Hər bir şəhid mənim qardaşımdır

 

Qardaş bacının güvən yeri, dayağıdır. Bacılar daim qardaşları ilə qürur duyar, onlarla nəfəs alarlar. Əgər o qardaş eli-obası, Vətəni üçün gərəkli övladdırsa, bacının qüruru birəyüz artar. Mən də Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn qardaşım Mehman Yusifovla fəxr edirəm.

Mehmanın itkisi nə qədər ağır olsa da, bizim ailə başını dik tutur, Vətənə gərəkli oğul böyütdüyü üçün qürur duyur. Əslində, Vətən yolunda həyatından keçən bütün igidlər mənim qardaşımdır. Onların hamısı Mehmanın məsləkdaşı, silahdaşı olduğu üçün mənə doğmadır. Odur ki, Mehmanla yanaşı, onun döyüş dostu Xəyal Şəkərovdan da söz açacağam. 

Mehman Yusifov 1979-cu il iyulun 18-də Tovuz rayonunun Bayramlı kəndində anadan olub. Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət edən qardaşıma Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 25 iyun 2013-cü il tarixli əmri ilə baş gizir hərbi rütbəsi verilib. O, xüsusi təyinatlı qrupun kəşfiyyatçısı, rabitə bölüyünün baş çavuşu, mühafizə və təminat bölüyünün baş çavuşu, maddi-texniki təminat bölüyünün baş çavuşu vəzifələrində xidmət edib. 2016-cı ilin Aprel döyüşlərində yağı düşmənlə ön cəbhədə savaşıb.

Mehman Vətən müharibəsi zamanı ilk gündən cəbhədə olmuş, Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mənim üçün qürur doğuran bir haldır ki, canını müqəddəs Vətən torpağı uğrunda fəda edərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biriXüsusi Təyinatlı Qüvvələrin baş giziri, mənim qardaşım Yusifov Mehman Musa oğlu olmuşdur. Döyüş zamanı alın nahiyəsindən xəsarət alan Mehman yarasını sarıyaraq yenidən savaşa atılır. Döyüş yoldaşlarına təminatı vaxtında çatdıraraq özüonlarla birlikdə son damla qanına qədər vuruşmuşdur. Cəbrayıl rayonunun azad olunması zamanı Vətən qarşısındakı borcunu yerinə yetirərkən 5 oktyabr 2020-ci il tarixdə 7 nəfər döyüş yoldaşı - gizir Qədirov Şahin Bayram oğlu, gizir Həsənov Faiq Hüseyn oğlu, gizir Səmədov Mais Sadıbəy oğlu, gizir Mütəllimov Qəzənfər Ədalət oğlu, kiçik gizir Rəsulov Mirbala Əmirağa oğlu, baş çavuş Qasımov Naib Akif oğlu, əsgər Rəhimov Ülvi Rabil oğlu ilə birlikdə qəhrəmancasına şəhid olmuşdur. Mehman döyüş zamanı çeviklik və cəsarət göstərərək düşmənin xeyli canlı qüvvəsini məhv etmişdir.

41 illik ömrünün yarıdan çoxunu vətənin müdafiəsinə həsr edən qardaşım, XTQ-nin baş giziri Mehman Yusifov qüsursuz və şərəfli hərbi xidməti dövrü ərzində dövlət və Müdafiə Nazirliyi tərəfindən çoxsaylı fəxri fərmanlar və medallarla təltif olunmuşdur. O cümlədən şəhidliyindən sonra "Vətən uğrunda", "Cəbrayılın alınmasına görə" medallarına və "Qarabağ" ordeninə layiq görülmüşdür.

Mehmanın bizlərə üç övladı əmanət qalıb. Bizim üçün ən böyük təsəlli və güc qaynağı o nur üzlü balaların varlığıdır. Üzərimizə düşən ən böyük vəzifə onların atalarının adına layiqli şəkildə böyüyüb tərbiyə almasıdır.

Qardaş saydığım şəhid Xəyal Şəkərov da vətənini canı qədər sevən oğullardan idi. O, 1998-ci il oktyabrın 1-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dünyaya gəlib.

Xəyal hələ orta məktəbdə oxuyarkən intensiv şəkildə idmanla, həmçinin güləşlə, qaydasız döyüşlə məşğul olub. Müxtəlif idman yarışlarında iştirak edib, qaydasız döyüş üzrə respublika birincisi adına layiq görülüb.

Xəyal orta məktəbi bitirdikdən sonra 2016-cı il oktyabrın 5-də həqiqi hərbi xidmətə gedib. 2018-ci ilin aprelində tərxis olunan Xəyal öz xəyallarının ardınca gedərək həmin ilin sentyabr-oktyabr aylarında gizirlik kursunu keçib. Həmin ilin noyabr ayında isə Ağdam rayonunda Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat bölməsində müddətdən artıq hərbi xidmətə başlayıb. Xəyal Şəkərov həmişə öz peşəkarlığını daha da artırmağa həvəsli olub. Xəyalın potensialını düzgün qiymətləndirən komandanlıq onu 2019-cu ilin oktyabr ayından etibarən Xüsusi Təyinatlı Qüvvələrin 6 aylıq kursuna göndərib. 2020-ci ilin aprel ayında bu kursu da uğurla bitirən Xəyal xidmətini yeni bilik və bacarıqlarla Xüsusi Təyinatlı Qüvvələrdə davam etdirib.

Xəyal Cəbrayıl şəhərinə bayraq sancan cəngavərlərin sırasında olub. Kəlbəcər, Cəbrayıl və Xocavənd rayonunun işğaldan azad olunmasında xüsusi rəşadət, şücaət və mərdlik nümayiş etdirib. Eləcə də bir sıra kəndlərin alınmasında xüsusi xidmətləri olub. Xəyal həmçinin döyüş yoldaşlarının pusqudan çıxarılmasında, şəhid və yaralı silahdaşlarının təxliyə edilməsində böyük peşakarlıq göstərmiş, yaralı yoldaşlarına ilk tibbi yardımın göstərilməsində yaxından iştirak etmişdir. Azərbaycan Ordusunun giziri Xəyal Şəkərov 2020-ci il oktyabarın 13-də Hadrud qəsəbəsində gedən qızgın döyüşlər zamanı düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından şəhid olmuşdur.

Prezident İlham Əliyevin sərəncamları ilə şəhidliyindən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə" "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Tovuz Olimpiya İdman Kompleksində şəhid Şəkərov Xəyal İman oğlunun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr və kiçik yaşlılar arasında rayon turniri keçirilmişdir. Turnirdə 2 şəhər və 6 rayondan 130-dan çox idmançı iştirak etmişdir. Bununla yanaşı, Xəyal Şəkərovun əziz xatirəsini əbədiləşdirmək məqsədilə keçən il şəhidimizin adını daşıyan bulağın açılışı olmuşdur.

Sizin qanınızla suvarıb azad etdiyiniz torpaqlar əbədilik bizimdir və müqəddəsdir, əziz şəhid qardaşlarım. Hər zaman xalqın yaddaşında yaşayacaqsınız.

 

Zəkiyyə YUSİFOVA,

Azərbaycan.-2022.- 6 oktyabr.- S.10.