Beynəlxalq konfrans çərçivəsində
bir sıra ikitərəfli
görüşlər keçirilib
Mexiko şəhərində davam edən "Mondiacult 2022" konfransı çərçivəsində mədəniyyət naziri Anar Kərimov Albaniyanın mədəniyyət naziri Elva Marqariti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların olduğuna vurğulanıb. Bu kontekstdə hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin xalqlar arasında mədəni bağların gücləndirilməsinə töhfə verə biləcəyi xüsusi qeyd edilib. 2023-cü ildə Azərbaycanla Albaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyi vurğulanıb, E.Marqariti Albaniya tərəfinin növbəti ilin ilk yarısında bu ölkədə Azərbaycana həsr ediləcək mədəniyyət həftəsinə evsahibliyi etməyə hazır olduqlarını bəyan edib. Görüşdə, həmçinin iki ölkə arasında UNESCO çərçivəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, mədəniyyət müəssisələri, teatr, kino və yaradıcı sənayelər sahəsində əməkdaşlığın inkişafının zəruri ola biləcəyi qeyd olunub.
Həmin gün nazir Anar Kərimov Andorranın mədəniyyət və idman naziri Silvia Riva Qonzalezlə də görüşüb. Görüş zamanı A.Kərimov Andorranın "Youth ArtCamp Shusha and Baku" layihəsinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib, bu layihənin ölkələr arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli platforma olduğunu qeyd edib. Andorralı nazir ölkəsinin bu vacib sahədə Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu bəyan edib.
Bununla yanaşı, UNESCO çərçivəsində əməkdaşlıq və birgə fəaliyyətlər üçün geniş imkanların olduğuna da diqqət çəkilib. Həmçinin Azərbaycan hökumətinin təşəbbüsü ilə irəli sürülmüş "Bakı Prosesi" və onun vacib yeni ölçüsü olan "Mədəniyyət naminə sülh" qlobal çağırışına dəstək və bu çərçivədə birgə layihələrin reallaşdırılmasının önəmi vurğulanıb.
"Mondiacult 2022" konfransı çərçivəsində nazir Anar Kərimovun UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone ilə də görüşü olub. Görüş zamanı UNESCO-Azərbaycan münasibətlərinin hazırkı durumu, gündəlikdə duran cari məsələlər, əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Nazir A.Kərimov Azərbaycanın təşkilatla əməkdaşlıqda maraqlı olduğunu, bir sıra vacib istiqamətlərdə, xüsusilə də mədəniyyətlərarası dialoq və UNESCO-nun da tərəfdaşı olduğu "Bakı prosesi" çərçivəsində davamlı fəaliyyətin təmin edilməsinin vacibliyini vurğulanıb.
Bununla yanaşı, A.Kərimov UNESCO-nun öz mandatına uyğun fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. İndiki dövrə kimi təşkilatın işğaldan azad edilmiş ərazilərimizə səfər etməməsinin və ümumiyyətlə səfərlə bağlı Azərbaycanın müraciətinin cavabsız qoyulmasının Azərbaycan cəmiyyətində haqlı anlaşılmazlıq və suallar doğurduğunu qeyd edən nazir tezliklə UNESCO-nun bu texniki səfəri reallaşdırması üçün çağırış edib. UNESCO rəsmisinə, həmçinin ölkəmizin təşəbbüsü olan "Mədəniyyət naminə sülh" qlobal çağırışına dair məlumat verilib, dünyanın müxtəlif bölgələrində sülh quruculuğu fəaliyyətlərinə töhfə vermək niyyətini bəyan etmiş bir təşkilat kimi UNESCO-nun ölkəmizin sözügedən təşəbbüsünə soyuq münasibət nümayiş etdirməsinin məyusluq doğurduğu diqqətə çatdırılıb.
E.Ottone öz
növbəsində təmsilçisi olduğu
təşkilatın qeyd olunan
məsələlərlə bağlı Azərbaycanla təmasların
davam etdirilməsinə, eyni
zamanda yaradıcı iqtisadiyyat
kimi yeni sahələrdə
əməkdaşlıq imkanlarının və mümkün fəaliyyətlərin
yaxından araşdırılmasına hazır
olduqlarını bəyan edib.
Azərbaycan.- 2022.-1 oktyabr.- S.10.