Kəndlinin əli işdən soyumurdu...

 

 

...Namərd yağı ilə apardığımız Vətən müharibəsi, haqq savaşı günün ən vacib məsələsinə çevrilmişdi. Hamı qəlbən, ruhən, işi-əməli, dəstəyi ilə döyüşən ordumuzun, eləcə də erməni vandallarının terror törətdiyi şəhər və kəndlərimizin sakinlərinin yanında idi. Digər tərəfdən də bizi koronavirus pandemiyası sınağa çəkmişdi. Bununla belə, arxa cəbhədə həyat dayanmırdı. İnsanlar çalışır, işləyir, payızın bol nemətlərini toplayır, qışa tədarük edir, qurub-yaradırdılar.

"Zərdabda 1173 tondan çox yerli düyü istehsal olunub".

"İmişlidə tərəvəz sahələrinin hər hektarından 125 sentnerdən çox məhsul götürülüb".

"Salyanda heyvandarlıq məhsulları artır".

"Balakəndə kartof istehsalı ötən illə müqayisədə 205 ton çoxalıb".

Bunlar Vətən müharibəsi günlərinin tək birində verilən məlumatların kiçik bir hissəsidir. Hər gün ölkənin müxtəlif bölgələrindən onlarca bu cür xəbər gəlirdi.

Azərbaycan fermerləri pambıqçılıqda yüksək məhsuldarlıq göstəriciləri əldə edirdilər. Əgər 2019-cu ildə sahələrdən ümumilikdə 295 min ton pambıq yığılmışdısa, 2020-ci ildə Qələbə gününədək bu qədər məhsul toplanmış, noyabrın ortasında isə məntəqələrə təhvil verilən " qızıl"ın həcmi 300 min tonu ötüb keçmişdi.

2020-ci ildə üzüm bağlarından 63 582 ton həcmində məhsul yığıldı. Bu da öncəki illə müqayisədə 12,4 faiz çox idi. Ən yaxşı göstəricilərə Şəmkir, Cəlilabad, Tovuz rayonları nail oldu.

Bir sözlə, Vətən müharibəsi başlananda tarlalarda, bağ bostanlarda məhsul yığımı davam edirdi. Bu məsul dövrdə heç bir gənginliyə baxmayaraq, Azərbaycan kəndlisinin əli işdən-gücdən soyumadı. Bu, nəticələrdə özünü göstərdi. Bitkiçilik məhsulları istehsalında artım dinamikası davam etdi. Əvvəlki illə müqayisədə 2,5 faiz çox tərəvəz, 4,2 faiz çox meyvə giləmeyvə, 15 faiz çox tütün, 2,1 faiz çox kartof istehsal edildi. Qeyd olunduğu kimi, pambıqçılıqda yüksək nəticə əldə olundu. 100 min hektar pambıq sahəsindən 335 min tondan çox məhsul toplandı orta məhsuldarlıq əvvəlki illə müqayisədə 4 sentner artdı. Orta məhsuldarlıq 33,5 sentner təşkil etdi ki, bu da Azərbaycanın pambıqçılıq tarixində qeydə alınan ən yüksək göstəricilərdən biri idi. Həmçinin tütün üzrə məhsuldarlıq 2019-cu illə müqayisədə 19,3 sentnerdən 22,1 sentnerə, şəkər çuğunduru üzrə məhsuldarlıq 328 sentnerdən 481 sentnerə, çəltik üzrə məhsuldarlıq 29,9 sentnerdən 32,8 sentnerə yüksəldi.

Heyvandarlıq sahəsində müsbət dinamika saxlanıldı ət istehsalında 3,1, süd istehsalında 1,7 faiz artım əldə olundu.

Ən təqdirəlayiq hal isə o idi ki, düşmənin bombaladığı, dinc sakinlərin yaralandığı həlak olduğu bölgələrin sakinləri işdən-gücdən ayrılmırdılar. İnsanlar hər yerdə Prezident, Ali Baş Komandan İlham Əliyevlə, müzəffər ordumuzla birlikdə olduqlarını nümayiş etdirirdilər. Bir sözlə, hər kəs əlindən gələni əsirgəmirdi.

Payızlıq əkinlərin bəyanı prosesi davam edirdi. Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidmət göstərirdi. Növbəti aqrar səyyar xidmət Bərdə rayonunun Güloğlular Şörəlli kəndlərində təşkil olunmuşdu. Baxmayaraq ki, o günlərdə bu bölgə mənfur düşmənin hədəfində idi - erməni vandalları dinc sakınlərə, döyüş getməyən yerlərə qənim kəsilmişdilər.

Səyyar xidmətlər bölgələr üzrə qrafik əsasında təşkil olunurdu. Bərdədən əvvəl payızlıq əkinlərin bəyanı ilə əlaqədar Xaçmaz, Masallı, Kürdəmir rayonlarında müvafiq xidmətlər göstərilmişdi.

Erməni faşizmi isə öz mənfur əməllərini davam etdirməkdə idi. Dinc əməklə məşğul olan əhaliyə rahatlıq vermirdi. Dönə-dönə terror törədirdi. Məsələn, Tərtərin Kəbirli kəndinə atılan raket 16 yaşlı gəncin ölümünə səbəb oldu.

Belə ki, Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı növbəti terror törətdi. Erməni hərbçiləri tərəfindən Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində bağda xurma dərən 2004-cü il təvəllüdlü Orxan İsmayılzadə həlak oldu.

Kənd sakini Nurlan Baratzadə hadisə barədə danışarkən demişdi: "Raket atılan vaxt evdən səsə çıxdım. Uşaqların ağlamaq səsini eşitdim. Kömək istəyirdilər. Qaçaraq bağa gəldim. Gördüm iki uşaq Orxanın yanında durub. Orxan da üzüüstə yerə uzanmış halda idi, tərpənmirdi..."

Kənd sakini Xasay Məmmədov isə ermənilərin məqsədinin dinc azərbaycanlı əhalini qorxutmaq olduğunu vurğulamışdı: "Mənfur düşmən istəyir ki, dinc əhalini atəşə tutub təxribat yaratsın, camaatı qorxutsun. Amma bizim güclü ordumuz var, əsgərlərimizə güvənirik. Düşmən elə bilir ki, yenə də 1990-cı illərdi. O zaman bizim belə ordumuz yox idi. İndi isə qüdrətli dövlətimiz, güclü ordumuz var. İşğalda olan torpaqlarımız azad edilir. İnşallah, qələbə bizim olacaq".

İnsanların əlini işdən-gücdən soyumağa qoymayan bu inam idi. Müdrik dövlət başçısı, Ali Baş Komandana, müzəffər orduya, dövlətimizin qüdrətinə və Qələbəyə inam!

 

Flora SADIQLI,

Azərbaycan.-2022.- 6 oktyabr.- S.10.