Ermənistan yenə sülhə qarşı çıxır

 

Nikol Paşinyanın əl atdığı köhnə taktikanın sonu Vətən müharibəsindən yaxşı məlumdur

 

Dekabrın 7-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti üçtərəfli görüşü nəzərdə tutulurdu. Hətta siyasi ekspertlər bu görüşün iki ölkə arasında normallaşmaya, sülh müqaviləsinin bağlanmasına gətirib çıxaracaq ümidverici nəticələrinin olacağı barədə hələ bir müddət əvvəldən proqnozlar da vermişdilər.

Amma növbəti Brüssel görüşündən yayınmaq, dolayısı ilə sülh danışıqlarını pozmaq üçün Ermənistan yenə də məkrli bir oyuna əl atdı. Belə ki, sözügedən danışıqlara çox qısa müddət qalmış Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel görüşündə Makronun iştirak etməsi tələbini irəli sürdü.

 

Fransa sülh danışıqlarında iştirak edə bilməz

 

Noyabrın 25-də Bakıda keçirilən "Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyev də çıxışında söylədi ki, Fransa senatı tamamilə təhqiredici məlum qətnamə qəbul edib:  "Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul etməsi də gözlənilir. Bunun ardınca Fransanın Frankofoniya Sammiti vasitəsilə bizə qarşı hücum cəhdi oldu. Bu qəbuledilməzdir, çünki Frankofoniya humanitar təsisatdır".

Dövlət başçısı bildirdi ki, bütün bunlara görə Fransa sülh danışıqlarında iştirak edə bilməz: "Bu bizim deyil, onların günahıdır. Çünki heç vaxt nə ABŞ, nə də Rusiya rəsmi səviyyədə tərəfkeşlik etməyib. Bu o deməkdir ki, 7 dekabr görüşü baş tutmayacaqbiz digər alternativləri nəzərdən keçirəcəyik".

Paşinyanın Brüssel görüşündə Makronun iştirak etməsi tələbini irəli sürməsi sülh danışıqlarını pozmaq kimi məkrli cəhdin təcəssümüdür.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, 2019-cu ildə Paşinyan "Qarabağ Ermənistandır, nöqtə" deməklə, o zaman İrəvanın əsl niyyətini ifadə edərək danışıqların, əslində, mənasız olduğunu, Ermənistanın işğal etdiyi torpaqlardan könüllü formada heç vaxt çıxmayacağını ortaya qoydu: "Proseslərin sonrakı mərhələsində isə nələr oldu, hər kəsə bəllidir, Prezident İlham Əliyev məhz həmin Paşinyanı diz çökdürüb kapitulyasiya aktını imzalamağa məcbur etdi. O zaman Paşinyanı cürətləndirən güclərin heç biri Ermənistanı biabırçı və şərəfsiz məğlubiyyətdən xilas edə bilmədi".

Deputat vurğulayıb ki, müharibədən sonra Azərbaycanın "dəmir yumruğu"nun xofu ilə Paşinyan öhdəliklərini icra edərək Ağdam, Laçın və Kəlbəcəri sakitcə təhvil versə də, Fransa, İran kimi dövlətlərdən, o cümlədən, Rusiya Müdafiə Nazirliyinin bəzi özfəaliyyət qruplarından aldıqları dəstək hesabına yenidən radikallaşmağa başladı: "Bu ilin dekabrın 7-də planlaşdırılan görüş üçün yalnız Fransa prezidenti Emmanuel Makronla birgə iştirak edə biləcəyi şərtini qoyması isə, əslində, mahiyyətcə Paşinyanın 2019-cu ilin yayındakı təcavüzkar ritorikasının davamıdır. Ermənistanın baş naziri bu şərti irəli sürməklə faktiki olaraq danışıqları bloklamış olur. Çünki hər kəsə, o cümlədən də Paşinyana aydındır ki, MakronFransa 30 illik münaqişə və ikiillik postmünaqişə dövründə birmənalı olaraq Ermənistanın mənafelərindən çıxış ediblər".

 

Bölgədə yeni gərginlik erməni dövlətçiliyinin sonu olacaq

 

Deputat qeyd edib ki, buna baxmayaraq, Azərbaycan Prezidenti bir neçə dəfə Makronun danışıqlarda iştirakına imkan yaradıb. Amma Praqa görüşündən sonra Makronun dövlət başçısı statusuna sığışmayan mövqe nümayiş etdirməsi, Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq təcavüzkar nitqi Fransa liderinin gələcək görüşlərdə iştirak perspektivini mümkünsüz edir. Paşinyan yaxşı anlayır ki,  Fransa senatının qəbul etdiyi, Fransa Milli Assambleyasının isə qəbul etməsi gözlənilən, əslində, siyasi iyrənclik olan anti-Azərbaycan qətnaməsindən, habelə Frankofoniya Sammitində Azərbaycana qarşı hücum cəhdindən sonra Paris sülh danışıqlarında hər hansı bir formada vasitəçilik və iştirak edə bilməz".

Deputat vurğulayıb ki, Ermənistan tərəfindən məhz danışıqları bloklamaq, Fransa və İranın dəstəyi ilə  qlobal müstəvidə anti-Azərbaycan ritorikası formalaşdırmaq, hətta müharibəni yenidən başlamaq kimi təhlükəli və riyakar tendensiyalar müşahidə edilir. Amma hər kəs anlamalıdır ki, bölgədə yeni bir gərginlik erməni dövlətçiliyinin sonu olacaqheç bir qüvvə, heç bir təşkilat Azərbaycanın növbəti mütləq qələbəsinə, eləcə də tarixi ədalətin bərpasına mane ola bilməyəcək.

"Bu gün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında istənilən təhdidə qarşı birlik, bərabərlik nümayiş etdirərək və bir yumruq olaraq maraq və mənafelərimizi qorumağa hazırdır", - deyən B.Məhərrəmov qeyd edib ki, bütövlükdə regionda əməliyyat şəraitinə nəzarət edən Azərbaycan Silahlı Qüvvələri qarşısına qoyulanqoyulacaq bütün tapşırıqları yerinə yetirməyə qadirdir: "Cənab Prezidentin Şuşadan da bəyan etdiyi kimi, erməni xalqı başa düşməlidir ki, onlar istifadə olunurlarheç kim onların əvəzinə güclü Azərbaycan Ordusu ilə döyüşməyəcək. Ermənilərin öz döyüşçülərinin güc və imkanlarına isə minlərlə fərari fonunda 44 günlük savaşda hər kəs şahid oldu".

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2022.- 29 noyabr.- S.5.