Şuşada qədim memarlıq abidələrinin bərpası diqqət mərkəzindədir

 

Qarabağ Azərbaycandır!

 

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad edilmiş ərazilərimizdə erməni vandalizminə məruz qalmış dini, tarixiyerli memarlıq abidəsi hesab edilən binaların bərpası və   yenidən qurulmasına xüsusi önəm verirlər.

Qarabağda, ümumiyyətlə, işğaldan azad edilmiş bölgələrdə tikinti, quruculuq və bərpa işləri gündən-günə yeni vüsət alır. Bütün bu işlər dövlət başçısının şəxsi nəzarətində olduğundan bu yerlərə tez-tez səfər edir, görülən işlərlə yaxından tanış olur, tapşırıq və  tövsiyələrini verir. 

Belə növbəti səfərlərdən biri bu il sentyabrın 27-də Vətən müharibəsinin ikinci ildönümü - Anım günü reallaşdı. Həmin gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuŞuşa şəhərinə səfər etdilər. Xatırladaq ki, 29 il işğal altında olaniki il əvvəl düşməndən azad edilən Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi, "Qafqazın konservatoriyası" adlandırılmışdır. Şəhərin ərazisi qədim abidələrlə zəngin olmuşdur. Təəssüf ki, 1992-ci il mayın 8-də Şuşa düşmən tərəfindən işğal ediləndən sonra şəhərdə tarixi-mədəniyyət abidələri yerləyeksan edilmişdir. İşğalın davam etdiyi 29 il ərzində burada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 22 ümumtəhsil məktəbi, 7 uşaq bağçası, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr,

3 muzey dağıdılmış, məbəd və məscidlər təhqir edilmiş, 20 kitabxana yandırılmışdır.

Şuşa işğaldan azad olunduqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə bu şəhərə səfər etmiş və şəhərin bərpası ilə maraqlanmışlar. Dövlət başçısı Şuşaya səfərləri zamanı bu unikal məkanın tezliklə bərpa ediləcəyini bildirmisdir: "Mən demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq, 100 faiz".

İşğal zamanı dağıdılmış və məhv edilmiş müqəddəs  ünvanlardan biri də Yuxarı Gövhər ağa məscidi olmuşdur. Erməni vandalları tərəfindən məscidin interyeri məhv edilmiş, minarələrinin dekoru zədələnmiş, örtükləri dağıdılmışdır.  Qəbul edilmiş layihələrə əsasən,  Heydər Əliyev Fondunun  rəhbərliyi və "Paşa Holdinq"in maliyyə dəstəyi ilə  məsciddə ötən ilin noyabr ayından bərpa işlərinə başlanılıb.  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  sentyabrın 27-də Şuşada olarkən məscidi ziyarət etmiş və görülən işlərlə yaxından tanış olmuşlar.

Məsciddə birinci mərhələdə nəzərdə tutulan bərpa işləri başa çatdırılıb, ikinci mərhələdə işlər keyfiyyətlə davam etdirilir. Məscidin daşları ilkin layihəyə uyğun olaraq dəyişdirilir. Məsciddə konservasiya və bərpa işləri ilkin memarlıq üslubuna uyğun olaraq Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən və "Paşa Holdinq"in maliyyə dəstəyi ilə həyata keçirilir.

Bu günədək məsciddə möhkəmləndirmə işləri görülüb. Ermənistanın işğalı dövründə məscidə edilmiş müdaxilələr aradan qaldırılıb. Fasadlarda və binanın daxilində suvaq işləri başa çatdırılıb. Minarələrin boya işlərinə başlanılıb. Şuşa şəhərindən Bakıya gətirilmiş sal qaya parçalarından emalatxanada pəncərə haşiyələrinin daş kəsimi və fiqur hazırlanması davam etdirilir. Usta və sənətkarlar bərpa işlərini 2023-cü ilin sonunadək yekunlaşdırmağı nəzərdə tuturlar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin gedişi ilə də tanış olublar. Xatırladaq ki, malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa edilib. Mehmandarovlar ailəsinə məxsus olmuş kompleksə böyükkiçik yaşayış binaları, ailə məscidi və bulaq daxildir.  Malikanə kompleksi, ailə məscidi və ərazidəki bulaqda təmir-bərpa işlərinə 2021-ci ilin oktyabrından başlanılıb. İndiyədək evin və məscidin dam örtükləri orijinala uyğun quraşdırılıb, tavanlar bərpa olunub və rənglənib, qapı və pəncərələr qoyulub. Dağılmış divar bərpa edilib, zədəli divarda bərkitmə işləri aparılıb. Eyvanların və dirəklərin taxta konstruksiyalarının çürümüş hissələri düzəldilib. Evin çöl pilləkəni yenidən qurulub, döşəmə daşlarının dağılmış hissələri tamamlanıb. Hazırda eskiz layihələri əsasında divartavanlarda rəsmlərin bərpası işləri görülür. Bunlar ailə məscidinin uçmuş günbəzlərini, damını, mehrabı və "Güldəstə"sini də əhatə edir.

Bərpa işləri ilə tanışlıq zamanı Mehmandarovların malikanə kompleksinə daxil olan bulaq istifadəyə verilib. Bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Təmir-bərpa işlərindən sonra burada muzey ekspozisiyası quraşdırılacaq. 2023-cü ilin sonlarında təmir-bərpa işlərinin başa çatdırılması nəzərdə tutulan bu malikanədə ev sahibinin məşğuliyyətini, marağını nümayiş etdirən əşyalarla təchiz olunmuş kabinetin, qonaqların qəbulu üçün nəzərdə tutulan evin ən təmtəraqlı otağı sayılan və bir çox hallarda taxta dekorativ panellər və parça divar kağızları ilə bəzədilən qonaq, yemək və yataq otaqlarının yaradılması nəzərdə tutulur.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada təmir, bərpa və quruculuq işləri sırasında Şuşa şəhərində XIX əsrin sonlarında Qarabağ memarlıq məktəbinə xas olan üslubda inşa edilən binada  görülən işlərlə də tanış olublar. İşğal zamanı dağıdılmış və istifadəyə yararsız hala salınmış  üç yaşayış kompleksini özündə birləşdirən bu tikilidə binaların təməllərinin və divarlarının bərkidilməsi işləri aparılıb. İşğal dövründə binanın dağılmış hissəsi yenidən tikilib. Sonradan inşa olunmuş əlavə tikililər  sökülüb. Həyətdəki yarımtikilinin divarlarında bərkitmə işləri aparılıb, dəmir-beton dam quraşdırılaraq tikintisi tamamlanıb. Təmirdən sonra binadan  hotel kimi istifadə ediləcəyi nəzərdə tutulub. Hotelin interyeri autentik üslubda olacaq.

Görünən odur ki, yaxın vaxtlarda Şuşanın bütün tarixi, mədəni və dini abidələri bərpa edilib öz əvvəlki görkəminə qaytarılacaq və şəhər Azərbaycanın mədəniyyət paytaxtı missiyasını uğurla yerinə yetirəcək.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2022.- 2 oktyabr.- S.9.