İlham Əliyevin qlobal barış missiyası

 

Azərbaycan Prezidenti münasibətləri gərgin olan dövlətləri yaxınlaşdırır, müttəfiqə çevirir

 

Azərbaycanın dünyada etibarlı tərəfdaş, Prezident İlham Əliyevin beynəlxalq arenada söz sahibi və güvənilən şəxs olması danılmaz həqiqətdir. Bütün bu nailiyyətlər isə heç şübhəsiz İlham Əliyevin ötən 19 il ərzində Azərbaycanda yürütdüyü hərtərəfli inkişaf strategiyasından yaranıb.

Bununla bağlı noyabrın 25-də Bakıda "Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfrans zamanı İlham Əliyev bildirib ki, indi Azərbaycanın beynəlxalq arenada oynadığı rol,  həmçinin bizim daxili siyasətimiz sayəsində əmələ gəlmişdir. "Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması - bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb", - deyə İlham Əliyev qeyd edib.

 

Sülhdostluq siyasəti

 

O da reallıqdır ki, İlham Əliyev vaxtilə münasibətləri kəskinləşən ölkələr arasında vasitəçilik etməklə, tarixi barışdırıcılıq missiyası həyata keçirib. Bunu Rusiya və Türkiyənin timsalında açıq-aydın görmək mümkündür. Bir müddət əvvələ qədər siyasi əlaqələri korlanmış, hətta müharibə səviyyəsinə qədər gəlmiş Türkiyə və Rusiya məhz Azərbaycanın hər iki ölkə arasında uğurlu vasitəçiliyi sayəsində bir çox sahələrdə, xüsusilə də geosiyasi maraqların təmini platformasında eyni mövqedə dayanıblar.

Hələ 2016-cı ildə Rusiyada səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya ilə münasibətlərin normallaşmasında Azərbaycan Prezidenti İlham Əliyevin rolunu xüsusi vurğulamışdı. Eləcə də Azərbaycan tərəfi hər zaman Türkiyənin Rusiya ilə münasibətlərinin gərginləşməsindən narahatlığını ifadə etmişdi. Çünki bu iki güclü ölkənin münasibətlərinin normal olmaması bölgədə sülh və əməkdaşlığa birbaşa mənfi təsir göstərirdi.

Vaxtilə siyasi münasibətləri heç də yaxşı olmayan, hətta zaman-zaman gərginləşən Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasında da ölkəmizin rolu əvəzsizdir. İlham Əliyevin şəxsi səyləri nəticəsində bu gün Türkiyə və İsrail arasında əlaqələr normallaşıb. Bu ilin avqustun 17-də Türkiyə və İsrail diplomatik münasibətləri bərpa edərək, qarşılıqlı səfir təyin etmək qərarına gəliblər. Yaxın Şərqdə söz sahibi olan bu iki ölkənin münasibətlərinin tənzimlənməsi regiona sülhsabitlik vəd edir. Həm Türkiyə, həm də İsraillə yüksək səviyyədə əlaqələri olan Azərbaycan üçünbu iki ölkənin münasibətlərinin normallaşması mühüm əhəmiyyət kəsb edirdi.

"Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfrans zamanı da İlham Əliyev bildirdi ki, "Bilirsiniz ki, Azərbaycan Türkiyə və İsrail arasında münasibətlərin normallaşmasında rol oynayıb".

Dövlət başçısı vurğuladı ki, Azərbaycan, həmçinin Türkiyə ilə bəzi ərəb ölkələri arasında münasibətlərin normallaşmasında rol oynayıbdır: "Biz bunu borcumuzun bir hissəsi hesab edirik. Çünki əgər belə əlaqələrimiz varsa, biz dostlarımızın öz aralarında dost olmağını istəyirik. Bu, həqiqətən də təhlükəsizliyi, sabitliyi gücləndirmək və iqtisadi faydaları artırmaq üçün əlavə imkanlar yaradır. Düşünürəm ki, indi Avrasiya regionunun daha böyük hissəsində siyasi əməkdaşlıq formatları konfiqurasiyasının müsbət məcrada getdiyini görürük".

Eləcə də Azərbaycan türk dövlətlərinin, Qoşulmama Hərəkatına üzv dövlətlərin bir-biri ilə qarşılıqlı əlaqələrinin inkişafında mühüm xidmətlər göstərib.

 

Avropada ən populyar şəxs

 

"Biz Prezident İlham Əliyevin sözünə inanırıq, onun sözü imzasına bərabərdir" - bu sözləri noyabrın 23-də Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevlə birgə Belqradda keçirilən mətbuat konfransında səsləndirdi. Serbiyalı Prezident mətbuata bəyanatında onu da xüsusi vurğuladı ki, İlham Əliyev bu gün Avropada ən populyar şəxsdir: "Avropada necə dəyişikliklərin baş verməsi inanılmazdır. Adətən, onlar onun üçün vaxt tapa bilmirdilər, indi isə bütün vaxtlarını ona ayırırlar, çünki onların Azərbaycan qazına və Azərbaycanın təklif edə biləcəyi hər şeyə ehtiyacları olduğundan o, orada çox sevilir. Lakin mən bilirəm ki, o, ağıllı insandır, hər şeyi görür, hər şeyi başa düşür, düzünü desəm, mən bir az paxıllıq edirəm".

Göründüyü kimi, gün Azərbaycan dünyada qlobal problemlərin həllində aktiv iştirak edən, bu problemlərin aradan qaldırılmasına dəstək verən ən fəal ölkələrdəndir. Ölkəmiz hər zaman münaqişələrin, qarşıdurmaların aradan qaldırılması üçün çalışır. Azərbaycan Prezidentinin bu barışdırıcı missiyasının uğurla nəticələnməsi isə həmin ölkələrin, onların liderlərinin İlham Əliyev şəxsinə olan yüksək etimadından, güvənindən, inamından doğur.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2022.- 29 noyabr.- S.4.