Strateji düşüncənin uğurları

 

Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü münasibətilə keçirilən mərasim və Azərbaycan Respublikasının Prezidenti, Partiyanın Sədri İlham Əliyevin bu tədbirdəki çıxışı son üç onilliyin inkişaf mənzərəsinin nəzərdən keçirilməsi, tarixi proseslərin obyektiv dəyərləndirilməsi baxımından əlamətdar oldu.

 

Özünü doğruldan inam 

 

Yeni Azərbaycan Partiyasının təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, əvvəl ölkə parlamentinin sədri, bir müddət sonra isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər Azərbaycanı üzləşdiyi bəlalardan xilas etdi. Ölkənin qarşısında duran kifayət qədər ciddi, ağır problemləri cəsarəti, zəkası, təcrübəsi, xalqın ona olan inamı və təbii ki, Yeni Azərbaycan Partiyası üzvlərinin fəal iştirakı ilə qısa zamanda yoluna qoydu. Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu proseslərinin uğurla aparılmasına şərait yaradan Konstitusiya qəbul olundu. Azərbaycan beynəlxalq aləmə inteqrasiya yolu tutdu, ermənilərin və onların havadarlarının ölkəmiz ətrafında qurduqları informasiya blokadası aradan qaldırıldı,  Azərbaycan həqiqətləri dünyaya çatdırıldı. "Əsrin müqaviləsi"nin imzalanması ilə müstəqil dövlətimizin gələcək inkişafı qarşısında geniş üfüqlər açıldı, regionun mənzərəsi müəyyənləşdirildi.

Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycanda demokratik dəyərlər bərqərar oldu, söz, ifadə azadlığı təmin edildi, dünyəvi dövlət prinsipləri öz yerini tutdu. Ölkəmizdə milli birlik möhkəmləndirildi, xarici ölkələrlə milli maraqlara uyğun, qarşılıqlı faydalara əsaslanan diplomatik münasibətlər quruldu, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlara üzv oldu. Ölkəmizdə nizami ordu yaradıldı və ordu quruculuğu prosesi ildən-ilə gücləndirildi. Həyata keçirilən inkişaf siyasəti sayəsində ölkədə sosial problemlər öz həllini tapdı, vətəndaşlarmızın maddi rifah halı yaxşılaşdı, işsizlik, yoxsulluq problemi tədricən aradan qaldırıldı. Faktiki olaraq 1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu  Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, Heydər Əliyev şəxsiyyətinə hörmətini, Ümummilli Liderin sözünə göstərdiyi inamını ifadə edərək bu siyasətin davam etdirilməsinə səs verdi. Xalqımız Ulu Öndərin mənəvi-siyasi irsinin layiqli davamçısı cənab İlham Əliyevi yekdilliklə Azərbaycan Respublikasının Prezidenti seçdi. "Mən 2003-cü ildə xalqa söz vermişdim ki, bu yoldan dönməyəcəyəm. Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu, Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdi ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davaminkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir. Biz iqtisadi islahatları dərinləşdirdik və son 19 ildə bu sahədə görülən işlər göz qabağındadır", - deyə Prezident İlham Əliyev  çıxında bəyan etdi.

 

Ulu Öndərin ən böyük arzusu

 

Məhz bu siyasətin ardıcıllığı, davamlı nailiyyətləri sayəsində Azərbaycan dövləti milli dövlətçilik tariximizin son bir neçə əsrdəki ən böyük zəfərinə qovuşdu. Torpaqlarımız işğaldan azad edildi. Azərbaycanda yaşayan  bütün xalqların nümayəndələri yumruq kimi birləşərək düşməni ərazilərimizdən qovdular. Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı dedi: "Biz bu hədəfə doğru gedirdik. Bizim yolumuz çox çəkdi. Ancaq elə gedib, elə nöqtə vurmalı idik ki, bu, birdəfəlik olsun... Xalqımız ordumuzla tam birləşdi. Ona görə də biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. Çünki xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində biz istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq, o cümlədən mənim. O vaxt Ulu Öndərin məzarını ziyarət etdim, ondan sonra şəhidlərin qəbrini ziyarət etdim. Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşa müjdəsini verdim. Ulu Öndərin məzarı önündə özümə dedim ki, bu vəsiyyət də, bu sonuncu vəsiyyət də yerinə yetirildi".

 

Ləyaqətli siyasət

 

Bu gün Azərbaycan dövləti azad yurdlarımızda, Qarabağda, Şərqi Zəngəzurda ölkəmizin öz imkanları hesabına genişmiqyaslı quruculuq-abadlıq tədbirlərini uğurla həyata keçirir. Ermənilərin işğal dövründə vandalcasına xaraba qoyduqları ərazilər yenidən cənnətə çevrilir. Eyni zamanda ölkəmiz ermənilər üzərindəki diplomatik zəfərini də möhkəmləndirir. Etibarlı tərəfdaş imicini real fəaliyyəti ilə hər zaman doğrultmuş Azərbaycana inanan, güvənən dost ölkələrin dəstəyi ilə beynəlxalq təşkilatlarda erməni təxribatlarının qarşısı mətanətlə alınır. Dövlətimiz apardığı ləyaqətli siyasətlə nüfuzunu daha da yüksəldir. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, Türk Dövlətləri Təşkilatında və digər qurumlarda uğurlu fəaliyyəti ilə beynəlxalq mövqelərini daha da gücləndirir. Hətta üzv olmadığı qurumlarda belə Azərbaycan haqlı mövqeyi, qazandığı etibar, sözünə də imzası qədər dəyər verməsi ilə hörmət görür. Azərbaycanın üzv olmadığı Frankofoniya təşkilatında baş verənlər bunun daha bir nümunəsi oldu. Bu qurumda Azərbaycana qarşı çirkin bir təxribat planlaşdırılırdı. "Bu təxribatın müəllifi Fransa idiFransa da Ermənistana indi himayədarlıq edir... Orada hazırlanmış qətnamənin ilkin variantı sırf anti-Azərbaycan tezislər üzərində qurulmuşdur və həqiqətə tam zidd idi", - deyə Prezident İlham Əliyev yada saldı. "Frankofoniya təşkilatında olan dostlarımızın, - onları biz yaxşı tanıyırıq və onlar da, sözün əsl mənasında, dostlarımızdır, - səyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı. Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilməmişdir. Yəni bu onu göstərir ki, bizim beynəlxalq təşkilatlardakı nüfuzumuz və beynəlxalq müstəvidə apardığımız siyasət təqdir edilir. Çünki biz hər bir işə hər zaman məsuliyyətlə yanaşırıq. Bizim sözümüzlə imzamız arasında heç bir fərq yoxdur".

Bu gün cəmiyyət həyatının ən müxtəlif sahələrində islahatlar uğurla davam etdirilir, inkişaf dəyişiklikləri baş verir, vətəndaşların həyat səviyyəsi daha da yüksəlir, yaşayış  standartları yenilənir. Azərbaycan heç kimdən asılı olmayan tam müstəqil ölkə kimi bu gününü və gələcəyini qurur. Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısı, regionun əsas enerji-kommunikasiya mərkəzi kimi qlobal proseslərə əhəmiyyətli təsir imkanlarını genişləndirir. 

Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf yolunun uğurları, dövlətçilik dəyərlərinin  nailiyyətləridir. Bu böyük dövlət adamının ən qiymətli mirası bu gün getdikcə inkişaf edən, güclənən müstəqil Azərbaycan dövlətidir. Prezident İlham Əliyevin liderliyi, aparılan siyasətə ümumxalq dəstəyi və Yeni Azərbaycan Partiyasının da fəal iştirakı ilə dövlətimiz daha da inkişaf edir, böyük hədəflərə, işıqlı amallara doğru əzmlə irəliləyir.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2022.-26 noyabr.- S.12.