Azərbaycan qlobal
məsələlərdə ciddi təsir
gücünə malikdir
Ölkəmizin Avropada
nüfuzu daha da yüksəlir
Qlobal proseslərin fəal iştirakçılarından biri kimi Azərbaycan beynəlxalq aləmdə əsas söz sahibinə çevrilir. Ölkəmizin uzun illər ərzində formalaşdırdığı etibarlı tərəfdaş imici, eləcə də yaratdığı faydalar respublikamızla əlaqələrin daha da sıxlaşmasına marağı artırır.
Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin qorunması hazırda müasir Azərbaycanın gerçəkliklərini təşkil edir.
Bütün bu nailiyyətlərin əsasında təbii ki, güclü lider fenomeni dayanır. Dövlət rəhbərimizin məsələlərə baxışının, bu günün və gələcəyin inkişaf meyillərini dəqiqliklə duya bilmək qabiliyyətinin, prinsiplərinə sadiqliyinin, ölkəmizin milli maraqlarına xidmət edən təşəbbüslərə açıqlığının, ən əsası isə beynəlxalq miqyasda Prezident İlham Əliyev şəxsiyyətinə olan böyük inamın mühüm rolu var.
Sözünə də imzası qədər dəyər verdiyini hər dəfə bəyan edən Azərbaycan Prezidenti üçün bunlar, sadəcə, vədlər deyil, son onilliklərdə tarixin sərt sınaqlarından çıxmış həqiqətlərdir. Eyni zamanda yeni tariximiz dövlət başçımızın irəli sürdüyü proqnozların, müəllifi olduğu qlobal təşəbbüslərin, mövcud reallıqlarla bağlı dəqiq qiymətləndirmələrinin zamanla necə özünü doğrultduğunu dəfələrlə sübuta yetirib. Ona görə də beynəlxalq tərəfdaşlar, xarici ölkələrin dövlət rəhbərləri əmindirlər ki, Prezident İlham Əliyevə istənilən məsələdə inanıb güvənmək, Azərbaycanla əməkdaşlıqdan yalnız böyük qarşılıqlı faydalar götürmək olar. Bu baxımdan, dövlətimizin rəhbərinin xarici ölkələrə səfərləri də Azərbaycanın xarici əlaqələrinin inkişafı və beynəlxalq tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Çünki siyasət, diplomatiya hər nə qədər spesifik fəaliyyət sahəsi sayılsa da, onun da təməlində məhz alicənablıq, sözübütövlük, insani münasibətlər, prinsiplərə sadiqlik dayanır. Prezident İlham Əliyev bütün xarici səfərlərində ölkə rəhbərlərinin yüksək hörmətlə qarşıladığı, iştirak etdiyi beynəlxalq tədbirlərdə çıxışları, bəyanatları xüsusi diqqətlə izlənilən qlobal nüfuzlu liderdir.
Azərbaycan Prezidentinin bu günlərdə Bolqarıstana rəsmi səfəri, həmin ölkənin rəhbərliyi, biznes dairələri ilə keçirdiyi görüşlər, Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı, eləcə də toplantıda iştirak üçün Bolqarıstan paytaxtında qonaq olan Yunanıstan və Rumıniya baş nazirləri ilə apardığı müzakirələr bunun daha bir təcəssümü oldu.
Strateji əməkdaşlıq: Avropada ən çox arzuolunan şəxs
Azərbaycanla Bolqarıstan arasında 30 ildir ki, diplomatik əlaqələr qurulub. 1999-cu ildə Bolqarıstanın Azərbaycanda, 2004-cü ildə Azərbaycanın Bolqarıstanda səfirliyi fəaliyyətə başlayıb. Həm Azərbaycan, həm də Bolqarıstan beynəlxalq müstəvidə bir-biri üçün kifayət qədər önəmli ölkələrdir. Son 30 il ərzində iki ölkənin dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin, nazirlərin və digər vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil olunub. İki ölkə arasında imzalanan çoxsaylı sənədlərlə qarşılıqlı əməkdaşlığın möhkəm hüquqi bazası formalaşıb. Azərbaycan-Bolqarıstan əməkdaşlığının daha da inkişaf etdirilərək strateji əməkdaşlıq səviyyəsinə çatdırılmasında, xüsusilə Azərbaycan Prezidentinin 2015-ci ilin martında Bolqarıstana rəsmi səfəri böyük rol oynayıb. Eləcə də 2017-ci ilin oktyabrında Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin və həmin dövrdə Baş nazir olan Boyko Borisovun 15-16 yanvar 2018-ci ildə Azərbaycana rəsmi səfərləri münasibətlərin inkişafında mühüm töhfələr verib. 2015-ci ildə dövlət rəhbərimizin bu ölkəyə səfəri zamanı Bolqarıstanla Azərbaycan arasında imzalanmış "Strateji tərəfdaşlıq haqqında" Birgə Bəyannamədə təsbit edilmiş bütün məsələlər ötən illər ərzində reallığa çevrilib. "Bu Bəyannamə həm bizim əlaqələrimizi yüksək səviyyəyə qaldırmış, eyni zamanda o bəyannamədə təsbit edilmiş bütün məsələlər həyatda əksini tapmışdır. Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər" - Azərbaycan Prezidenti mətbuata bəyanatında bu fikri xüsusi vurğulamışdır.
Azərbaycanla Bolqarıstan arasında strateji əməkdaşlığın ən mühüm istiqamətlərindən biri enerji sahəsinə aiddir. Bolqarıstan maliyyə tutumu 40 milyard dollara bərabər olan və 7 ölkəni birləşdirən "Cənub qaz dəhlizi" layihəsinin iştirakçısıdır. Azərbaycanın "Şahdəniz" yatağından çıxan qaz artıq Avropa ölkələrinə çatdırılır. Bolqarıstana da ildə 1 milyard kubmetr həcmində qazın təchizatı nəzərdə tutulur.
Azərbaycanın dəstəyi ilə köhnə qitədə yeni bir tarix başlanır
Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Yunanıstan-Bolqarıstan qaz İnterkonnektorunun açılışının edilməsi isə Avropa qitəsində yeni bir tarixi səhifə açdı. Bolqarıstan Prezidenti Rumen Radevin də bəyan etdiyi kimi, bununla Avropanın enerji xəritəsi yenidən cızılmış oldu. Enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyinin əsas hissəsinə çevrildiyi və cari geosiyasi vəziyyətin bunu tez-tez nümayiş etdirdiyi müasir dünyamızda belə bir layihənin Avropa ölkələri üçün nə demək olduğunu geniş şərh etməyə ehtiyac yoxdur. İnterkonnektorun açılışı mərasimi layihənin tərəfdaş ölkələr üçün böyük əhəmiyyət kəsb etdiyini, eləcə də Azərbaycanın müasir çağırışlar dövründə Avropanın enerji təhlükəsizliyi üçün nə qədər mühüm rol oynadığını bir daha göstərir. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasından qısa müddət sonraya təsadüf edən bu açılış Azərbaycandan təbii qaz təchizatı imkanlarının daha da artırılmasına, Avropaya qaz təchizatının şaxələndirilməsi hədəflərinə kömək göstərəcək. Azərbaycan Prezidenti mərasimdəki çıxışında bildirdi ki, bu ilin iyul ayında Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzalanmışdır: "Bu çox əhatəli sənəddir, ona əsasən, 2027-ci ilə qədər biz təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırırıq və bunu etməyə tam potensialımız var".
Bu İnterkonnektor Bolqarıstanda təbii qaz mənbələrinin real şaxələndirilməsini və ölkənin enerji müstəqilliyini təmin edən ilk layihədir. İllər əvvəl bu layihənin reallaşmasına inananlar az olsa da, birgə səylər sayəsində bu artıq gerçəkliyə çevrilib və bunda Azərbaycanın verdiyi dəstək müstəsnadır. Ölkəmizin fəal köməyi ilə tamamlanan bu cür önəmli layihələr Avropanın kifayət qədər qazla təmin olunmasına şərait yaradacaq. Beləliklə, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq.
Ölkəmiz etibarlı qaz təchizatçısına çevrilib
Bütün bunlar Azərbaycan üçün də qürur dolu yeni bir tarixi səhifədir. Azərbaycan Avropanın müasir enerji xəritəsini müəyyənləşdirən "Cənub qaz dəhlizi"nin başlandığı mənbədir. Bu kəmər qazın istehlakçılara yeni marşrutla, o cümlədən yeni mənbədən nəqlini təmin edir. Əgər bu vaxta qədər yeganə mənbə Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz yatağı idisə, bu yaxınlarda Azərbaycanın bir neçə digər qaz yatağında gözlənilən hasilatın başlanmasından sonra təchizat həcmləri daha da artacaq. "Uzun illər Azərbaycan beynəlxalq bazarda və ilk növbədə Avropa bazarında etibarlı neft təchizatçısı olub. İndi isə etibarlı qaz təchizatçısına çevrilir", - deyə dövlət rəhbərimiz açılış mərasimindəki nitqində vurğuladı. Eyni zamanda əmin olduğunu bildirdi ki, mövcud potensial, reallaşdırılan layihələr hesabına Azərbaycan bu yaxınlarda Avropa üçün etibarlı elektrik enerjisi təchizatçısına da çevriləcək.
Bu xüsusda önəmli məqamlardan biri də Bolqarıstanda SOCAR-ın ofisinin açılması məsələsi ilə bağlı idi. Azərbaycan Prezidenti bununla bağlı müzakirələrə toxunaraq qeyd etdi ki, biz enerji sahəsində təkcə təbii qazın ixracı ilə işimizi bitmiş hesab etməməliyik: "Biz enerji ilə bağlı olan digər məsələləri müzakirə etdik. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın mümkün iştirakı və digər məsələlər müzakirə olundu. Bir sözlə, SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb və əminəm ki, biz yaxın vaxtlarda bunu da edəcəyik".
Azərbaycan Prezidenti səfəri çərçivəsində Sofiyada Yunanıstan və Rumıniyanın baş nazirləri ilə görüşlərində də enerji layihələrinə xüsusi yer verdi, ölkələrimiz arasında qarşılıqlı maraq doğuran müxtəlif məsələlər müzakirə edildi. Eyni zamanda Bolqarıstan rəhbərliyi ilə strateji əməkdaşlıq münasibətlərinin müxtəlif istiqamətlər üzrə inkişafı imkanları bir daha nəzərdən keçirildi.
Haqq işimizi dəstəkləyən dost ölkə
Azərbaycanla Bolqarıstan arasında işbirliyi təkcə enerji məsələləri ilə məhdudlaşmır. Buna paralel nəqliyyat sahəsinin inkişafı da hər iki ölkə üçün prioritet sayılır. Bu mənada Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı hər iki ölkə üçün böyük tarixi imkanlar yaratmaqdadır. Bu layihənin həyata keçirilməsi Bolqarıstanın Azərbaycan üçün Avropa İttifaqı bazarına girişi, Azərbaycanın isə Bolqarıstan üçün Mərkəzi Asiya regionuna çıxış imkanı kimi rolunu müstəsna dərəcədə artırır. Nəqliyyat sahəsində "Orta dəhliz"in həyata keçirilməsi, "Şərq-Qərb" nəqliyyat dəhlizinin fəaliyyəti ölkələrimizi bir-birinə daha da sıx bağlayır, gələcəkdə qarşılıqlı təmasların daha da sıxlaşmasına zəmin yaradır.
İki ölkə arasında turizm sahəsində də geniş inkişaf potensialı var. Hazırda Bakı-Sofiya-Bakı birbaşa aviareysləri fəaliyyət göstərməkdədir. Bu da öz növbəsində qarşılıqlı gediş-gəlişlərin artmasına, ölkələrimizin, insanlarımızın bir-birinə daha da yaxınlaşmasına, ideya mübadiləsinə, müxtəlif müştərək layihələrin gerçəkləşməsinə xidmət göstərir.
Azərbaycan və Bolqarıstanın yeyinti sənayesi, kənd təsərrüfatı, informasiya texnologiyaları və humanitar sahələrdə, o cümlədən mədəniyyət sahəsində də faydalı əməkdaşlıq əlaqələri var. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Bolqarıstanın mədəni-mənəvi paytaxtı olan Veliko Tırnovo şəhərindəki "Trapezitsa" Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpasını həyata keçirib. Tarixi abidənin 158 metr uzunluğunda qərb divarının konservasiyası və bərpası, 880 metr uzunluğunda turizm xiyabanının salınması, Mədəni İrs Mərkəzinin yaradılması, bu ərazidə yerləşən Orta əsrlərə aid üç kilsənin təmiri işləri reallaşdırılıb. 2016-cı il sentyabrın 22-də mədəniyyət abidəsinin təntənəli açılış mərasimi olub. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyeva "Trapezitsa" Memarlıq Muzeyi Qoruğunun açılış mərasimində iştirak ediblər. Həmin gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı və Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru diplomları təqdim olunub. Heydər Əliyev Fondunun prezidentinə şəhərin mədəni irsinin qorunmasındakı xidmətlərinə görə "Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı adı" verilib. Bu faktı Azərbaycan Prezidenti ilə görüşündə Bolqarıstan Prezidenti xüsusi xatırlatdı.
Səfər çərçivəsində paytaxt Sofiyada Azərbaycanın Şuşa şəhəri ilə Bolqarıstanın Veliko Tırnovo şəhəri arasında qardaşlaşma haqqında Anlaşma Memorandumu da imzalanıb. Bu hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edən, həm mədəni, həm də tarixi baxımdan iki şəhərin dostluğunu özündə ehtiva edir. Qardaşlaşma sənədində elm, təhsil, səhiyyə, eyni zamanda digər sahələrdə əməkdaşlığın, qarşılıqlı layihələrin dəstəklənməsi nəzərdə tutulur. Həm Şuşa, həm də Veliko Tırnovo şəhərləri vaxtilə tarixi və siyasi mərkəz rolunu oynayıb. Məlumdur ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra artıq bir neçə türkdilli dövlətlərin şəhərləri ilə qardaşlaşma memorandumu imzalanıb. Lakin Veliko Tırnovo Avropa İttifaqı şəhərləri arasında birincidir. Bu, çox mühüm əhəmiyyət kəsb edir və eyni zamanda rəmzi məna daşıyır. Memorandum xalqlarımız arasında münasibətlərin inkişafına öz töhfəsini verəcək. Şuşa şəhəri indi bərpa və quruculuq mərhələsindədir. Tarixi abidələrin yenidən qurulması və bərpası, mədəni irsin qorunması sahəsində tərəfdaşlarla, ilk növbədə qardaşlaşmış şəhərlərlə əlaqələrini daha da sıx inkişaf etdirəcək.
Bolqarıstan beynəlxalq aləmdə Azərbaycanın haqq işini dəstəkləyən ölkələrdəndir. Hər il Azərbaycanın Bolqarıstandakı səfirliyi, Bolqarıstandakı Azərbaycan diasporunun və Bakı Slavyan Univesitetinin Müqəddəs Kliment Ohridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq qrupu üzvlərinin iştirakı ilə bu ölkədə Xocalı faciəsinin ildönümü qeyd olunur.
Əməkdaşlığımızın təməlində səmimi münasibətlər dayanır
Azərbaycan Prezidenti Bolqarıstanın dövlət rəhbəri ilə görüşündə bildirdi: "Bizim bütün sahələrdə əməkdaşlığımızın təməlində səmimi münasibətlər dayanır. Bolqarıstan-Azərbaycan əlaqələri çoxşaxəli əlaqələrdir. Xalqlarımız arasındakı tarixi bağlar, əlbəttə ki, bu əlaqələrin təməlində dayanan mühüm amildir. Bu gün, əlbəttə ki, qarşılıqlı maraqlar üzərində qurulmuş o strateji tərəfdaşlıq yeni imkanlar açır. Çünki enerji sahəsində başlanılan çox ciddi əməkdaşlığın çox böyük gələcəyi var. Biz bu işin birinci mərhələsindəyik. Əminəm ki, bu gün Sizinlə təkbətək görüşdə müzakirə etdiyimiz mövzularla bağlı gələcəkdə praktiki addımlar atılacaq. Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəm daşıyan ölkədir. Bizim üçün də Avropa bazarı, o cümlədən Bolqarıstan və Sizin qonşu ölkələrin bazarları böyük maraq kəsb edir".
Azərbaycan Prezidentinin səfər çərçivəsində Bolqarıstanın bir neçə aparıcı şirkətinin rəhbərləri ilə görüşü də iqtisadiyyat və investisiyaların cəlbi baxımından mühüm əhəmiyyət kəsb edirdi. Dövlət başçısı bu görüşdə Bolqarıstan şirkətlərini Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı işlərin görülməsinə dəvət etdi. Hazırda böyük quruculuq-abadlıq işləri aparılan azad edilmiş torpaqlarımızda dost ölkələrin şirkətlərini görmək istəyimizi dilə gətirdi.
Azərbaycan Prezidentinin Bolqarıstana səfəri, keçirdiyi görüşlər, apardığı müzakirələr, əldə edilən razılaşmalar bir daha göstərdi ki, müasir dünyamızda ən böyük faydalar qarşılıqlı əməkdaşlıqdadır. Dövlətlər, ölkə rəhbərləri bir-birinə üz çevirməkdənsə, bir-birinə daha da yaxınlaşmağın yollarını axtarsalar, xoş niyyətlər ətrafında sıx əməkdaşlıq etsələr, inkişaf üçün yeni imkanlar tapsalar, bəşəriyyətin bu gününə və gələcəyinə, insanların rifahına ən böyük töhfə olar.
İradə
ƏLİYEVA,
Azərbaycan.-2022.- 6 oktyabr.- S.6.