Erməni faşizminin qanlı siması Edillidə yenidən üzə çıxdı

 

 

Xocavənddə Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq öldürülmüş daha 12 Azərbaycan hərbçisinə aid kütləvi məzarlıq aşkarlandı

 

 

Zaman hər ötən gün faşist xislətli ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri  insanlıq əleyhinə cinayətləri faktlarla ortaya çıxarır. Erməni faşizminin qanlı əməllərini sübuta yetirən növbəti dəlil - Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq öldürülmüş 12 Azərbaycan hərbçisinə aid kütləvi məzarlıq isə bu yaxınlarda Xocavəndin Edilli kəndində aşkarlandı.

Bəli, nə tarix, nə də zaman işğalçı Ermənistanın törətdiyi qanlı əməllərə dünya kimi göz yummur və hər səhifəsində onların vəhşi əməllərinin izini saxlayaraq silinməsinə, gizlənməsinə imkan vermir. Hər ötən an ermənilərin mənfurluqlarını gün üzünə sərərək əsl xislətlərini ortaya çıxarır, bu insan qatillərinin haqq, ədalət və qanun qarşısında cavab verməkdən yayınmalarına izin vermir...

 

 

Qan yaddaşımız

 

XX əsrin əvvəllərindən etibarən erməni millətçiləri ardıcıl olaraq Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçiriblər. Erməni quldurları Bakıda, Şuşada, İrəvan və Naxçıvan mahallarında, Qarabağda, Borçalıda, Qazaxda, Zəngəzurda, Gəncədə, Qubada, Tiflisdə və digər yerlərdə on minlərlə azərbaycanlını kütləvi şəkildə qətlə yetiriblər. Bu amansız siyasət nəticəsində 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə və 1988-1994-cü illərdə xalqımızın başına olmazın müsibətlər gətirərək ard-arda soyqırımı törədiblər.

Birinci Qarabağ müharibəsi dövründə də işğalçı Ermənistan beynəlxalq hüquq normalarını və humanitar hüququn tələblərini kobud şəkildə pozaraq dayanmadan müharibə cinayətləri törədib, mülki əhalini girov götürüb, soydaşlarımıza olmazın işgəncələr verib, onları xüsusi amansızlıqla öldürüblər. Həmin dövrdə erməni qatilləri Ballıqaya, Qaradağlı, Ağdaban kimi faciələr törədiblər.

1992-ci il fevralın 26-da isə erməni cəlladları Xocalı sakinlərini soyqırıma məruz qoyublar. Bu qırğının nəticəsində 613 günahsız insan xüsusi amansızlıqla qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlılar olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Həmçinin 487 nəfər ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Faciədən sonra əsir götürülən azərbaycanlılar amansız işgəncələrə məruz qalıblar.

O da dəhşətli faktdır ki, faşist ideologiyalı ermənilər xalqımıza qarşı törətdikləri bu qanlı əməllərini əcnəbi KİV-ə verdikləri müsahibələrində, qələmə aldıqları yazılarında dünyaya bəyan etməkdən də ar etməyiblər.

Eləcə də erməni qatillərinin bu hərbi cinayətlərinə 44 günlük müharibə dövründə şahidlik etdik, mülki əhalimiz Gəncədə, Bərdədə, Tərtərdə bu terrorçuların törətdikləri qətliamlara məruz qaldı.

Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərin bəzisi ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatında da yer alıb. Belə ki, hesabatın Ermənistan hissəsində bildirilib ki, 2020-ci ildə etnik erməni qüvvələri bəzi azərbaycanlı əsirləri qanunsuz şəkildə qətlə yetirib və işgəncələrə, ləyaqəti alçaldan rəftarlara məruz qoyublar. O da bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Kəlbəcər rayonunun Başlıbel kəndində 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən öldürülən azərbaycanlılara aid məzarların axtarışına başlayıb. Həmçinin Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda azərbaycanlılara məxsus onlarca qəbiristanlığın dağıdılması ilə bağlı sübutlar üzə çıxıb.

 

 

 

44 günlük müharibə həm də erməni faşizminin  üzünü açdı

 

 

 

44 günlük Vətən müharibəsində qazandığımız qələbədən sonra erməni cəlladlarının azərbaycanlılara qarşı törətdikləri neçə-neçə qandondurucu qətliamlar üzə çıxıb. Xocavəndin Edilli kəndində, Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında, Xocalının Fərrux, Kəlbəcərin Başlıbel kəndi ərazisində kütləvi məzarlıqlar aşkarlanıb.

Ermənistan tərəfindən həyata keçirilən çoxsaylı müharibə cinayətlərindən biri də 1993-cü il aprelin 18-də Kəlbəcərin Başlıbel kəndində törədilib. Kəlbəcərin işğalı zamanı Ermənistan silahlı qüvvələrinin Başlıbel kəndində dinc əhaliyə qarşı törətdiyi kütləvi qətllər Azərbaycan Respublikası Baş Prokurorluğunun apardığı istintaqla da rəsmi təsdiqini tapıb. Cinayət işinin istintaqı zamanı kənddə mülki əhaliyə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdirildiyi sübuta yetirilib. Belə ki, 24 aprel 2021-ci ildə Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqləri tərəfindən məhkəmənin meyitlərin ekshumasiyası haqqında qərarına əsasən, Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilərək 50 sm dərinlikdə torpağa basdırılmış kəskin çürüməyə məruz qalaraq skeletləşmiş 12 nəfərin meyitlərinin qalıqları aşkar edilib.

Başlıbeldə qətlə yetirilənlərdən 12 nəfərin cəsədi ötən ilin aprelində ekshumasiya edilərək Məhkəmə Tibbi EkspertizaPatoloji Anatomiya Birliyinə gətirilərək müvafiq istintaq hərəkətləri aparılıb. Faciə qurbanlarının meyit qalıqlarından və həmin şəxslərin ailə üzvlərindən götürülmüş DNT analizlərinin, molekulyar-genetik və digər xüsusatların araşdırılması üçün tibbi-kriminalistik ekspertizaların nəticələri onların erməni hərbçiləri tərəfindən güllələnərək qətlə yetirildiyini təsdiqləyib.

 

 

 

Erməni vandallığına bir neçə nümunə

 

 

 

2022-ci ilin fevral ayında Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlıq aşkar edilib.

Məzarlıq Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun topladığı şahid ifadələri və materiallar əsasında müəyyən edilib. Komissiyasının araşdırmaları zamanı o da məlum olub ki, işğaldan azad edilən Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında da belə məzarlıqlar mövcuddur. Edilli kəndindəki kütləvi məzarlıq da bunlardan biridir. İlkin məlumatlara görə, məzarlıqda 15-20 nəfərin qalıqları var.

Edilli kəndindəki kütləvi məzarlığa xariciyerli KİV nümayəndələrinin iştirakı ilə baxış keçirilib. Məzarlıq haqqında məlumat verən Şəmsi Şıxəliyevi 1993-cü il avqustun 28-də ermənilər girov götürüb. 48 gün bu kənddə girov qalıb və həmin müddətdə Füzulinin kəndlərində gedən döyüşlərdə ölən Azərbaycan hərbçilərinin "KamAz" markalı maşınla daşınıb gətirildiyini, bu kəndin ərazisində kütləvi şəkildə traktorla qazılan quyulara töküldüyünü qeyd edib.

Erməni vandallığına daha bir fakt isə bu il martın sonlarında Azərbaycan Ordusunun hərbçiləri tərəfindən Xocalı rayonunun Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən üzə çıxıb. Belə ki, onlar qazıntı apardıqları ərazidə insan skeletləri aşkar ediblər.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası faktla bağlı bildirib ki, Fərrux yüksəkliyi uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir.

Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb.

Eyni zamanda bu qurumda toplanmış məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən, Xocalı rayonu Pirlər kəndində 46 nəfər, Ağdam rayonu Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşüb.

 

 

 

Meyit qalıqları Azərbaycan hərbçilərinə aiddir

 

 

 

Bu günlərdə Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Vətən müharibəsi sayəsində Ermənistanın işğalından azad edilən bu kənddə hərbçi olduğu ehtimal olunan 12 nəfərin məftil və kəndirlə bağlanmış, həmçinin işgəncə əlamətləri aşkarlanan qalıqları tapılıb.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi EkspertizaPatoloji Anatomiya Birliyinin Tibbi Kriminalistika şöbəsinin rəisi Nuranə Hüseynova bildirib ki, meyit qalıqları Azərbaycan hərbçilərinə aiddir: "Onların üzərində paltarlar, ayaqlarında qara dəriyə bənzər çəkmələr var. Bundan başqa, sahələrdən kimlik sənədləri, iki ədəd bıçaq, siqaret kötükləri, güllə, patron və gilizlər aşkar olunub. Aşkar olunan skeletlərin belində kəmərlər var. Bu kəmərin üzərindəki paslanmış dəmir lövhədə çəkic, oraqulduz təsvirləri qeyd olunub".

O qeyd edib ki, skelet sümükləri qablaşdırılaraq Hərbi Prokurorluğun qərarı ilə birlikdə müayinə üçün məhkəmə-tibbi kriminalistika şöbəsinə göndəriləcək və daha dəqiq müayinələrin aparılması davam etdiriləcək.

 

 

 

Ermənistan itkin düşmüş 4 minədək azərbaycanlının taleyinə heç bir aydınlıq gətirməyib

 

 

 

Ermənilərin xalqımıza qarşı həyata keçirdiyi bu insanlıqdan uzaq əməlləri yuxarıda sadaladığımız faktlarla bitmir. İşğaldan azad edilən torpaqlarımız minalardan təmizləndikcə Ermənistan silahlı qüvvələrinin və onların əlaltılarının törətdikləri cinayətlər də bir-bir ortaya çıxır.

Azərbaycan dövləti erməni vəhşiliklərinin bütün dünyaya çatdırılması, onların faşist xislətindən hər kəsin xəbərdar olması üçün böyük işlər görür, bu məsələləri beynəlxalq tribunalarda daim səsləndirir, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyi, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi barədə məsələ qaldırır.

Ümumiyyətrlə, Birinci Qarabağ müharibəsində 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 4 minə yaxın Azərbaycan vətəndaşı itkin düşüb.

Ermənistan tərəfi itkin düşmüş həmin azərbaycanlıların taleyinə indiyə qədər də  heç bir aydınlıq gətirməyib.

44 günlük müharibədən sonra Azərbaycanın əsas tələblərindən biri Ermənistanın Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minədək azərbaycanlı haqqında məlumatı, eləcə də kütləvi məzarlıqların koordinatlarını verməsi barədədir.

O da faktdır ki, dünya erməni qatillərinin təkcə tarixin dərin qatlarında yox, bu yaxın zamanlarda elə onların gözləri önündə törətdikləri qətliamlara da göz yummaqda davam edir.

Hələ də bu qətliamları, soyqırımlarını törədən faşist xislətlilər cəzalandırılmayıb, hələ də Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinin araşdırılması istiqamətində heç bir addım atılmayıb.

Amma xalqımız heç bir zaman erməni vəhşiliyini, erməni faşizmini unutmayacaq. Necə ki, Azərbaycan cəmi 44 gün ərzində Ermənistanı qarşısında diz çökdürərək işğal altında qalan torpaqlarını azad etdi, eləcə də millətinə qarşı hərbi cinayətlər törədən bu qaniçən canilərin cəzasını da özü kəsəcək.

"Dəmir yumruq" Ermənistanı Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərinə görə ədalət və hüquq qarşısında cavab verməyə məcbur edəcək, cinayətkarlar öz layiqli cəzalarını alacaqlar.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2022.- 6 oktyabr.- S.8.