“Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masa keçirilib

 

Oktyabrın 6-da Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dəyirmi masada çıxış edən Prezident İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra regionda yeni vəziyyət yaranıb. Ermənistan tərəfindən 30 illik işğala, işğal dövründə törədilmiş dağıntılara, vəhşiliklərə baxmayaraq, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Dövlətimizin başçısı deyib ki, bu sülh müqaviləsinin əsasını Azərbaycanın təklif etdiyi 5 prinsip - Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması təşkil etməlidir. Prezident İlham Əliyev bu xüsusda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində və Brüssel sülh gündəliyinin formalaşmasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı və təşəbbüsü ilə keçirilmiş görüşlərin əhəmiyyətini vurğulayıb. Dövlətimizin başçısı xatırladıb ki, oktyabrın 2-də iki ölkənin xarici işlər nazirləri bu xüsusda görüş keçiriblər. Sülh müqaviləsi üzrə danışıqlar uzun müddət davam etməməli, mümkün qısa zaman kəsiyində başa çatdırılmalıdır.

Prezident İlham Əliyev, eyni zamanda, qeyd edib ki, Azərbaycan Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə aparılan prosesi dəstəkləyir. Vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında olan normallaşma prosesi və Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesi bir-birini tamamlayacaq proseslərdir, bütövlükdə regionda sülhün və əmin-amanlığın təmin olunmasına xidmət göstərə biləcək haldır.

Dövlətimizin başçısı, həmçinin Cənubi Qafqazda sülhsabitliyin təmin olunması baxımından Azərbaycan-Gürcüstan-Ermənistan, yəni, üçlü formatda vahid müzakirə platformasının yaradılmasının vacibliyini qeyd edib. Deyib ki, burada da enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilə bilər.

Yekunda Prezident İlham Əliyev bir daha dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn prinsiplərinin rolunu qeyd edib, xüsusilə ərazi bütövlüyü prinsipinə diqqət çəkib. Bu prinsipə münasibətdə eyni yanaşmanın və dövlətlərarası münasibətlərdə bu prinsipin üstünlük təşkil etməsinin vacibliyini vurğulayıb. Həmçinin bu prinsipə münasibətdə selektiv yanaşmaların kənara qoyulmasının önəmini qeyd edib.

 

Azərbaycan.-2022.- 7 oktyabr.- S.2.