Media nümayəndələri işğaldan azad olunmuş Ağdama səfər ediblər

 

Oktyabrın 5-də media nümayəndələrinin işğaldan azad edilmiş Ağdama səfəri təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, media nümayəndələri əvvəlcə Ağdam şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oktyabrın 4-də açılışını etdiyi Xurşidbanu Natəvanın qəbirüstü abidəsinə baş çəkiblər. Bildirilib ki, Prezident İlham Əliyevin 2022-ci il 14 mart tarixli Sərəncamı ilə bu il Xurşidbanu Natəvanın 190 illiyinin qeyd olunduğu nəzərə alınaraq yubiley ilində Mədəniyyət Nazirliyi tərəfindən həmin qəbirüstü abidənin bərpa olunması istiqamətində işlərə başlanılıb.

Şairənin qəbirüstü abidəsi özünün ilkin görkəmi əsasında heykəltaraş Kənan Əliyev tərəfindən 350 santimetr hündürlükdə boz qranit materialından hazırlanıb və əvvəlki yerində quraşdırılıb. Ağdamda 1982-ci ildə ucaldılmış və Elcan Şamilovun müəllifi olduğu qəbirüstü abidənin daş yonulması işlərini görmüş Rəfi Zeynalov 40 il sonra da eyni abidənin hazırlanması üçün daş yonub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən Pənahəli xanın sarayı və İmarət kompleksinin də bərpası işlərinə başlanılıb. İlkin konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, məqbərələr, kassa, məlumat mərkəzi və Qarabağ atları parkından ibarət olacaq. Pənahəli xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.

Daha sonra media nümayəndələri oktyabrın 4-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə təməlqoyma mərasimi keçirilən Ağdam rayonunun Xıdırlı kəndində olublar. Bildirilib ki, Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 160 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır.

Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, dini, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 2595 nəfərin işlə təmin olunması planlaşdırılır.

Xıdırlıda tikinti işlərinə bu il oktyabrın 10-da başlanılacaq. Kənddə tikinti işlərinin 2024-cü il aprelin 10-da tamamlanması nəzərdə tutulur.

KİV nümayəndələri yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda görülmüş işlərlə də tanış olublar. Başlanğıcını Bərdə şəhərindən götürən bu avtomobil yolunun uzunluğu 44,5 kilometr, eni 26,5 metrdir. Birinci texniki dərəcəyə uyğun inşa olunan avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla, dörd hərəkət zolağından ibarətdir. Yolboyu 4 körpünün, o cümlədən 3 yolüstü piyada keçidinin inşası nəzərdə tutulur. Həmçinin avtomobil yolunda 29 avtobus dayanacağı tikilir. Onlardan 14-nün inşası tamamlanıb. Layihə üzrə torpaq işləri başa çatdırılıb, ümumi həcminin 75 faizi icra olunub.

Media nümayəndələri Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Sarıcalı və Kəngərli kəndlərinin, Ağdam şəhərinin daxili yolkommunikasiya şəbəkəsinin, yaşayış məhəlləsinin, “City Hotel Agdam” mehmanxanasının, Dəmir yoluAvtovağzal Kompleksinin inşa ediləcəyi ərazilərdə də olublar.

 

Azərbaycan.-2022.- 6 oktyabr.- S.7.