üçün yeni-yeni qlobal təşəbbüslər irəli sürür. Bunlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır.

 "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq həm də "Cənub-Qərb" və "Şimal-Qərb" layihələri üzərində də aparan Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə Orta dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) daha səmərəli və etibarlı marşrut olmasına mühüm töhfə verə bilər.

Hazırda Orta dəhliz uzaq Çindən yüklərin Avropaya və Yaxın Şərqə daşınması üçün ən təhlükəsiz marşrutlardan hesab edilir. Bu marşrut Şimal dəhlizindən orta hesabla 2500 kilometr qısadır və dəmir yolu ilə səyahət müddətini yeddi-səkkiz günə azaltmaq potensialına malikdir. O həmçinin keçdiyi ölkələr arasında ticarətin inkişafına kömək etmək iqtidarındadır.

Bu dəhliz həm də tarixi Böyük İpək yolunun yenidən canlandırılmasını şərtləndirir. Çünki Orta dəhliz vasitəsi ilə yüklər Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və daha sonra Avropaya daşınacaq. Bu dəhlizin əhəmiyyətini artıran digər məsələ isə Rusiya-Ukrayna münaqişəsidir. Çünki Rusiya vasitəsilə Asiyadan Avropa Birliyi (Aİ) bazarlarına məhsulların tədarükündə problemlərin yaranması Orta dəhlizə olan marağı gücləndirir. Bu baxımdan dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb və Şərq arasında təbii körpü rolunu oynayan Azərbaycan üçünböyük əhəmiyyət daşıyır.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta dəhliz üzrə hərəkət edən blok qatarı yükləri orta hesabla 20-25 günə Çindən Avropaya çatdırır ki, bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biri sayılır. Layihənin əhəmiyyəti 2022-ci ildə Ukrayna-Rusiya münaqişəsindən sonra kəskin şəkildə artıb. Bunu iqtisadi göstəricilər də təsdiqləyir. Belə ki, 2022-ci ilin birinci rübündə bu istiqamət üzrə yükdaşımaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz artıb. İqtisadçı ekspertlər deyirlər ki, 2022-ci ildə Mərkəzi AsiyaQafqaz vasitəsilə tranzit yüklərin həcmi 2021-ci illə müqayisədə altı dəfə artaraq 3,2 milyon tona çata bilər. 

Noyabrın 25-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşündə də bu məsələyə toxunaraq bildirilib ki, 2022-ci ildə bu dəhlizlə daşınan malların həcminin keçən ilə nisbətdə 6 dəfə daha çox, yəni 3,2 milyon ton olması gözlənilir. Nazirin sözlərinə görə, beynəlxalq aktorlar da Orta dəhlizə daha çox maraq göstərir. "Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan və TANAP kimi layihələr strateji xarakter daşıyır. Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi yeni imkanlar yaratdı. Qarabağı dünyaya açan Füzuli və Zəngilan hava limanlarını açdıq", - deyə Mövlud Çavuşoğlu bildirib.

Xatırladaq ki, bu il oktyabrın 13-də Astanada səfərdə olan İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşündə də bu barədə fikirlərini səsləndirmişdi. Dövlət başçısı vurğulamışdı ki, Azərbaycan təkcə öz regionunda deyil, həm də daha geniş coğrafi miqyasda çox böyük rol oynayır. Bu gün isə gündəlikdə Orta dəhlizin inkişafı məsələsi durur: "Orta dəhlizin inkişafı ilə bağlı məsələlər zamanın hökmüdür. Yaxşı ki, həm Qazaxıstan, həm Azərbaycan buna hazır idi, çünki bizim ölkələrdə çox müasir nəqliyyat infrastrukturu yaradılıb ki, bu, çox böyük həcmdə yükləri artıq bu gün daşımağa imkan verir. Lakin düşünürəm ki, gələcək infrastruktur planlarımızın əlaqələndirilməsi zamanı biz Trans-Xəzər marşrutunun buraxılış qabiliyyətinin genişləndirilməsi üzrə bundan sonrakı işləri sinxronlaşdıra bilərik".

Göründüyü kimi, Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit yükləri təxminən 65 faiz artıb. Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir.

Əminliklə deyə bilərik ki, Azərbaycan Orta dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.- 26 noyabr.- S.11.