Alimin gənc nəslə hədiyyəsi

 

 

Əməkdar müəllim, pedaqogika üzrə elmlər doktoru Yusif Qazıyevin "Füyuzat" nəşriyyatında çap edilmiş "Kitabi -Dədə Qorqud" abidəsində təlim-tərbiyə məsələləri Azərbaycan milli dövlətçiliyinin, maarif və mədəniyyətinin təməl daşıdır" adlı yeni monoqrafiyası işıq üzü görüb.

Alimin xalqımızın mənəvi xəzinəsinin ən gözəl incilərindən biri olan "Kitabi-Dədə Qorqud" dastanına müraciət etməsi təbii ki, heç də təsadüfi deyil.

Y.Qazıyev bütün ömrünü gənc nəslin təlim-tərbiyəsinə, gənclərimizin vətənpərvərlik ruhunda yetişməsinə sərf edib. Azərbaycan xalqının, o cümlədən türk dünyasının ən qədim yazılı abidələrindən olan "Kitabi-Dədə Qorqud" dastanı oğuzların adət-ənənələri, həyat tərzi, mənəviyyatı, dünya görüşləri və tarixi-etnoqrafik məlumatları ilə zəngin bir xəzinədir. Epos soykökümüzü, tariximizi, milli dövlətçilik adət-ənənələrimizi və dilimizin keçmişini öyrənmək baxımından müstəsna əhəmiyyətə malikdir.

Yusif Qazıyevin oxuculara təqdim etdiyi yeni tədqiqat əsərində əcdadlarımızın dövlətçilik ənənələrinin, təlim-tərbiyə məsələlərinin necə yaranması dastandakı məlumatlar əsasında təhlil edilmişdir. Monoqrafiyada xalqın təfəkkür tərzi, psixologiyası, ictimai və mədəni inkişafın fəaliyyət istiqamətləri elmi, pedaqoji, tarixi, ekoloji, hərbi və fiziki inkişaf baxımından araşdırılıb.

Bədii publisistikanın geniş imkanlarından istifadə edən müəllif əsərdə "Kitabi-Dədə Qorqud" mətnlərində rast gəlinən ən müxtəlif anlayışların özünəməxsus şəkildə elmi izahını verir. Filolojitürkoloji fikrin bir çox mühüm nailiyyətlərini özündə əks etdirən həmin izahlar qorqudşünaslıqla bağlı mənəvi xəzinəmizi daha da zənginləşdirir.

Pedaqoq-alimin bu kitabının da tarixin yaddaşından süzülüb gələn vətənpərvərlik hissinin gənclərə aşılanmasında mühüm rol oynayacağı şübhəsizdir.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2022.- 7 oktyabr.- S.12.