"Ermənistan tərəfindən
xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək
imzalana bilər"
Prezident İlham Əliyev Praqada Azərbaycan
televiziya kanallarına müsahibə verib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da
Praqada Azərbaycan televiziya kanallarına müsahibə verib.
AZƏRTAC müsahibəni təqdim edir.
Prezident İlham Əliyev: Buyurun, eşidirəm sizi.
– Cənab Prezident, ilk növbədə, bizə vaxt ayırdığınıza görə minnətdarlığımızı ifadə edirik. Bu gün kifayət qədər sıx qrafikiniz var idi. İlk görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə oldu. Sülhə doğru daha bir addımın atılması üçün son görüş də onun vasitəçiliyi ilə keçirildi. Daha da yaxınlaşa bilirikmi və bu prosesdə Avropa İttifaqının, şəxsən Şarl Mişelin rolunu necə qiymətləndirirsiniz?
-
Ümid edirəm ki, biz sülhə yavaş-yavaş
yaxınlaşırıq və Şarl Mişelin də bu sahədəki
fəaliyyətini mən yüksək qiymətləndirirəm.
Çünki bildiyiniz kimi, Brüsseldə
bir neçə dəfə üçtərəfli
görüş keçirilmişdir və hər dəfə
biz sülhə daha da yaxınlaşırıq. Bu
dördtərəfli görüş Şarl Mişel və
Emmanuel Makron tərəfindən təşkil edilmişdir və
bu görüş zamanı da önəmli məsələlər
müzakirə olunub. Hesab edirəm ki, bu görüşün
də sülh müqaviləsinə çatmaq
üçün önəmi olacaq.
Hələ ki, təmaslar davam edir. Biz
danışdıq ki, şam yeməyindən sonra yenə də
bir araya gələk. Hər halda, sülh
prosesinə artıq təkan verildi. Bildiyiniz
kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirləri
ilk görüşü keçirdilər və bizim fikrimizcə,
bunun ardı kəsilməməlidir. Tezliklə
nazirlər ikinci dəfə görüşməlidirlər və
biz təklif etdik ki, ondan sonra hər iki ölkənin
işçi qrupları da bir araya gəlsinlər, bəlkə
də bir görüş kimi yox, bir neçə gün ərzində
sülh müqaviləsinin mətninin hazırlanması ilə
məşğul olsunlar. Yəni, bizim niyyətimiz
bundan ibarətdir. Hesab edirəm Praqa görüşləri
- həm bu gün səhər Şarl Mişellə bir saat
yarım görüş keçirdik, bir çox məsələləri
müzakirə etdik və indiki görüş, axşam
keçiriləcək görüş də bir məqsədi
güdür ki, tezliklə Ermənistanla Azərbaycan
arasında sülh müqaviləsi imzalansın.
– Cənab
Prezident, Azərbaycanın bu tədbirə dəvət
olunması ölkəmizin Avropa üçün artan əhəmiyyətini
bir daha vurğuladı. Bəs, Azərbaycan-Avropa
İttifaqı münasibətləri yaxın gələcəkdə
hansı istiqamətlərdə inkişaf edə bilər?
- Bir
sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq
aparılır, əlbəttə ki, ilk növbədə,
enerji sahəsində. Buna misal olaraq bu ilin iyul
ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda
imzalanmış Anlaşma Memorandumunu qeyd edə bilərəm.
Bu gün Azərbaycanın enerji resurslarına
Avropada daha böyük tələbat var. Bizim tərəfimizdən
həyata keçirilmiş layihələrin əhəmiyyəti
bu gün özünü daha da büruzə verir.
Digər istiqamətlər, əlbəttə ki, siyasi
dialoq. Avropa
İttifaqı bizim üçün çox önəmli tərəfdaşdır
və yeni saziş üzərində iş aparılır. Sazişin böyük əksəriyyəti artıq
razılaşdırılmışdır və qalan məsələlər
o qədər də böyük prinsipial xarakter
daşımır. Nəqliyyat sahəsində
əməkdaşlıq üçün yeni imkanlar
yaradılıb. Çünki Azərbaycanın
coğrafi vəziyyəti və müasir nəqliyyat
infrastrukturu Avropa üçün də çox önəmlidir.
Həm Şərq-Qərb, həm də
Şimal-Cənub nəqliyyat dəhlizlərini nəzərdə
tuturam. Avropa İttifaqı ölkələri
bizim əsas ticarət tərəfdaşlarımızdır.
Azərbaycanın geosiyasi məkanda artan rolu, əlbəttə,
iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində
də özünü göstərir. Yəni,
bir çox sahələr üzrə - əlbəttə ki, təhsil,
humanitar sahə çox önəmlidir. Mən
deyə bilərəm ki, son aylar ərzində Avropa
İttifaqı ilə Azərbaycan arasında həm təmasların
sayı kəskin artıb, eyni zamanda, mahiyyət də yeni
müstəviyə çıxıb və
qarşılıqlı etimad artıb. Mən
bunu çox yüksək qiymətləndirirəm.
O ki
qaldı, Azərbaycanın bu tədbirə Avropa tərəfindən
dəvət edilməsinə, bunu, əlbəttə, biz
yüksək qiymətləndiririk. Bu, yeni
platformadır, müzakirələr təzə
başlayıb. Hələ ki, bu təşəbbüsün
gələcəyi ilə bağlı dəqiq bir şey demək
mümkün deyil. Amma hər halda, Azərbaycanı həm
Avropa İttifaqı tərəfindən, həm də tədbirin
ev sahibi – Çexiya tərəfindən bu
Avropa ailəsinə dəvət etmələri deməyə əsas
verir ki, bizim əlaqələrimizin çox gözəl
perspektivləri vardır.
-Cənab
Prezident, enerji məsələsinə toxundunuz. Bu
gün ölkəmizin Avropanın enerji təhlükəsizliyində
rolunu necə qiymətləndirirsiniz? Mövcud
geosiyasi vəziyyətdə Azərbaycan qazı Avropaya nə
vəd verir və qazın həcmini artırmağımız
üçün Avropa hansı addımlar atmalıdır?
- Deyə
bilərəm ki, burada da çox dəqiq və açıq
gündəlik var. Çünki biz öz enerji layihələrimizi
uzun illərdir icra edirik. Sadəcə, indiki
dünyada mövcud olan geosiyasi vəziyyət bizim
resurslarımıza tələbatı kəskin
artırmışdır. Əgər belə
demək mümkündürsə, tale elə gətirdi ki,
bizim bütün layihələrimiz hazır olan vaxtda Avropada qaza
olan tələbat daha da artdı. Bu yaxınlarda
Bolqarıstanda Yunanıstan-Bolqarıstan İnterkonnektorunun
açılış mərasimində də mən bu barədə
məlumat verdim ki, biz ötən il qaz
ixracatımızı əvvəlki ilə nisbətən 40
faiz artırmışıq. Bu il təxminən
30-40 faiz artıracağıq. Əlbəttə
ki, bu, böyük sərmayə tələb edir və biz buna
getməyə hazırıq və buna gedirik. Ona görə Avropa İttifaqı ilə
imzalanmış Memoranduma əsasən növbəti illərdə
biz Avropaya qaz ixracatını ən azı iki dəfə
artırmağı planlaşdırırıq. Yəni, əgər
keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə
bu, ən azı 18 milyard kubmetr olacaq, bəlkə də
çox. İndi yeni qaz yataqları istismara
düşür, mövcud qaz yataqlarından hasilat
artırılacaq. Eyni zamanda, Azərbaycanda
bərpaolunan enerji növlərindən istifadə olunması
böyük həcmdə təbii qaz ehtiyatı yaradacaq.
Həmçinin enerji təsərrüfatının
səmərəliliyinin artırılması nəticəsində
itkilər müəyyən dərəcədə ixtisar ediləcək,
yəni, biz bu qədər itkilərlə üzləşməyəcəyik.
Ona görə bu gün mümkün olan qaz ixrac potensialımızı
təsəvvür etmək bir qədər çətindir,
çünki daha da çox ola bilər. Biz, əlbəttə ki, çox təvazökarcasına
bu rəqəmləri səsləndiririk. O rəqəmləri
səsləndiririk ki, onların həyata keçməsinə
tam əminik. Amma əminəm ki, daha çox
olacaq. Bizim həm qazımız, həm
neftimiz, eyni zamanda, elektrik enerjimiz də Avropa qitəsinə
ixrac ediləcəkdir. Buna nail olmaq
üçün indi konkret proqramlar işlənib
hazırlanır, bəlkə də bu haqda danışmaq bir qədər
tezdir. Amma ümid edirəm ki, yaxın 6-7 ay ərzində
bu sahədə də çox ciddi irəliləyiş olacaq.
Ona görə Azərbaycan Avropa
üçün və təkcə Avropa üçün yox,
dünya üçün çox önəmli, strateji enerji tərəfdaşı
olacaqdır.
-Cənab
Prezident, Ermənistanın baş naziri Nikol Paşinyan ilə
görüşün detalları barədə də öyrənmək
istərdik. Nəzərə alsaq ki, Azərbaycan
ərazisində hələ də qanunsuz erməni silahlı
birləşmələri mövcuddur, digər tərəfdən
isə Azərbaycan üçün əsas prioritet mina təhlükəsizliyi
məsələsidir. Ermənistan isə hələ
də təxribatlar törətməyə davam edir. Görüş çərçivəsində hansı
məsələlərə toxunuldu və istərdik ki, Siz ətraflı
şəkildə məlumat verəsiniz.
- Bəli,
bu məsələ bütün görüşlərdə
qaldırılır. Bu gün də Ermənistan
baş naziri ilə tədbir çərçivəsində
ayaqüstü söhbətim də olmuşdur, bundan sonra da
olacaqdır. Ermənistanın bu
addımlarının sülhə zərər vurması
haqqında Azərbaycan tərəfi hər dəfə öz
sözünü deyir. Bu gün dördtərəfli
görüşdə də mən qeyd etdim ki, İkinci
Qarabağ müharibəsi başa çatandan sonra ermənilər
tərəfindən ən azı 1400 mina basdırılıb
və bu, bizə qarşı növbəti cinayətdir,
növbəti terror aktıdır. Onu da bildirdim
ki, 250-dən çox azərbaycanlı müharibədən
sonra ya həlak olub, ya da ki, ağır yaralanıb. Yəni, bizə qarşı erməni terroru davam edir
və buna son qoyulmalıdır. Minaların
basdırılması yeganə cinayət deyil.
Siz də qeyd etdiniz ki, bu günə qədər erməni
silahlı birləşmələri bizim
torpağımızdan çıxarılmayıb. Biz bunu tələb
edirik. Düzdür, onların bir qismi
çıxarılıb, amma hələ də onlar
torpağımızda mövcuddur və ümid edirəm ki,
buna da son qoyulacaq. Çünki bir şeyi artıq
bütün dünya ictimaiyyəti açıq dərk edir
ki, Qarabağ Azərbaycandır! Bunu biz hər dəfə
deyirdik, işğal dövründə, müharibə
dövründə, müharibədən sonra. Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki
dərk edir, həm də bunu tələffüz edir. Qarabağda yaşayan ermənilər, - mən bunu
dünən Ağdamda demişəm, - bizim vətəndaşlarımızdır
və onların taleyini, onların gələcək həyatını
biz hər hansı bir ölkə ilə müzakirə etmək
fikrində deyilik, o cümlədən Ermənistanla. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları
hansı hüquqlara malikdirlərsə, ermənilər də
o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların
yaşayışı, Azərbaycan cəmiyyətinə
inteqrasiya edilmiş yaşayışı indiki
yaşayışdan qat-qat yaxşı olacaqdır.
- Cənab
Prezident, Ermənistanın baş naziri Nikol Paşinyanla
görüş barədə danışarkən, növbəti
belə görüşün noyabrda keçiriləcəyi
elan edildi. Artıq gələn ay sülh
müqaviləsi bağlana bilərmi, ümumiyyətlə, bu
sənədin razılaşdırılması hansı mərhələdədir?
Nəqliyyat yollarının açılması
barədə maddənin bu sənədə daxil olduğunu nəzərə
alsaq, o, region üçün nə kimi əhəmiyyət
daşıyır?
- Prinsipcə,
hələ bir müddət bundan əvvəl mən demişəm
ki, Ermənistan tərəfindən xoş məram olarsa,
sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Vaxt keçir, bizim təşəbbüslər
heç də asan irəliləmir, xarici işlər nazirlərinin
birinci görüşü konkret nəticələr verməsə
də, hesab edirəm ki, bu, müsbət addımdır.
Düşünürəm ki, yaxın vaxtlarda qərar qəbul
edilərsə, iki ölkənin işçi qrupları
sülh müqaviləsinin mətni üzərində işləməyə
başlayacaqlar, biz ilin sonunadək razılaşmaya nail ola bilərik. Deməliyəm ki, bizim tərəfdən
elan edilən beş prinsiplə
bağlı heç kimin - nə erməni tərəfinin, nə
də Avropa İttifaqının heç bir sualı yoxdur. Bu
gün Fransa Prezidenti ilə görüş zamanı mən
gördüm ki, bu beş prinsip qəbul
edilir. Bu, təbiidir, çünki biz yeni
heç nə icad etməmişik. Bu,
münasibətləri normallaşdırmaq istəyən
dövlətlər arasında münasibətlərə əsaslanan
prinsiplərdir.
Bizim daxili məsələlərə gəlincə, təbii
ki, sülh müqaviləsində bu barədə söhbət
gedə bilməz. Qarabağda erməni əhalinin həyatının
necə qurulacağına gəlincə, bu, ayrı məsələdir.
Biz xarici siyasət blokumuz çərçivəsində
məsləhətləşmələri intensivləşdirməyi,
eləcə də Qarabağın erməni əhalisinin
nümayəndələri ilə qeyri-formal əlaqələri
davam etdirməyi planlaşdırırıq. Deməliyəm ki, belə əlaqələr
artıq müəyyən müddətdir ki, aparılır.
Düşünürəm ki, bu, hələ
Rusiya sülhməramlı kontingentinin məsuliyyət
zonasında yaşayan əsas əhali ilə tam anlayışa
gətirib çıxaracaq. Çünki
Azərbaycan cəmiyyətinə inteqrasiyanın, sadəcə,
başqa yolu yoxdur. Əgər kim
hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi
yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar.
Amma əgər bu, hansı səbəblərdən
kiməsə münasib deyilsə, onlar özləri
üçün başqa yaşayış yeri seçə
bilərlər.
Buna görə də sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. Əminəm ki, buna tez nail olmaq mümkündür. Çünki hesab etmirəm ki, bu, hansısa çoxcildlik olmalıdır, bu, beynəlxalq hüquq, beynəlxalq təcrübə çərçivəsində parametrləri müəyyən edən bir neçə maddədən ibarət yetərincə yığcam sənəd olmalıdır. Bununla biz müharibə, düşmənçilik səhifəsini qapadacağıq. Əlbəttə ki, kommunikasiyaların açılması – bu, mümkün sülh müqaviləsinin hissəsi deyil, bu, mahiyyətcə artıq olmalı idi. Ona görə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir. Bu gün mən Ermənistanın baş nazirinə yenə də müraciət edəndə ki, nəhayət bizə avtomobil yolu üçün marşrut verin, təəssüflər olsun, yenə də cavab ala bilmədim. Bu, hətta gülməli də deyil, çünki orada o qədər də böyük sahə yoxdur. Hamı bilir ki, dəmir yolu və avtomobil yolu haradan keçməlidir. Bizə Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil. Öz öhdəliyini pozmaq, əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir edirik, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun. Buna görə də bu suallar fikrimcə, ölkə rəhbərləri səviyyəsində noyabrda planlaşdırılan Brüssel görüşünün gündəliyində də, xarici işlər nazirlərinin tarixi hələ müəyyən edilməyən görüşündə də, bu ay Brüsseldə bizim təklifimizlə təşkil olunacaq delimitasiya üzrə görüşlərdə də üstünlük təşkil edəcək.
-Cənab Prezident, icazənizlə, iki məsələyə görə Sizə bir daha təşəkkürümüzü bildirək. Qeyd etdiniz ki, bundan sonra da Sizin görüşünüz nəzərdə tutulur. Birincisi, sıx qrafikinizdə bizə vaxt ayırdığınıza görə. İkincisi isə bu gün liderlərin birgə fotosu çox geniş yayıldı, sosial şəbəkələrdə çox geniş müzakirə olundu və qeyd edildi ki, bizim mövqeyimiz mərkəzdə və öndədir. Əslində, Azərbaycanın bu mövqeyinə görə də bir daha təşəkkür edirik.
Prezident İlham Əliyev: Mən də təşəkkür
edirəm. Çox
sağ olun.
Azərbaycan.-2022.- 7 oktyabr.- S.3.