Heydər Əliyev irsinə
ehtiramın nümunəsi
İki il əvvəl Vətən müharibəsində qazandığımız Zəfər Azərbaycanın müasir tarixinin ən böyük hadisəsi olmaqla yanaşı, hər birimizə bəlli olan bir sıra həqiqətlərin təcəssümü idi. Belə ki, Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanın tarixinin ən qüdrətli dövrünü yaşaması ilə bağlı söylənən fikirlərin təsdiqi oldu. Eyni zamanda bu Zəfər respublikamızın inkişaf yolunun düzgünlüyünü və ən əsası, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursun altenativsizliyini sübuta yetirdi.
Ulu Öndər Heydər Əliyev XX əsr Azərbaycan tarixinin yüksəliş və quruculuqla zəngin, müstəqil dövlətçiliyimizin təməllərinin qoyulması ilə əlamətdar olan şərəfli bir epoxasının müəllifidir. 53 il əvvəl başlanan bu epoxa özündə müasir dövlətçiliyimizin qürur doğuran mərhələlərini ehtiva edir. Azərbaycanın dərin iqtisadi və mənəvi böhran keçirdiyi 1969-cu ildə ölkəyə rəhbərliyə başlayan Ümummilli Lider Heydər Əliyev xalqımızı aydın gələcəyə, yüksək sosial rifaha aparan və eyni zamanda qarşıdakı müstəqilliyimizin iqtisadi bazasını təşkil edəcək tərəqqi yolunun əsasını qoydu. Bu baxımdan 1969-1982-ci illərdə respublikamızda həyatın bütün sahələrində baş vermiş köklü keyfiyyət dəyişiklikləri, yeni iqtisadi bazanın formalaşması, xalqımızın mədəni-mənəvi dəyərlərinin qorunması istiqamətində həyata keçirilən tədbirlər həcminə görə Azərbaycanın XX əsr quruculuq və intibah tarixinin şanlı mərhələsini təşkil edir.
Zamanın, müstəqilliyimizin ilk illərinin ağır siyasi proseslərinin həvalə etdiyi dövlətə və xalqa xidmət missiyasını Ulu Öndər Heydər Əliyev 1993-cü ildən sonra da qətiyyətlə yerinə yetirdi. O dövrdə hələ kövrək olan müstəqilliyimiz məhz Heydər Əliyevin sayəsində bütün təhlükələrdən xilas oldu. Bu mənada xalqımız dövlət müstəqilliyimizin qorunub saxlanılmasına, müasir dövlətçiliyimizin əsaslarının formalaşdırılmasına, Azərbaycanın bir dövlət olaraq müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasına görə məhz Heydər Əliyevə minnətdardır. Öz tarixi missiyası ilə Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanı qurdu, dövlətimizin memarına çevrildi.
Azərbaycanı hərtərəfli inkişaf yoluna çıxaran Heydər Əliyev öz əməlləri, xalqa əvəzsiz xidmətləri ilə tariximizdə əbədiyaşarlıq qazandı. Zəmanəmizin ən görkəmli siyasi xadimi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə Azərbaycanın yeni tarixində dövlətçiliyimizin möhkəmlənməsinə, müstəqilliyimizin əbədi olmasına verdiyi töhfələrə görə xalqımızın Ümummilli Liderinə çevrildi. Heydər Əliyev ideyaları həmişə yaşayacaq, Azərbaycanın inkişafının və yüksəlişinin təməl prinsiplərinin əsasını təşkil edəcək. Bu gün ölkəmizdə qazanılan bütün uğurlar təsdiq edir ki, Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir, onun əbədiyaşar ideyaları dövlətimizin yüksəlişinə xidmət edir.
Azərbaycan cəmiyyəti həmişə Heydər Əliyevlə bağlı olan tarixlərə dərin ehtiramla yanaşır. Ulu Öndərin Ali Sovetin Sədri seçildiyi 15 İyun tarixinin Milli Qurtuluş Günü kimi təsbit olunması da bunu təsdiq edir. Gələn il Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Xalqımızın Ümummilli Liderinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il respublikamızda "Heydər Əliyev ili" elan edilib. Bu qərar Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müasir tarixindəki və dövlətçiliyimizin inkişaf etdirilməsindəki xidmətlərinə verilən olduqca müdrik və tarixi qiymətdir.
Sərəncamda qeyd edildiyi kimi, müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Bəli, Ulu Öndərin əmanəti olan Azərbaycan dövləti son illərdə möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə güclənib və bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Fəxarət hissi ilə qeyd etmək istərdim ki, iki il əvvəl Vətən müharibəsində qazandığımız Qələbə Azərbaycanın gücünün, qüdrətinin təntənəsi oldu.
Heydər Əliyevin irsi o qədər zəngindir ki, hər zaman öyrəniləcək. Xalqımız öz inkişaf yolunda daim Ulu Öndərin irsinə müraciət edəcək. Heydər Əliyev irsinin öyrənilməsi Ümummilli Liderimizin mahiyyətində xəlqilik dayanan milli ideyalarının yaşaması və bütövlükdə dövlətçiliyimizin, ictimai-siyasi həyatımızın inkişafı deməkdir. Ona görə 2023-cü ilin respublikamızda "Heydər Əliyev ili" elan edilməsi Ulu Öndərin zəngin irsinin öyrənilməsi baxımından mühüm siyasi qərardır. Növbəti ildə bu istiqamətdə həyata keçirilən tədbirlər isə Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və ictimai irsinin, dövlətçilik fəlsəfəsinin və azərbaycançılıq məfkurəsinin təbliği və gələcək nəsillərə çatdırılması baxımından çox mühüm mərhələ olacaq.
Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı
Azərbaycan.-2022.- 7 oktyabr.- S.7.