Bütün səylər
regionda sülh prosesinə yönəlməlidir
Sülh, təhlükəsizlik,
inkişaf, quruculuq tərəfdarı olan ölkələrin
sırasının genişlənməsi bu gün
dünyanın xoşbəxt gələcəyinin zəmanətidir. Azərbaycan
2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi
ilə onillərin problemini həll etdi. Bu müharibə
bizə, torpaqlarımızı düşməndən təmizləmək,
30 il işğalçıya sərf edən şəkildə
dondurulmuş münaqişənin buzunu ətirmək,
status-kvonu ortadan götürmək, yeni reallıqlar yaratmaq,
haqq-ədaləti bərpa etmək, məcburi
köçkünlərimizin əzəli torpaqlarımıza
qayıdışına nail olmaq üçün lazım
idi. Mənasız
iddiaları aradan qaldırmaq, toplumları faşizm mahiyyətli
ideologiyalardan çəkindirmək üçün mütləq
idi. İndi haqq işinə dəstək
verənlərin sayı artmalıdır. Dünyaya
əsl həqiqətlər çatdırılmalıdır.
Düşmənin yalanları ifşa edilməlidir.
Son əsrlərdə
yaşadıqlarımızdan bəllidir ki, haqlı
olduğumuzu sübuta yetirməkdən ötrü təkcə
beynəlxalq hüquq normaları kifayət etmir. Haqqın-ədalətin sənin
tərəfində olması ilə iş bitmir. Onların öz yerini tutmasından ötrü həm
də güclü olmalısan.Yeri gələndə vuran əlinin
ağırlığını göstərməlisən.
Düşmən anlamalıdır ki, məqamı
çatanda zərbədən yayına bilməyəcək.
Havadarlarının köməyi, kənardakı
lobbi alverçilərinin dəstəvuzu onu bu şiddətdən
xilas etməyəcək.
Azərbaycan Vətən
müharibəsində bütün dünyaya "dəmir
yumruğu"nun gücünü göstərdi. Ona görə
də hazırda dünyanın diqqəti ölkəmizdədir.
Beynəlxalq aləm Azərbaycanı indi daha həssaslıqla
öyrənməyə başlayıb. Ölkəmizin
yürütdüyü inkişaf siyasətindən, əldə
etdiklərindən nəticə çıxarmağa daha
meyilli görünür. Lakin düşmənlər,
erməni millətçiləri yaramaz davranışları,
çirkin əməlləri ilə inkişafa, daimi təhlükəsizliyə
maneə yaradırlar. Məqsədli şəkildə
böyük bir regionda pozucu ünsürlərə
çevrilirlər. Bütün bunlar bəşəriyyətin
əsrlərdir görə-görə gəldiyi acı
reallıqdır.
Sentyabrın 12-dən 13-nə
keçən gecə Ermənistan silahlı qüvvələrinin
Kəlbəcər, Laçın və Daşkəsən
rayonları istiqamətində törətdikləri
genişmiqyaslı hərbi təxribatlar hər nə qədər
gözlənilməz görünsə də, əslində
belə bir çirkin əməllərin baş verəcəyi
də istisna deyildi. Bütün bunlara düşmən tərəfinin
ardıcıl xarakter daşıyan avantüralarının
davamı kimi baxmaq lazım gəlir.
Digər tərəfdən,
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi
Pelosinin Ermənistana səfəri və Azərbaycana
münasibətdə göstərdiyi qeyri-adekvat
davranışları sırf növbəti avantüra xarakteri
daşıyırdı. Ermənipərəst mövqeyi ilə
tanınan və erməni seçicilərinin dəstəyini
qazanmaq üçün hər cür oyunları özünə
rəva görən Nensi Pelosi öz siyasi ambisiyaları və
lobbi maraqlarına hesablanmış fəaliyyəti ilə
regionda gərginlik yaradaraq Azərbaycan ictimai rəyində
onsuz da aşağı olan nüfuzunu daha da zəiflətdi.
Belə səfərlər, eləcə də bəzi
beynəlxalq güclərin Minsk qrupunu diriltmək cəhdləri
regionda daimi, dayanıqlı sülhə deyil, ermənipərəst
siyasətin bərpasına xidmət edir. Xarici
siyasi rəsmilərin bununla bağlı strateji
düşüncəsinin, gələcəyə aydın
baxışının olmadığını ortaya qoyur.
Ermənistan üzərindən regiona müdaxilə
siyasəti, eləcə də Azərbaycanın tarixi qələbəsindən
sonra artıq öz əhəmiyyətini itirmiş Minsk qrupunu
bərpa etmək cəhdlərinin uğursuz strategiya
olduğunu artıq məyyən dövlətlərin rəsmiləri
anlamalıdırlar. Regiondakı yeni tarixi
reallıq fonunda Nensi Pelosi kimi qərəzli mövqeyə
malik siyasilərin səfərləri Orta əsrlərin səlibçi
təfəkkürünü xatırladır və
özünü demokratiyanın beşiyi sayan ölkə
haqqında ikrah doğurur.
Nensi Pelosi Ermənistana bu
ölkənin Azərbaycana qarşı sentyabrın 12-dən
13-nə keçən gecə törətdiyi təxribatdan və
Azərbaycan Ordusunun bu təxribata layiqli cavabından sonra gəldi.
Düşmən
tərəf şüurlu şəkildə
danışıqlar prosesindən qaçır
Tarixi faktların təhlilini
verib günümüzün reallıqlarını anlayan hər
kəs fərqindədir ki, indiyə qədər heç bir
dövlət müharibələrdən, münaqişələrdən
xeyir tapmayıb. Bu günə qədər gəlib
çatdığı inkişaf səviyyəsini isə bəşəriyyət
sülhə xidmət edən, iqtisadi imkanlardan hamının
faydalanması üçün geniş zəmin yaradan,
investisiyalara, mütərəqqi təşəbbüslərə,
dirçəlişə yol açan müdrik liderlərə
bocludur. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev hazırda
beynəlxalq siyasi arenada belə bir tarixi missiyanı yerinə
yetirir. Düşmən tərəfsə öz xislətinə
uyğun olaraq şüurlu şəkildə
danışıqlar prosesindən qaçır və regionda gərginliyin
qalmasına çalışır. Bu
ab-havanı saxlamaqla, Ermənistan beynəlxalq ictimai rəylə
manipulyasiya edir, Azərbaycanı hədəfə gətirməyə
çalışır. Əgər əvvəlki
dövrdə Ermənistan Rusiyaya arxalanır və
işğalçılıq siyasətini davam etdirirdisə,
son hadisələr bu ölkənin oryentirlərini dəyişdiyini
və açıq şəkildə Qərbdə dəstək
axtardığını göstərir. Artıq
NATO-nu bölgəyə gətirməyi və öz
revanşist məqsədlərini bu dövlətlərin əli
ilə reallaşdırmağı düşünür.
Düşmən tərəfin bu manipulyasiya, təxribat
və siyasi avantüralarının son məqsədi sülh
prosesini ləngitmək, mümkündürsə iflasa
uğratmaqdır.
Bununla da rəsmi İrəvan
2020-ci ilin 10 noyabrında Azərbaycan, Ermənistan, Rusiya
dövlət başçıları arasında
imzalanmış üçtərəfli Bəyanatın
müddəalarını kobud şəkildə pozmaqda davam
edir. Bu ölkə silahlı birləşmələrinin
Azərbaycan ərazisindən tam çıxarılması ilə
bağlı üzərinə götürdüyü öhdəlikləri
yerinə yetirmir. Hər fürsətdə
Azərbaycan ərazilərinin minalanması işini davam
etdirir. Şərti sərhədboyu
bölgədə hərbiləşməni artırır və
nəqliyyat kommunikasiyalarının açılmasına
maneçilik törədir. Sülh prosesinə
qarşı destruktiv davranışlar nümayiş etdirir,
sülh müqaviləsi üzrə konkret
danışıqların başlanmasına dair Azərbaycan tərəfinin
təkliflərinə qarşılıq göstərmir.
Hiss olunurdu ki, Ermənistan cidd-cəhdlə
revanşa, yeni hərbi əməliyyatlara, hücuma
hazırlaşır. Həm Qarabağda, həm də sərhəddə
təxribatların sayını artırırdı. Bu hərbi avantüranın anonsunu Ermənistanın
baş naziri Nikol Paşinyan Rusiyanın Vladivostok şəhərində
keçirilən Şərqi İqtisadi Forumundakı
çıxışı zamanı da faktiki olaraq vermişdi.
Gözlənilən idi ki, Ermənistan namərd
davranışlarını bu şəkildə davam etdirəcək.
Azərbaycan Ordusunun Ermənistan
silahlı bölmələrinin təxribatlarına cavab olaraq,
üzərinə düşən vəzifələri qısa
zamanda və yüksək peşəkarlıqla yerinə yetirməsi
isə göstərdi ki, müzəffər Ordumuz düşmənin
istənilən məkrli niyyətinin qarşısını
anındaca almağa qadirdir. Tarixdə bundan sonra
"Qətiyyətli cavab" əməliyyatı kimi
xatırlanacaq bu döyüşlərdə ordumuz Azərbaycanın
mövqelərini hədəf götürmüş Ermənistanın
hərbi nöqtələrini, şəxsi heyətlə
birlikdə məhv etdi. Ölkəmizin sərhədlərinə
və hərbi hissələrimizin mövqeyinə təhdid və
təhlükə yarada biləcək bütün strateji məntəqələri
nəzarətə götürdü.
Sentyabrın 27-də - Anım
Günündə Azərbaycan Prezidenti İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda olarkən
Müzəffər Ali Baş Komandan Vətən savaşında
ilk azad edilən Qaraxanbəyli kəndindən bu məzmunda bir
çağırış etdi: "Bu gün şəhidlərimizin
əziz xatirəsini yad edərək bir daha hər birimiz
özünə söz verməlidir, vəd verməlidir, and
içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi
duracağıq, biz ərazi
bütövlüyümüzün keşiyində əbədi
duracağıq. Qoymayacağıq ki, bir daha
düşmən başını qaldırsın,
qoymayacağıq ki, bir daha bizim üçün təhdid
yaratsın. Əgər bunu görsək, dərhal
hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o
cümlədən hərbi gücü müstəqilliyimizin,
rahat həyatımızın təminatçısıdır,
onun qarantıdır".
Hərbi gərginlik
bizim marağımızda deyil
Azərbaycan hər zaman
olduğu kimi, Ermənistanın sentyabrın 12-dən 13-nə
keçən gecə növbəti təxribatına
qarşı da bu əməliyyatı müharibə ilə
bağlı beynəlxalq qanunvericiliyə uyğun şəkildə,
hamılıqla qəbul olunmuş normalara əməl edərək
apardı.
Ermənistanın namərd təxribatına
qarşı cavab tədbirləri yalnız legitim hədəflərə
yönəldi və mülki əhali, mülki obyektlər hədəfə
alınmadı. Keçirilən əməliyyat
miqyasına görə kiçik, lokal mahiyyətdə oldu, əsas
hədəflər əldə edildikdən sonra
dayandırıldı. Halbuki Silahlı
Qüvvələrimizin bundan daha çoxunu etməyə
imkanı və gücü vardı. Azərbaycan
Ordusu əməliyyat tapşırığını qısa
müddətdə tam yerinə yetirən kimi döyüşləri
dayandırdı. Bununla da bir daha
nümayiş etdirdi ki, Ermənistan ərazisinə hərbi
müdaxilə, burada nə isə əldə etmək məqsədi
olmayıb, ordumuzun qarşısında belə bir vəzifə
qoyulmayıb.
Bu gün sərhəd
zonasında belə hərbi təxribatların baş verməsi,
düşmənin mənfur cəhdlərınə
qarşı adekvat cavab vermək zərurəti
qarşısında qalması Azərbaycanın əsla
marağında deyil. Ölkəmiz təxminən 30 illik münaqişəni
10 noyabr Bəyanatında Ermənistanın faktiki kapitulyasiya
aktına imza atmasından sonra bitmiş sayır, bütün
tərəflərin bu bəyanatla üzərlərinə
götürdükləri öhdəliklərə əməl
etmələrini istəyir, özü isə öhdəliklərini
qısa zamanda tam şəkildə icra etməklə nümunə
yaradır.
Qətiyyətli
mövqe
Vətən müharibəsindəki
tarixi Zəfərimizdən, torpaqlarımız işğaldan
azad edildikdən dərhal sonra qədim yurdlarımızda
genişmiqyaslı quruculuq-bərpa tədbirləri həyata
keçirilir.
Bu işlərə külli miqdarda sərmayə
qoyulub, ərazidə Azərbaycan şirkətləri ilə
yanaşı, bir sıra xarici biznes qurumları da layihələr
həyata keçirir. Minlərlə
mülki vətəndaşımız bu yerlərdə
çalışır, Qarabağın, Şərqi Zəngəzurun
dirçəlişinə töhfə verir.
Bütün bunlar sülhə,
əmin-amanlığa, regionun gələcəyinə inamdan
irəli gəlir. Məcburi köçkünlərimizin bir qrupunun öz
dogma yurdlarına qayıtması ilə bağlı ilk xoş
müjdə var. Zəngilan rayonunda "ağıllı kənd"
konseptində inşa edilmiş Ağalı kəndinə
artıq bir qrup məcburi köçkün ailəsi
köçürülüb, bu kənddə həyat
başlayıb. Həmin kənd də Ermənistanın
son hərbi təxribatlarının baş verdiyi bölgəyə
yaxındır. Belə bir vəziyyətdə regionda hərbi
gərginliyin baş verməsi əsla Azərbaycanın
marağında ola bilməz. Çünki istənilən hərbi gərginlik həyata
keçirilən layihələrə də, insanların həyat
və sağlamlığına da böyük təhdiddir.
Azərbaycan Ordusu
düşmənin təxribatlarına qarşı qətiyyətli
cavabı ilə bütün bu təhdidləri anındaca dəf
etmək qüdrətində olduğunu göstərdi. Hərbçilərimiz
ərazidəki əsas nəqliyyat-kommunikasiya nöqtələrinə
nəzarət etməkdədir. Həmin
bölgədə çox mühüm yüksəkliklər də
nəzarətə götürülüb.
Qeyd edək ki, Ermənistan
bu ərazilərdə gücləndirilmiş bunkerlər və
postlar qurmuşdu. Amma əsgər və zabitlərimiz
onları qısa müddətdə neytrallaşdıra bildilər.
Bu döyüşlərdə Vətən
uğrunda canından keçmiş şəhidlərimizin,
hazırda müalicə olunan qazilərimizin əksəriyyətinin
əsasən güllə ilə yaralanması
döyüşün yaxın məsafədə baş verməsinin
əlamətidir. Hərbçilərimizin
bu qəhrəmanlığı heç zaman unudulmayacaq, nəsillərin
yaddaşında daim qürurla xatırlanacaq.
Əlbəttə, hər bir
münaqişədə insan itkisi böyük faciədir,
anaların göz yaşlarıdır, ailələrin, nəsillərin
bir ömürlük dözülməz acılarıdır. Bu təxribatın
səbəb olduğu insan faciələrinin məsuliyyəti
isə rəsmi İrəvanın üzərinə
düşür. Ordumuz Ermənistanın
xeyli sayda hərbi texnikasını, kifayət qədər
böyük vəsait hesabına başa gələn iki S-300
raketini, çoxlu sayda hərbi obyektini, onlarla postunu məhv
edib. Düşmən tərəfi hərbi
avantüraların, təxribatların nəticəsini görməli
və bu cəhdlərə son qoymalıdır. Çünki onların bütün oxşar
davranışlarının cavabı bundan sonra da çox kəskin
olacaq və Ermənistan daha böyük itkilərə məruz
qalacaq.
Hamıya məlumdur ki, məğlubiyyətə
uğrayan qarşı tərəf regionda formalaşan yeni
arxitekturanı, olduqca pozitiv əməkdaşlıq
imkanlarını, inkişafı və təhlükəsizliyi
təhdid edir, açılan yeni perspektivlərə zərbə
vurmağa çalışır. Dünya gücləri
Ermənistanın hazırda yürütdüyü siyasətin
mahiyyətini aydın görməli, əsl niyyətlərini
düzgün qiymətləndirməli və onu bu iddialardan əl
çəkməyə məcbur etməklə sülh prosesinə
öz töhfələrini verməlidirlər.
İradə ƏLİYEVA
Azərbaycan.- 2022.-2 oktyabr.- S.6.