"Sən demə sonuncu dəfə görüşməyə gəlibmiş"

 

Ta qədimdən oğlu dünyaya gələn ataya, anaya sevinənlər gözaydınlığı verib "bir əsgər də  dünyaya gəldi" deyərdilər. Elə bu amalla da Əli kişi oğlunu cəsur böyüdürdü. Halal çörəklə, alın təri, əl qabarı ilə… Oğul da ki, oğuluydu haAllah Elnura boy-buxun, üzünə  öz nurundan pay, qoluna qüvvət, ürəyinə cəsarət, ən başlıcası da, qeyrət vermişdi

44 günlük Vətən müharibəsində ermənilərin qara kabusuna çevrilmiş igidlərimizdən biri  Elnur Əli oğlu Vəliyevdir.

O, 1997-ci il avqustun 4-də Ucar rayonunda anadan olub. 2014-cü ildə orta məktəbi əla qiymətlərlə başa vuraraq elə həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2018-ci ildə hərbi təhsilini başa vuraraq könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin kursuna yazılıb, 4 ay təlim keçdikdən sonra Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də düşmən torpaqlarımıza təcavüz edəndə ürəyi qisas hissi ilə çırpınan, düşmənlə üz-üzə,  göz-gözə dayanıb "Qisas" hayqıran  igid oğullarımızın səfində Xüsusi Təyinatlıların cəsur döyüşçüsü Elnur Vəliyev olub. Xalqımızın qəhrəmanlıq salnaməsini yazan igidimizin Murovdağ silsiləsindən başlayan  döyüş yolu Cəbrayıl, Füzuli Hadrut, Xocavənd Şuşanın Çanaqçı kəndində  gedən qanlı döyüşlərə qədər davam edib. Oktyabrın 25-də yaralanmış yoldaşlarını döyüş meydanından çıxararkən canını Vətəninə qurban verərək şəhidlik zirvəsinə yüksəlib.

Ucarda, Elnurun ata ocağındayıq. Evdə şəhid leytenantın "ev muzeyi" yaradılıb. Elnurun hərbi forması, aldığı fəxri fərmanlar, diplomlar, medallar, bir şəkillərdən boylanan gözəl gözlü, nur üzlü gəncin bu dünyadan doymayan, sevgi dolu mənalı baxışları olan fotoşəkilləri bu muzeydə yerləşdirilib. Şəhid leytenantın atası Əli Vəliyev kövrələrək bizə Elnurdan söhbət açır:

- Allah onu hərbçi olmaq üçün yaratmışdı. artıq söz deyərdi, sirr verərdi. Sentyabrın 23-də Yevlax rayonundan olan bir əsgəri ilə gəlmişdi evə. Əsgərini göndərdi ki, get valideynlərini, əzizlərini gör gəl. Soruşdum yaxşı gəlmisən? Dedi ki, "İsmayıllı dağlarında hərbi təlimlər olacaq, orada iştirak etmək üçün gəlmişəm". Xüsusu Təyinatlı Qüvvələrin  dağlarda, çətin relyefi olan  yerlərdə təlim keçdiklərini bilirdim. Hələ məktəbi qurtarıb XTQ- kursa yazılanda da demişdim ki,  XTQ-nin işi çətindir, bəlkə yazılmayasan. Cavab vermişdi ki, "çətindi deyib hərəmiz yaxamızı çəkək bir kənara, düşmən torpağımızda at oynatsın?" Bizə hara gedəcəklərini demədi. Sən demə, bizimlə son dəfə görüşüb döyüşə gedirmiş. Sentyabrın 27-də zəng vurdum, telefonu açdıGüllə, atışma səsi aydınca eşidilirdi. Soruşdum haradasan, o səsdir elə? Dedi təlimdəyik. təlim, mənə düzünü de. Müharibə başladığını bilirəm. Ondan sonra dedi ki, Murovdağ silsiləsində düşmənlə döyüşürük. Düşməni sıxışdırmışıq, qələbə bizimlədir, sən Elnurunla fəxr edəcəksən. Əli kişi sözünün davamını gətirə bilmədi... Gözyaşları içində "Elnurla fəxr edirəm" dedi.

 Söhbəti  anası Nailə xanımla  davam etdiririk:

- Mən oğlum haqqında danışmayacağam. Elnur bayaqdan Əlinin, Nailənin oğluydusa, indi Azərbaycanın, Vətənin oğlu oldu. Elnurun yoxluğu haqqında nəinki danışa, heç düşünə belə bilmirəm. Mən başqa şeydən danışmaq istəyirəm. Qələbədən yaxşı ki, bunu qazandıq. Torpaqların böyük bir hissəsi qansız, qadasız qaytarıldı. Bir görürsən ki, yazırlar "niyə döyüş dayandırıldı?" Bunu deyənlərdən, yazanlardan soruşmaq istəyirəm: siz döyüşdə olan oğlun yolunu gözləməyin olduğunu bilirsiniz? Siz oğlunun şəhid xəbərini eşidən ananın nələr keçirdiyini hiss etmisiniz? Siz qardaş cənazəsinə girən bacı qədər çiyninizdə ağır yük daşımısınız? Bəsdirin! Anaları oğulsuz, bacıları gözüyaşlı, ataları belibükük qoyan qanlı müharibə heç kimə lazım deyil.

Biz Ucarda olarkən Elnur Vəliyevin oxuduğu orta məktəbdə də olduq. Dəhlizdə bizi nur üzlü şəhidin şəkilləri "qarşıladı". Müəllimi Solmaz Məmmədova gözyaşları içində keçmiş şagirdi haqqında qürurla söz açdı.

Sonra Elnur Vəliyevin keçdiyi döyüş yolunu, yazdığı qəhrəmanlıq səhifələrini döyüş yoldaşı Həsən Babayevlə vərəqlədik:

- Elnur mənim qulluq etdiyim taqımın komandiri olub. O, bir əfsanə, gerçək bir qəhrəman idi. Qorxmaz və cəsur idi. İçindən bir qisas hissi boylanırdı. Xocalı faciəsi dilindən düşmürdü. Hər döyüşə atılanda Xocalıda ölən qız-gəlinlərin, körpələrin, günahsız insanların qısasını almaq haqqında düşünüb, döyüşə girirdi. Əlbəyaxa döyüşdə qarşısında tab gətirən olmazdı. Bütün silahların dilini yaxşı bilirdi. Elnurun hər atəşi düşmənə bir can bahasına başa gəlirdi. O, düşmənin xeyli döyüş texnikasını məhv edib, silah anbarını partlatmışdı. Səngərə girib düşmənin canlı qüvvəsini əsir götürmüşdü.

Elnur düşmənin kabusu idi. Biz xüsusi təyinatlılar öndə gedir, dərinliklərə sızır, piyada qoşun növü üçün yol açırdıq. Şuşanın Çanaqlı kəndini terrorçulardan azad etmək üçün qanlı döyüşə girmişdik. Qısa zamanda kəndi terrorçulardan təmizləmişdik. Həmin kənddə bayrağımızı leytenant Elnur Vəliyev qaldırdı. Yaralılarımız var idi. Elnur yaralıları döyüş meydanından çıxaran zaman tank əleyhinə minaya düşüb şəhid oldu. Elnurun şəhid olması döyüş yoldaşları, Azərbaycan Ordusu üçün çox böyük itki idi.

Leytenant Elnur Vəliyevin Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda göstərdiyi misilsiz qəhrəmanlıq dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı ordeni", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

Elnur Qarabağ savaşında göstərdiyi igidliklə qəhrəmanlıq dastanı yazanlardandır.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2022.- 7 oktyabr.- S.8.