Gözüyaşlı, həsrətdolu ümidlərin
sonu...
Tapılan hər
kütləvi məzarlıq Azərbaycan xalqının
köksünə vurulan yaradır
Aradan otuz ilədək bir zaman keçib. Hələ də
neçə-neçə ana-ata
Birinci Qarabağ müharibəsində iştirak
etmiş və itkin hesab olunan
övladından xəbər
gözləyir. Gözləri qapıda, qulaqları səsdədir.
Çoxu dünyadan bu dərdlə köçüb. Son nəfəslərində
ölümə belə
can vermək istəməyiblər.
İtkin sayılan övladının şəklini
qohum-qonşusu onların
sinəsinin üstünə
qoyub: "Balan gəldi", - deyiblər.
Övladının şəklinin altında
son dəfə çırpınıb
ürəkləri. İntizar içində
bu dünyadan gediblər.
Uzun illərdir
ki, itkin sayılan o igidlərin yollarına göz dikən gözəllər
də daha həminki deyillər. Aradan uzun
illər ötüb axı. Yaşa dolublar. Ancaq o gözəllərin
unutmadıqları itkin
sayılan o qəhrəmanlar
xəyallarda cavan qalıblar. Çünki gedəndə elə
gənc, elə yaraşıqlı, elə
güclü olublar ki, yollarını gözləyənlər nə
ölümü, nə
xəstəliyi, nə
əlilliyi, nə də qocalığı onlara yaraşdırıblar.
İşğalçı ermənilərin əsir və girov götürdükləri
azərbaycanlılarla çox
amansız, böyük
qəddarlıqla davrandıqları,
onlara dəhşətli
işgəncələr verdikləri
hər kəsə məlum olsa da, doğmaları o igidlərdən əllərini
üzməyiblər. Möcüzələrə
inanmaq istəyiblər.
Gözüyaşlı, qüssəli, həsrət
dolu ümidlərini qorumağa çalışıblar,
qırılmağa qoymayıblar,
gündən-günə, aydan-aya,
fəsildən-fəslə ötürüblər. Ancaq bu illər ərzində xoş günlərində
də ürəkdolusu
şadlana, gülə
bilməyiblər.
Ən çox
torpaqlarımızın Ermənistanın
işğalından azad
edildiyi günlərdə
seviniblər. 2020-ci il
sentyabrın 27-də Ermənistan
silahlı qüvvələrinin
növbəti təxribatı
nəticəsində başlayan
və 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycanın
böyük qələbəsi
ilə bitdi. İfadə edilməsi mümkünsüz
olan hisslər, Zəfər qüruru, fəxarəti yaşadı
hər bir azərbaycanlı.
Qəsbkar ermənilərin Azərbaycana
vurduqları yaraların
nə qədər dərin olduğunu Qarabağ və Şərqi Zəngəzur
işğaldan azad edildikdən sonra daha aydın gördük. 1990-cı illərdə təcavüzkar
ermənilər məmləkətimizin
zəbt etdikləri abad yurdlarını xarabalığa çevirmişdilər.
İndi həmin ərazilərdə
sürətli və genişmiqyaslı tikinti-quruculuq,
abadlıq işləri
aparılır. Azərbaycan dövləti,
Azərbaycan xalqı vandalların dağıtdıqları,
yerləyeksan etdikləri
yaşayış məntəqlərini
yenidən qurur.
Və təəssüf ki, işğaldan azad edilmiş ərazilərimizdə
təcavüzkar ermənilərin
Birinci Qarabağ müharibəsi
zamanı Azərbaycan
xalqına qarşı
törətmiş olduqları terror əməlləri
barədə dəhşətli
faktlar üzə çıxır. Bunlardan
biri də bu günlərdə Xocavənd
rayonunun Edilli kəndində aşkar edilən daha bir kütləvi məzarlıq oldu. Məzarlıqda on iki insan qalığı var. Onların
geyim və əşyalarından hərbçi
olduqları bəlli olur. Aşkar olunmuş qalıqların
Birinci Qarabağ müharibəsi dövründə
itkin düşmüş,
bugünədək taleyi
məlum olmayan azərbaycanlılara məxsus
olma ehtimalı var. Məftil və kəndirlərdən istifadə
olunmaqla əl-ayağı
bağlanaraq kütləvi
şəkildə dəfn
edilmələri erməni
vandalların azərbaycanlı
hərbi əsirləri
işgəncə verərək
qətlə yetirdikləri
ilə bağlı bir çox ifadələri sübut edir.
Hər kəsə
məlum olan faktlardır ki, Birinci Qarabağ müharibəsi zamanı
71-i uşaq, 267-si qadın
və 326-sı ahıl
olmaqla, ümumilikdə
3890 Azərbaycan vətəndaşı
itkin düşüb. Dəfələrlə edilən çağırışlara
baxmayaraq, Ermənistan
tərəfi həmin
şəxslərin taleyi,
həmçinin azərbaycanlıların
kütləvi dəfn
yerləri barədə
məlumatları təqdim
etməkdən boyun qaçırır. Bununla törətdiyi
müharibə cinayətlərini
dünya ictimaiyyətindən
gizlətməyə çalışır.
Amma dəhşətli
əməllərini ört-basdır
edə bilmir...
Erməni
daşnakları XX əsrin
birinci və ikinci onilliklərində Azərbaycanın müxtəlif
ərazilərində - Bakıda,
Şamaxıda, Qubada,
Qarabağda, indiki Ermənistanda azərbaycanlılara
qarşı dəhşətli
qırğınlar, soyqırımları
törədən babalarının
vəhşi, qəddar
əməllərini həmin
əsrin sonuncu onilliyində davam etdirdilər. 1980-ci illərin axırlarında
Azərbaycanın yeni
ərazilərini işğal
etmək, azərbaycanlılara
divan tutmaq məqsədilə
hücuma keçdilər.
Münaqişəni getdikcə daha
da alovlandırdılar.
Ermənilər Ermənistan adlı
dövlət qurduqları
tarixi Azərbaycan ərazilərinin əsl sahiblərini - azərbaycanlıları
təhdidlər, təzyiqlər,
qətllər nəticəsində
son nəfərinədək qovmağa nail oldular. 1990-cı illərin birinci yarısında Qarabağı
və Şərqi Zəngəzuru işğal
etdilər. Həmin ərazilərdə
də soydaşlarımıza
qarşı amansız
oldular.
Son vaxtlar erməni
vəhşiliklərinin təzahürü
kimi, Ağdamda, Ağdabanda, Fərruxda kütləvi məzarlıqlar
aşkarlanıb. Xocavəndin Edilli kəndində,
eyni ərazidə üç yerdə azərbaycanlıların qətlə
yetirilərək basdırıldığı
toplum məzarlıq müəyyən edilib.
Təəssüf ki, erməni qəsbkarların XX əsrin sonlarında Azərbaycan xalqına vurduğu ağır yaralar, törətdikləri qətliamlar bu toplum məzarlıqların sonuncu olmayacağını deməyə əsas verir. Azərbaycan tarixinin faciələrlə dolu səhifələri yada düşür.
1990-cı il martın 24-ü... O gün Qazax rayonunun Bağanis Ayrım kəndində ermənilər faciələr törətdilər. Onlar 7 nəfər kənd sakinini yandırdılar, 2 nəfəri güllələdilər. İşgəncələr verilərək qətlə yetirilənlərin ən yaşlısı 75 yaşında, ən kiçiyi 39 günlük idi.
1991-ci ilin iyun-dekabr aylarında erməni silahlıları Xocavəndin Qaradağlı və Əsgəran rayonunun Meşəli kəndlərinə hücum edərək 12 azərbaycanlını qətlə yetirdilər, 15-ni yaraladılar. Ermənilərin 1991-ci il oktyabrın axırında və noyabrda Malıbəyli, Kərkicahan, Meşəli, Quşçular kəndlərində qətliamlar törətdilər.
1992-ci il yanvarın 25-26-da uğursuz Daşaltı əməliyyatında erməni güllələrinə tuş gələn 90-dək azərbaycanlıdan 30-a yaxını itkin düşmüş hesab edilir. Daşaltı kəndində keçən ilin fevralında aparılan axtarış tədbirləri nəticəsində naməlum cəsəd qalıqları aşkar olundu.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə yağı düşmən Xocalı adlı şəhəri yer üzündən sildi. 1275 nəfəri əsir götürdülər. Onlardan 150 nəfərinin, eləcə də 68 qadın və 26 uşağın aqibəti məlum deyil.
Ermənistan silahlı qüvvələri və Qarabağdakı erməni hərbi birləşmələri 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndində qətliam törətdilər. Ağdabanın 779 dinc sakininə divan tutdular. 67 nəfəri işgəncələrlə öldürdülər. 8 qoca, 2 uşaq və 7 qadını diri-diri yandırdılar. 2 nəfərin taleyi bu günədək məlum deyil.
Ermənilər daha bir qətliamı 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya yaylağında törətdilər. Həmin günün səhəri Ermənistan silahlı qüvvələri alaçıqları iriçaplı silahlardan və qumbaraatanlardan amansızlıqla atəşə tutdular. 24 nəfər azərbaycanlı Ballıqaya faciəsinin qurbanı oldu. Bu dəhşətli faciələrin baş verdiyi yaşayış məntəqələrimizdə də kütləvi məzarlıqların olduğu bildirilir...
Yüzlərlə soydaşımız ailə üzvlərinin gözləri qarşısında silahlı ermənilər tərəfindən güllələndi, işgəncə verilərək, yandılaraq, doğranaraq qətlə yetirildi. İllərdir ki, son taleyi naməlum olanların, itkin sayılanların isə geri dönəcəyini hələ də gözləyənlər var. Bəlkə də onların arasında Xocavəndin Edilli kəndində Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən amansızlıqla qətlə yetirilərək dəfn edilən 12 hərbçimiz də vardı. Nişan üzükləri, toy xınaları, bəylik paltarları boğçalarda qalan daha neçə igid Azərbaycan oğullarını kim bilir ermənilər hansı şəraitdə əzablar verərək öldürüb, hansı kütləvi məzarlıqlarda basdırıblar...
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2022.- 6 oktyabr.- S.9.