DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Silahlı Qüvvələrin mayoru şəhid Natiq İsmayılovun ailəsini ziyarət edib

 

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Pərvinə İsmayılova 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin mayoru Natiq İsmayılovun ailəsini ziyarət edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Hərbi Akademiyanın məzunu olan Natiq İsmayılov 2016-cı ilin Aprel döyüşləri zamanı və 44 günlük Vətən müharibəsində misilsiz xidmətlər göstərib. Mayor 2020-ci il oktyabrın 17-də Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Natiq İsmayılov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Görüşdə bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən hər bir Vətən övladının xatirəsi hamımız üçün əzizdir. Elə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin də fəaliyyət istiqamətlərindən biri müharibə veteranları, əlilliyi olan şəxslər və şəhid ailələrinə xidmətlə bağlıdır. Şəhid mayor Natiq İsmayılovun iki övladı mərkəzdə müxtəlif yaradıcılıq istiqamətləri üzrə bir neçə təlimə cəlb edilib. Onlar bütün fədakar Vətən övladlarının dəyərli əmanətləri kimi diqqət və qayğı ilə əhatə olunurlar.

 

Azərbaycan.- 2022.-1 oktyabr.- S.8.