Belçika Azərbaycan Evində anım guşəsi yaradılıb

 

Brüssel şəhərində fəaliyyət göstərən Belçika Azərbaycan Evində 27 Sentyabr – Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidləri yad edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Belçika Azərbaycanlıları Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Evində yaradılan anım guşəsinə torpaqlarımızın erməni işğalından azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, üçrəngli Bayrağımızın işğaldan azad edilmiş Qarabağda yenidən ucaldılması naminə canlarından keçmiş şəhidlərimizin xatirəsinə gül çələngi qoyulub, tər çiçəklər düzülüborada şamlar yandırılıb.

Belçika Azərbaycan Evini ziyarət edənlərə iki il əvvəl qəsbkar Ermənistanın genişmiqyaslı hücumu nəticəsində Vətən müharibəsinin başlandığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun beynəlxalq hüquq normalarına uyğun olaraq torpaqlarımızı işğaldan azad etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması barədə ətraflı məlumat verilib.

 

Azərbaycan.- 2022.-1 oktyabr.- S.8.