Azərbaycan
Milli Şəhərsalma Forumu başa çatıb
Forum
iştirakçıları belə bir mötəbər tədbirin
yüksək səviyyədə təşkilinə görə
minnətdarlıqlarını bildiriblər
Oktyabrın
6-da BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı,
Azərbaycan Diplomatik Akademiyasının (ADA Universiteti) təşkilati
dəstəyi ilə keçirilən Azərbaycan Milli Şəhərsalma
Forumu başa çatıb.
AZƏRTAC
xəbər verir ki, ADA Universitetində keçirilən
Forumun ikinci günündə sessiyalarda şəhərlərin
ekoloji cəhətdən davamlı inkişafı, mədəni
və tarixi irsin münaqişədən sonra bərpası,
“ağıllı” və “yaşıl” yeniliklərə
doğru, “yaşıl iqtisadiyyat” kimi mövzulara toxunulub, bu
istiqamətlərdə müzakirələr aparılıb.
“Ekoloji cəhətdən davamlı və
dayanıqlı şəhər inkişafı” sessiyasında
ekologiya və təbii sərvətlər nazirinin müavini
Firdovsi Əliyev bildirib ki, işğaldan azad olunmuş ərazilərdə
dayanıqlı şəhər konsepsiyası həyata
keçirilir.
“Səkkiz aydan qısa müddətdə Füzulidə
hava limanı tikilib, hazırda Laçın və Zəngilanda
da aeroportların tikintisi davam edir. Zəngilanın zəngin
təbiəti nəzərə alınaraq inşa işləri
bu ərazilərin park şəhərinə çevrilməsi
istiqamətində aparılır. İşğaldan azad
edilmiş torpaqlarda “yaşıl iqtisadiyyat”, “yaşıl kənd
təsərrüfatı”, “ağıllı kənd”lər
inşa olunur, bu torpaqlarda 2050-ci ilə qədər
sıfır emissiya zonası yaradılması
planlaşdırılır”, - deyə nazir müavini
vurğulayıb.
Şəhərlərdə yaşıllıqların və
açıq sahələrin artırılması mövzusuna
toxunan Firdovsi Əliyev bu məsələnin Bakının
Baş planında da əsas yer tutduğunu diqqətə
çatdırıb.
Nazir müavini qeyd edib ki, Bakıda hazırda
yaşıl sahələr 920 hektar ərazini əhatə edir
və 3169 hektara çatdırılması hədəflənib. Eyni Zamanda
2040-cı ilə qədər Bakı Bulvarının ərazisi
də genişləndiriləcək, bulvarın uzunluğu 25
kilometrdən çox olacaq.
İsveçrənin “sa_partners” şirkəti azad
olunmuş ərazilərimizin bərpası ilə
bağlı verdiyi təklifləri açıqlayıb. Şirkətin
təsisçilərindən olan Dunya Kovari Zəngilan, Kəlbəcər
və Qubadlı şəhərlərinin tikinti prosesi ilə
bağlı “sa_partners”in təkliflərini səsləndirib.
Bildirib ki, Azərbaycandan olan tərəfdaşlar bu təkliflərə
açıq və dəstəkləyici yanaşıblar. Əsas məqsəd
bu regionda öz evlərinə qayıdacaq sakinlərin təhlükəsiz
və dayanıqlı yaşayışını təmin etməkdir.
“Zəngilan şəhərinin bərpası zamanı
yaşıllaşdırma məsələləri diqqət mərkəzində
olacaq. Şəhərdə yaşıllıq qorunacaq,
parklar salınacaq, yaşayış binaları iki mərtəbəli
olacaq. Şəhərin elementləri
binanın inşasında tətbiq ediləcək”, - deyə
D.Kovari vurğulayıb.
Kəlbəcərin bərpası ilə bağlı
danışan isveçrəli nümayəndə burada
sağlamlıq turizminin yaradılması məsələsini
diqqətə çatdırıb.
O əlavə
edib ki, Qubadlı şəhərinin bərpasında prioritet
su ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsidir. Burada tətbiq ediləcək
konsepsiya da su ehtiyatlarını qorumağa və təkrar
istifadəyə imkan yaradacaq.
Energetika
nazirinin müavini Elnur Soltanov BP şirkəti ilə
Qarabağda istehsal ediləcək “yaşıl enerji”nin Abşerona transferinin
planlaşdırıldığını deyib.
Nazir müavini bildirib ki, yəni Abşeronda Qarabağda
istehsal olunan “yaşıl enerji”dən istifadə olunacaq. Bu kimi layihələrin
sayının artması gözlənilir.
Elnur
Soltanovun sözlərinə görə, 2030-cu il
üçün milli prioritetlər arasında yaşıl
mühit və ölkənin yaşıl böyüməsi
var, eyni zamanda, “yaşıl enerji” məkanının
yaradılması hədəflənib: “Azərbaycanın
külək enerjisi ilə bağlı 3000 meqavat, günəş
enerjisi ilə bağlı 23 min meqavat, bioenerji ilə
bağlı 380 meqavat, mini-hidro ilə bağlı
potensialı 520 meqavatdır. Ofşor enerji
potensialımız isə 157 giqavatdır. Azərbaycan
neft ölkəsidir, qaz ixrac edir, həm də külək
enerjisi potensialı var. Azərbaycan bərpaolunan enerji
istehsalını artıraraq gələcəkdə digər
ölkələrə də enerji ixrac edə bilər”.
O diqqətə
çatdırıb ki, Azərbaycan enerji layihələri
üzrə Avropa Yenidənqurma və İnklişaf
Bankının (AYİB) standartlarına uyğun hərraclar
keçirməyə başlayacaq. AYİB hərracların keçirilməsi
üzrə qaydalar hazırlayıb və gələn il bu standartlara uyğun hərracların
başlanması planlaşdırılır. Eyni
zamanda, Azərbaycan Asiya İnkişaf Bankı ilə (AİB)
birgə 50 meqavat gücündə üzən günəş
elektrik stansiyasının tikintisi layihəsini nəzərdən
keçirir.
Zəngilanda görülən işlər barədə
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan
rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəsi Vahid Hacıyev məlumat verib.
Qeyd edib ki, cari ilin iyul-sentyabr aylarında 66 ailəyə
Zəngilanın Ağalı kəndindəki evlərinin
açarları təqdim olunub. Ağalı kəndində 200 ev tikilib, daha 150 evin tikilməsi
planlaşdırılır.
“Şəhər işğaldan azad edildikdən sonra
sürətli yenidənqurma işləri başlayıb,
dayanıqlı, ağıllı konsepsiyalar tətbiq olunur. Zəngilan təkcə Azərbaycanda
deyil, ümumilikdə Cənubi Qafqazda “yaşıl” və
“ağıllı” həllərin katalizatoruna çevriləcək.
Biomüxtəliflik və yaşıllaşma ilə
bağlı işlər görülür, 20000 ağac əkilib.
Zəngilanın ağıllı Ağalı kəndində
200 ev tikilib, 150 evin daha tikilməsi nəzərdə
tutulub. Şəhərdə tikiləcək iki
və üçmərtəbəli yaşayış məntəqələri
təbiətlə vəhdətdə olacaq. Logistika, turizm və kənd təsərrüfatı
Zəngilanın dayanıqlı gələcəyi və
inkişafına töhfə verəcək”, - deyə Vahid
Hacıyev vurğulayıb.
UN-HABITAT proqramının əməkdaşı Klas Qrot
azad edilmiş ərazilərin bərpası prosesində
“yaşıl” və dayanıqlı yanaşmanın tətbiqini
diqqətə çatdırıb.
O bildirib
ki, Qarabağda böyük işlər görülür,
maraqlı planlar hazırlanıb: “Mən şəhərlərin
daha “yaşıl” və dayanıqlı ola
biləcəyi barədə fikirlərimi
bölüşdüm və ümid edirəm ki, Milli Şəhərsalma
Forumunda müzakirə olunan məsələlər real bərpa
prosesinə tətbiq ediləcək”.
“Mədəni və tarixi irsin postkonflikt dövründə
bərpası” sessiyasında çıxış edən mədəniyyət
naziri Anar Kərimov işğaldan azad edilmiş ərazilərdə
162 yeni mədəniyyət abidəsi
aşkarlandığını diqqətə
çatdırıb.
Nazir
bildirib ki, 30 il ərzində bu ərazilərdə
Azərbaycanın mədəniyyət abidələri, mədəni
irsi dağıdılıb, mənşəyi dəyişdirilib
və ya qanunsuz arxeoloji qazıntılar aparılıb. Bu kimi hadisələr beynəlxalq konvensiyalara ziddir.
Ərazilərimiz işğaldan azad edildikdən
sonra burada xarabalıqlar, vandallıq aktları
aşkarlanıb.
Anar Kərimov qeyd edib ki, aparılan ilkin monitorinqlər
zamanı dövlət reyestrinə salınmış 706 abidədən
403-ü tədqiq edilib. Bundan başqa, 864 mədəniyyət
müəssisəsinin monitorinqi aparılıb. Həmçinin 162 yeni mədəniyyət abidəsi
aşkar olunub. Hazırda nazirliyin əməkdaşları
monitorinq apararkən mina təhlükəsi ilə
qarşılaşırlar. Bu səbəbdən
prioritet tapşırıq ərazilərin minalardan təmizlənməsi
və arxeoloji işlərin təhlükəsizliyinin təminidir.
“Hazırda Şuşada üç məscid və iki
kilsə bərpa olunur. Bununla da Azərbaycan mədəni irsə
qarşı ayrı-seçkilik etmədiyini bir daha bəyan
edir. Hər bir mədəni irs Azərbaycan
üçün əhəmiyyətlidir, əzizdir.
Çünki bu irs yalnız Azərbaycana deyil, bəşəriyyətə
məxsusdur”, - deyə nazir vurğulayıb.
Azad
olunmuş ərazilərdə arxeoloji abidələrin bərpası
məsələlərinə toxunan Anar Kərimov bildirib ki,
Üzərliktəpə, Qullərtəpə və Yedditəpə
kimi arxeoloji abidələrin qorunması üçün
addımlar atılıb: “Üzərliktəpədə
arxeoloji qazıntılar təşkil olunub. Hazırda
Füzulidəki Yedditəpədə qazıntı işləri
aparılır”.
İşğaldan azad olunmuş ərazilərdə
tarixi və mədəni abidlərin qorunması və bərpası
ilə bağlı yol xəritəsinin təsdiqləndiyini
diqqətə çatdıran nazir xəritənin yerli və
xarici ekspertlərlə birgə işlənərək
hazırlandığını söyləyib. Qeyd edib ki, bərpa
prosesi 6 mərhələdən ibarətdir. Proses
bir-birini tamamlayan və məntiqi şəkildə biri digərinin
davamı olan mərhələlərdən ibarət
olmalıdır. Bu mərhələlər
prosesin dayanıqlı və effektiv şəkildə həyata
keçirilməsini şərtləndirməlidir.
Onların ardıcıllığının düzgün
müəyyənləşdirilməsi vaxt və resurs itkisinə
yol verməməyə imkan yaradır: “Birinci mərhələ
ərazinin minalardan təmizlənməsi də daxil olmaqla, təhlükəsiz,
iqtisadi-sosial fəaliyyət üçün yararlı bir məkana
çevrilməsini, ikinci mərhələ infrastruktur və
şəhərsalma layihələrinin, ümumi, baş və
müfəssəl planların hazırlanmasında abidələrin
nəzərə alınmasını, üçüncü mərhələ
kommunikasiya xətlərinin çəkilməsini,
dördüncü mərhələ abidələrin təmir-bərpa
və tikintisinə başlamazdan öncə yer
topoqrafiyasının həyata keçirilməsini, beşinci
mərhələ bərpa ardıcıllığı və
bərpa prosesi çərçivəsində abidələrin
gələcək istifadəsi üzrə təyinatların
müəyyən edilməsini və altıncı mərhələ
eskiz, layihə-smeta sənədinin hazırlanmasını,
daha sonra konservasiya və ya bərpa işlərinin
icrasını əhatə edir”.
Heydər Əliyev Fondunun icraçı direktorunun
köməkçisi Şamil Əzizov bildirib ki, Şuşada
məscidlərin bərpasında Türkiyə və
İtaliyadan olan ekspertlər də iştirak edirlər. Şuşada
Yuxarı Gövhər Ağa, Aşağı Gövhər
Ağa və Saatlı məscidləri İtaliya və
Türkiyədən olan özəl ekspertlərin nəzarəti
ilə bərpa olunur.
Polşa Şəhərsalma Mütəxəssisləri
Cəmiyyətinin rəhbəri Tomas Mayda Azərbaycan Milli
Şəhərsalma Forumunun əhəmiyyətindən
danışıb. Qeyd edib ki, Forum bu istiqamət üzrə
fəaliyyət göstərən mütəxəssislərin
təcrübə mübadiləsi aparmasına şərait
yaradır. Forumda çoxlu sayda ölkədən
ekspertlər iştirak edir və bu, yeni layihələrin həyata
keçirilməsi üçün əla fürsətdir.
“Ağdamda bütün dağıntıları gözlərimizlə
gördük.
Dağıntıların miqyası
böyükdür və bu, böyük itkidir. Bu əraziləri bərpa etmək üçün
prioritetləri müəyyənləşdirmək
lazımdır”, - deyə Tomas Mayda vurğulayıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarının
Azərbaycandakı nümayəndəsi Guido Ambroso bildirib ki,
Azərbaycan hökuməti Böyük
Qayıdışın dayanıqlı olması
üçün zəruri elementləri düzgün müəyyənləşdirib. Bu proqramı
həyata keçirən Azərbaycan təkcə ərazilərin
minalardan təmizlənməsinə yox, eyni zamanda, gənclər
üçün cəlbedici olacaq şəhər mərkəzlərinin
yaradılmasına da diqqət yetirir.
“Müharibəni
görmədən onu anlamaq, nəticələrini demək
çətindir”, - deyən Macarıstanın İnvestisiya və
Konstruksiya Nazirliyində dövlət katibinin müavini Lorant
Perenyi dünən Ağdamda müharibənin nəticələrinin
şahidi olduğunu vurğulayıb.
O bildirib
ki, Azərbaycan azad edilmiş ərazilərə həyatı
yenidən qaytarmaq üçün buranı minalardan tam təmizləməlidir.
Əhalinin köçürüldüyü ərazilər
artıq təmizlənib.
“Azərbaycan odlar yurdu adlanır, alov sizi simvolizə
edir. Mənim fikrimcə, iki cür alov var. Biri həyatı
məhv edir, dağıntılara səbəb olur, digəri
yaşam gücünü, quruculuğu, cəsarəti təmsil
edir. Azərbaycanlılar ikinci kateqoriyaya
aiddir. Sizin alov simvolunuz cəsarət,
qurub-yaratmaqdır”, - deyə dövlət katibinin müavini əlavə
edib.
Azərbaycan
Respublikası Prezidentinin Şuşa
rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov gələn
ilin sonundan Şuşada 2500 nəfərin
yaşayacağını deyib.
“Əhalinin qayıdışına hazır olmaq
lazımdır. Gələn ildən sosial və turizm
sektorlarında məşğulluq üçün işlər
görüləcək. Evlərinə
qayıdacaq insanlar rahat inkluziv şəhərdə yaşayacaq.
Biz istəyirik ki, o insanlar bu yerlərə aid
olduğunu hiss etsin. Şuşanın
iqtisadi cəhətdən xüsusi profili var. Şuşa daha
çox mədəni və turistik potensiala malikdir”, - deyə
Prezidentin xüsusi nümayəndəsi vurğulayıb.
Daha sonra
digər məruzəçilər işğaldan azad
olunmuş ərazilərdə görüləcək yeni layihələr
barədə məlumat verib, təkliflərini səsləndirib,
görülən işləri təqdir edib, Forumun əhəmiyyətinə
toxunaraq ölkəmizin ev sahibliyi ilə Azərbaycan Milli
Şəhərsalma Forumunun yüksək səviyyədə təşkilindən
razı qaldıqlarını bildiriblər.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev UN-HABITAT və Azərbaycan hökumətinin birgə təşəbbüsü olan ilk Azərbaycan Milli Şəhərsalma Forumuna göstərilən dəstəyə, iştiraka görə hər kəsə təşəkkür edib: “Hesab edirəm ki, milli və yerli hökumətlərin, beynəlxalq və qeyri-hökumət təşkilatların, akademik və ekspert dairələrin geniş təmsil olunduğu bu Forum hər il keçirilərək çox məhsuldar bir qlobal platformaya çevriləcək. İnanıram ki, Forumun davam etdiyi 2 gün ərzində biz birlikdə bir çox qlobal şəhərsalma və məskunlaşma çağırışları barədə geniş fikir mübadiləsi apara bildik. Təmsil etdiyiniz hər bir ölkə və təşkilatın təcrübəsi bizim üçün çox önəmli və dəyərlidir. Eyni zamanda, biz də Azərbaycan modelini, şəhərsalma təcrübəmizi bölüşmək imkanına sahib olduğumuz üçün sizə minnətdarıq”.
Sonda Forumun nəticələrinə dair Azərbaycan Milli Şəhərsalma Forumunun yekun Bəyannaməsi qəbul olunub.
Qeyd edək ki, İlk Milli Şəhərsalma Forumu 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi əhəmiyyət kəsb edir.
Qırx dörd ölkədən
130-dan çox nümayəndənin, ümumilikdə isə
400 nəfərdən çox iştirakçının
qatıldığı, oktyabrın 5-6-da keçirilən Azərbaycan
Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində
dünyanın müxtəlif ölkələrindən olan sahə
mütəxəssislərinin təcrübələrinin
bölüşülməsi və dayanıqlı
inkişafın təmin edilməsi üçün əməkdaşlıq
əlaqələrinin genişləndirilməsi
baxımından da nadir və uğurlu platformadır.
Azərbaycan.-2022.- 7 oktyabr.- S.11.