İlham Əliyev Avropada ən çox arzuolunan liderdir

 

 

Azərbaycan Prezidentinin təşəbbüsləri ölkəmizin geosiyasi çəkisini artırır, beynəlxalq əlaqələrini daha da gücləndirir

 

Bir vaxtlar iqtisadi müstəqilliyini təmin edə bilməyən, xaricdən aldığı yardımlarla keçinən, zəngin təbii ehtiyatları ola-ola hətta əhalisinin enerjiyə olan tələbatını idxal hesabına ödəyən Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır.

Dünya artıq Azərbaycanı regionun lideri, qlobal layihələr həyata keçirən, islahatlar aparan, əməkdaşlığa və Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş kimi qəbul edir. Bütün bu uğurlar isə cəmi 30 ildə əldə edilib.

Son 19 ildə isə İlham Əliyevin yürütdüyü siyasətlə Azərbaycan iqtisadisiyasi müstəqilliyə sahib olan qüdrətli dövlət kimi beynəlxalq nüfuzunu daha da artırıb. Bu bir həqiqətdir ki, İlham Əliyev hər zaman yürütdüyü siyasətdə Azərbaycanın dövlət maraqlarını üstün tutubmilli mənafelərimizin müdafiəsini başlıca vəzifələrindən biri hesab edib. Bu günbu qətiyyətli siyasət davam etməkdədir.

 

 

 

Avropa ölkələri Azərbaycanla əməkdaşlığa böyük önəm verirlər

 

 

 

İki il əvvələ qədər Azərbaycan dünyada Cənubi Qafqazın iqtisadi və hərbi gücü, nəhəng enerji və nəqliyyat infrastrukturlarının müəllifi, regionda söz sahibi olan aparıcı dövlət kimi tanınırdı. 2020-ci ilin Vətən müharibəsində isə bunların sırasına biri də əlavə olundu - Cənubi Qafqazın qalib dövləti. 44 günlük müharibədə qazanılan qələbə Azərbaycana dünyada olan ehtiramı gücləndirdi, dövlətimizin nüfuzunu daha da artırdı.

İlham Əliyevin yürütdüyü müstəqil siyasətlə Azərbaycan xarici əlaqələrini, siyasi-iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır.

Digər tərəfdən, Azərbaycan bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı qurumları, həmçinin mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər və ölkəmizlə əməkdaşlığa böyük önəm verirlər. Eləcə də İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslər də təqdir edilir.

Azərbaycanın mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, regional və beynəlxalq miqyasda nüfuzunu daha da artırıb. Azərbaycan dünyanın sayılıb-seçilən, hörmət olunan, etimad göstərilən dövlətinə çevrilib. Ona görə bir sıra dövlətlər, o cümlədən Avropa İttifaqının üzvləri Cənubi Qafqazın lideri olan Azərbaycanla strateji tərəfdaş olduqlarını elan ediblər. Dünyanın böyük siyasiiqtisadi dairələri Azərbaycanın regiondakı liderliyiniqlobal siyasətdə rolunu daim yüksək qiymətləndirirlər.

 

 

 

Sözünə, vədinə sadiq olan Prezident

 

 

 

Ötən həftə İlham Əliyevin Bolqarıstana səfəri çərçivəsində keçirilən görüşlər və  paytaxt Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində Azərbaycan, xüsusən də dövlət başçımızın yürütdüyü müstəqil siyasətlə  bağlı söylənən fikirlər deyilənləri bir daha təsdiqləyir.

Bolqarıstanın müvəqqəti hökumətinin rəhbəri Qılıb Donevin Qaz İnterkonnektorunun açılış mərasimində söylədiyi fikirlərə diqqət edək. Donev deyir ki, interkonnektorun həyata keçirilməsi tərəfdaş ölkələr üçün mühüm əhəmiyyət kəsb edir. Bolqarıstan Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunu və Azərbaycandan təbii qaz təchizatının artırılması imkanlarını alqışlayır. Bu, "Repower Europe" planındakı şaxələndirmə hədəflərinə töhfə verəcək.

Serbiya Prezidenti Aleksandar Vuçiç isə İlham Əliyevin yürütdüyü siyasəti dəyərləndirərək söyləyir: "Dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız. Mən sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada, bilmirəm o, nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim".

Şimali Makedoniyanın Prezidenti Stevo Pendarovski isə qitənin enerji təminatında Azərbaycanın rolunu yüksək qiymətləndirməklə yanaşı, İlham Əliyevi Avropada ən çox arzuolunan şəxs adlandırır.

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun artıq Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdiyini vurğulayan Bolqarıstan Prezidenti Rumen Radev isə İlham Əliyevi sözünə, vədinə sadiq olan lider, Azərbaycanın isə öz Prezidentinin simasında etibarlı tərəfdaş statusunu qazandığını bildirdi.

Göründüyü kimi, Avropa ölkələrinin liderləri İlham Əliyevi dünyanın aparıcı siyasətçiləri sırasında öz sözü, qətiyyətli mövqeyi olan dövlət başçısı və vədinə sadiq  etibarlı tərəfdaş kimi qəbul edirlər. Bu da bir daha onu deməyə əsas verir ki, İlham Əliyev qlobal təşəbbüsləri ilə Avrasiyanın enerji siyasətinə mühüm töhfələr verir. Avropanın əksər ölkələri İlham Əliyevin fəaliyyətini çox yüksək dəyərləndirirlər.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunda dünyanın ən aparıcı ölkələri ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulması əsas prioritetlərdəndir. Məhz İlham Əliyevin yürütdüyü müstəqil siyasət Azərbaycanın geosiyasigeoiqtisadi çəkisini getdikcə yüksəldir.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2022.- 6 oktyabr.- S.6.