Ulu Öndərin yaratdığı BDÖZ…
Bu zavod olmasaydı, indiki
neft-qaz layihələri illərlə ləngiyər,
xərclər artardı
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu ( BDÖZ) ... Ulu Öndərin Azərbaycan üçün gördüyü taleyüklü misilsiz işlərdən bəhs olunanda bu müəssisə də yada düşür. Ümummilli Liderin miqyasının sözlə ifadə edilməsi çətin olan böyük xidmətləri sırasında bəlkə də bir zavodun yaradılması çox kiçik görünə bilər. Lakin bu, sıradan bir müəssisə deyil. Prezident İlham Əliyevin təbirincə desək: "Bu zavod elə-belə zavod deyil, onun yaradılması da tarixi hadisədir".
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövrü respublikanın neft-qaz sahəsinin də yüksək inkişafı ilə səciyyələnir. Təkcə onu qeyd etmək kifayətdir ki, 1970-1980-ci illərdə Heydər Əliyevin təşəbbüsü və böyük səyi nəticəsində respublikaya neft sənayesinin inkişafına təkan verən 75 növdə 400-dən çox ağır yük qaldıran, boruçəkən, seysmik gəmilər, sərnişin gəmiləri gətirildi. "Azərbaycan" kran gəmisinin, "Xəzər" tipli özüqalxan, sonralar isə dənizin 200 metr dərinliyindəki sahələrdə işləməyə qadir olan "Şelf" tipli yarımdalma üzən qazma qurğularının alınması daha dərinliklərdə zəngin neft və qaz yataqlarının kəşfinə imkan yaratdı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yatağı kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1971-ci ildə Ulu Öndərin iştirakı ilə Azərbaycanda 1 milyardıncı ton neftin hasilatı təntənəli şəkildə qeyd edildi.
Bu dövrdə Azərbaycanın neft-qaz sənayesində baş verən ən mühüm hadisələrdən biri də məhz BDÖZ-ün tikilməsi idi. Həmin zavodun inşası keçmiş SSRİ-nin başqa bir şəhərində nəzərdə tutulmuşdu. O zaman Azərbaycana rəhbərlik edən Heydər Əliyevin uzaqgörənliyi, gərgin mübarizəsi, siyasi nüfuzu sayəsində belə nadir bir müəssisənin Bakıda tikilməsi mümkün oldu.
BDÖZ uzun illərdir ölkəmizin iqtisadi inkişafına böyük töhfələr verir. Prezident İlham Əliyevin 2004-cü il martın 10-da imzaladığı "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" fərmanı ilə BDÖZ-ə öz yaradıcısının - Ulu Öndərin adı verilib. Müəssisə bu adı şərəflə daşıyır.
Əvvəlcədən nəzərdə tutulduğu kimi, BDÖZ nəinki Xəzər dənizi regionunda, həmçinin keçmiş sovetlər birliyinin digər hövzələrinin şelflərində də özüllərin və platformaların tikintisini təmin etməli idi. Zavodun inşa edilməsinə 1978-ci ildə başlandı. Onun əsas texnoloji avadanlıq və yükqaldırma mexanizmləri ilə təchiz olunmasında ETPM fransız firması və "Demaq" Almaniya şirkəti iştirak etdilər.
BDÖZ tikildikcə ətrafında müvafiq infrastruktur yaradılırdı. Beləliklə, Sahil qəsəbəsində yaşayış evləri, uşaq bağçaları, məktəblər, texniki peşə məktəbləri və ticarət obyektləri inşa edildi. 1984-cü ilin aprel ayında zavod ildə 60 min ton metal konstruksiyaları istehsal etməklə layihə gücü ilə işləməyə başladı. 1985-ci ildə dərin özüllü platforma üçün birinci dayaq bloku BDÖZ-ün yanalma körpüsündən daşıma gəmisinə yüklənərək daimi nöqtəsinə göndərildi və orada quraşdırıldı. Ümumiyyətlə, o vaxt müəssisənin istehsal gücü çərçivəsində bir sıra məmulat növlərinin buraxılışı nəzərdə tutulmuşdu ki, bunlar 25 min tonluq dəniz stasionar platformalarının dayaq hissələri, 30 min tonluq payalar, 5 min tonluq göyərtələr idi.
1987-ci ildə BDÖZ-ün əsasında "Şelflayihətikinti" İstehsalat Birliyi təşkil olundu. İstehsalat birliyinin təyinatı Xəzər dənizinin şelf zonasında neft və qazın kəşfiyyatının başa çatdırılması və hasilatı üçün dərin dəniz platformalarının dayaq hissələrinin hazırlanması idi. Strukturun tərkibinə BDÖZ-dən başqa, bir neçə tikinti-quraşdırma, nəqliyyat, energetika idarəsi, təsərrüfat və ticarət müəssisələri daxil edildi.
2003-cü il yanvarın 24-də Ulu Öndər Heydər Əliyevin fərmanı ilə müəssisəyə keçmiş adının qaytarılması hamının ürəyincə oldu. Birliyin idarə və müəssisələri isə sex kimi BDÖZ-ün tərkibinə daxil edildi.
Qısaca ifadə etsək, bu zavod Azərbaycanın enerji sektorunun gələcəyinə qoyulmuş nəhəng bir sərmayə idi. Getdikcə müəssisə dənizin 200 metr dərinliyində yerləşən yataqlardan neft çıxarılması üçün zəruri olan konstruksiyaların istehsalı üzrə unikal imkanlara sahib oldu. Zavodun mövcudluğu "Əsrin müqaviləsi"nin bağlanması üçün təməl yaratdı və bu da Azərbaycanın iqtisadi inkişafını bir çox illər öncədən müəyyənləşdirdi. "Əsrin müqaviləsi" imzalanmazdan əvvəl burada artıq dənizin 100-163 metrədək dərinliyindən neft və qaz çıxarmaq üçün 11 stasionar platforma quraşdırılmışdı. 1995-ci ildən BDÖZ beynəlxalq enerji bazarının nəhənglərindən olan "British Petroleum" (bp), "Petrofac", "McDermott", "Caspian Shipyard Company" LTD, "Star Gulf FZCO" şirkətləri ilə əməkdaşlığa başlayaraq iş keyfiyyətini yeni səviyyəyə qaldırdı.
BDÖZ-ün güclü istehsalat qabiliyyəti "BOS Şelf" şirkətinin gələcək uğurlarının əsas amillərindən oldu. Zavodun infrastrukturundan istifadə etməklə "BOS Şelf" iri layihələrin həyata keçirilməsinə başladı. BDÖZ-ün operatoruna çevrildikdən sonra "BOS Şelf" zavodda yenidənqurma işlərinə start verdi. SOCAR-ın "BOS Şelf" şirkətinin idarəetməsi altında zavod tədricən təkcə Azərbaycanın deyil, həm də bütün Xəzər hövzəsi ölkələrinin ən iri tikinti-quraşdırma müəssisəsinə çevrilməkdədir. Burada Azərbaycan vətəndaşları ilə yanaşı çalışan xarici mütəxəssislərdən dəfələrlə eşitmişik ki, BDÖZ-ün möhtəşəmliyi onları heyrətə gətirir və belə müəssisələrə əvvəllər işlədikləri ölkələrdə tək-tək hallarda rast gəliblər.
Xatırladaq ki, hazırda "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarında istismar olunan platformaların bir çox ən vacib hissələri bu müəssisədə tikilib. Zavod işlənməkdə olan digər yataqlarımız üçün də genişmiqyaslı tikinti-quraşdırma işləri həyata keçirib və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Tikdiyi ən müasir platfomalarla bahəm BDÖZ özü də müasirləşir və təkmilləşir. Görülən işlərə müvafiq olaraq müəssisənin infrastrukturu genişləndirilir, modernləşdirilir.
2003-cü il noyabrın 24-də Prezident İlham Əliyev BDÖZ-ün 25 illik yubileyi münasibətilə düzənlənən tədbirin sonunda jurnalistlərin suallarını cavablandırarkən zavodun tarixini bir daha xatırladı, əhəmiyyətini vurğuladı: "Bu zavod elə-belə zavod deyil, onun yaradılması da tarixi hadisədir. Burada deyildi, əgər 25 il əvvəl bu zavod Azərbaycanda tikilməsəydi, bəlkə də bu layihələr belə uğurla həyata keçirilməzdi. İlk növbədə burada görülən işlərin sürəti azaldılacaqdı, yeddi il yubanma ola bilərdi. Ümumi xərclər 700 milyon dollar arta bilərdi. Əlbəttə, zavodun Azərbaycanda tikilməsi məhz o vaxt Heydər Əliyevin fəaliyyəti nəticəsində olubdur. O vaxt mərkəzi hökumət bu zavodu Həştərxan şəhərində tikmək qərarına gəlmişdi. Amma Heydər Əliyevin müdaxiləsindən sonra zavod Azərbaycanda tikildi. Bu gün burada 3500 azərbaycanlı işləyir, yüksək maaş alır... Neft sektoru uğurla inkişaf edir. Neft sektorunda əldə olunan nəticələr ancaq cənab Prezident Heydər Əliyevin adı ilə bağlıdır. Əgər o, gərgin vaxtlarda təşəbbüs, qətiyyət göstərməsəydi, bu layihələr elə layihə olaraq qalacaqdı".
Azərbaycanın keçdiyi böyük inkişaf yolunda Heydər Əliyev adına BDÖZ ölkəmizlə qoşa addımlayır, böyük nailiyyətlərə imza atır. Zavodun fəaliyyəti daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət başçısı dəfələrlə müəssisədə olub, yeni layihələrə xeyir-dua verib, görülən işlərlə, burada çalışanların əməkhaqqı, dolanışığı ilə maraqlanıb.
Təkcə 2020-ci ildə Prezident İlham Əliyev yeni layihələrlə bağlı iki dəfə müəssisədə olub. Belə ki, 2020-ci il avqustun 10-da BDÖZ-də Prezidentin iştirakı ilə SOCAR-ın "BOS Şelf" şirkəti tərəfindən tikilmiş, "Qarabağ" yatağı üçün nəzərdə tutulmuş dayaq blokunun dənizə yola salınmasına start verildi. Həmin il sentyabrın 19-da dövlət başçısı zavodda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak etdi. Hazırda zavodda "Azəri-Çıraq-Günəşli" yataqlarının tammiqyaslı işlənməsi layihəsinin 2050-ci ilədək uzadılması sazişi çərçivəsində tikilən "Azəri Mərkəzi Şərqi" (ACE) platforması ilə bağlı işlər də aparılır.
Ulu Öndərin əvəzsiz yadigarlarından biridir BDÖZ. Azərbaycanın həyatında və tarixində onun öz yeri var! Prezident İlham Əliyevin dediyi kimi: "Bu zavod hələ uzun-uzun illər işləyəcək, Azərbaycan üçün, bölgə üçün, region üçün çox mühüm işlər görəcəkdir!" Və bu işlər bəhrə verdikcə Ulu Öndər hər zaman, dönə-dönə xatırlanacaq.
Flora SADIQLI
Azərbaycan.- 2022.- 1 oktyabr.- S.6.