Memorandum Şuşa və Veliko
Tırnovo şəhərlərinin əlaqələrini daha da möhkəmləndirəcək
Azərbaycanın Şuşa şəhəri ilə Bolqarıstanın Veliko Tırnovo şəhəri arasında qardaşlaşma haqqında Anlaşma Memorandumu hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edən, həm mədəni, həm də tarixi baxımdan iki şəhərin – Şuşanın və Veliko Tırnovo şəhərlərinin qardaşlaşmasını özündə ehtiva edir. Ənənəvi olaraq bu cür qardaşlaşma sazişlərində mədəni, elmi, eyni zamanda, digər sahələrdə əməkdaşlığın, qarşılıqlı layihələrin dəstəklənməsi nəzərdə tutulur. Bilirsiniz ki, Şuşa və Veliko Tırnovo şəhərləri vaxtilə tarixi və siyasi mərkəz rolunu oynayıb.
Şuşa şəhəri işğaldan azad olunduqdan sonra artıq bir neçə türkdilli dövlətlərin şəhərləri ilə qardaşlaşma memorandumu imzalanıb. Lakin Veliko Tırnovo Avropa İttifaqı şəhərləri arasında birincidir. Düşünürəm ki, bu da çox əhəmiyyətli bir məqamdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qardaşlaşma haqqında Anlaşma Memorandumunun imzalanma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Memorandumun imzalanmasının çox böyük rəmzi məna daşıdığını vurğulayan A.Kərimov bildirib: “İnanıram ki, bu Memorandumun imzalanması ilə hər iki şəhərin əlaqələri daha da möhkəmlənəcək. Eyni zamanda, bu Memorandum xalqlarımız arasında münasibətlərin inkişafına öz töhfəsini verəcək. Şuşa şəhəri indi bərpa və quruculuq mərhələsindədir. İstərdik ki, Şuşa şəhəri beynəlxalq təcrübəyə əsaslanaraq tarixi abidələrin bərpası, mədəni irsin qorunması sahəsində tərəfdaşlarla, ilk növbədə, qardaşlaşmış şəhərlərlə əlaqələrini daha da sıx inkişaf etdirsin”.
Azərbaycan.- 2022.-1 oktyabr.- S.4.