Ombudsman Füzuli və Tərtərdə baş vermiş mina partlayışları ilə bağlı
beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb
Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Füzuli və Tərtərdə baş vermiş mina partlayışları ilə
bağlı beynəlxalq
ictimaiyyətə müraciət
ünvanlayıb.
Bu barədə
AZƏRTAC-a Ombudsman Aparatından
məlumat verilib.
Müraciətdə deyilir:
“Dəfələrlə çağırışlar
edilməsinə baxmayaraq,
Ermənistan tərəfindən
işğal dövründə
Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış
ərazilərində basdırılmış
minaların dəqiq xəritələrinin hələ
də ölkəmizə
təhvil verilməməsi
hərbi qulluqçularla
bərabər, mülki
şəxslərin də
həyat və sağlamlığı üçün
ciddi təhlükə
olaraq qalmaqdadır.
Təəssüflər olsun ki, 2022-ci sentyabrın 30-da
Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndinin minalardan təmizlənməmiş
ərazisində tank əleyhinə
minanın partlaması
nəticəsində 1986-cı il təvəllüdlü
Əsədov Amid Fətullah
oğlu və 2007-ci il təvəllüdlü
Quluzadə Çərkəz
Bahadur oğlu həlak olub, 1973-cü il təvəllüdlü
Quliyev Bahadur Məhi oğlu isə yaralanıb. Eyni zamanda, 2022-ci il oktyabrın
1-i tarixində Tərtər
rayonunun işğaldan
azad edilmiş ərazisində yerləşən
minalardan təmizlənməmiş
“Üçüncü Sovxoz”
adlı yerdə piyada əleyhinə minanın partlaması nəticəsində 1990-cı il
təvəllüdlü Cabbarov
Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü
Bayramov Rəfail Köçəri oğlu
ağır xəsarət
alıb və ilkin məlumata əsasən ayaqları amputasiya edilib.
Bir daha beynəlxalq təşkilatlara müraciət
edərək, işarələnməmiş
minaların insan həyatı üçün
potensial təhlükə
mənbəyi olması
ilə bağlı narahatlığımızı təkrar diqqətə çatdırır və
bununla əlaqədar təxirəsalınmaz addımlar
atmağa çağırırıq.
Ermənistan tərəfi minaların dəqiq xəritələrini
ölkəmizə təhvil
verməklə beynəlxalq
humanitar hüquq normalarına əməl etməli, insan hüquqlarına hörmət
bəsləməli, regionda
davamlı sülhün
və təhlükəsizliyin
təmini ilə bağlı üzərinə
düşən öhdəlikləri
yerinə yetirməlidir”.
Azərbaycan.- 2022.- 2 oktyabr.- S.6.