Baş nazir: “Azərbaycan
bundan sonra da Xəzəryanı dövlətlərin
xalqlarının rifahı naminə çoxtərəfli əməkdaşlığın
inkişafı üçün bütün səyləri göstərəcək”
Oktyabrın 6-da Rusiya Federasiyasının paytaxtı Moskvada 2-ci Xəzər İqtisadi Forumu öz işinə başlayıb.
Nazirlər
Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, Forumda Azərbaycan Respublikasının Baş naziri Əli
Əsədov, İran İslam Respublikasının Birinci
vitse-prezidenti Məhəmməd Mohber, Rusiya Federasiyası
Hökumətinin sədri Mixail Mişustin, Qazaxıstan
Respublikasının Baş naziri Alixan Smailov və Türkmənistanın
Nazirlər Kabineti sədrinin müavini Xocamurad Geldimuradov
iştirak ediblər.
Forum
iştirakçıları əvvəlcə məhdud tərkibdə
danışıqlar aparıb, iyunun 29-da Aşqabadda
keçirilən 6-cı Xəzər Zirvə toplantısının
yekunlarını nəzərdən keçiriblər.
Daha
sonra 2-ci Xəzər İqtisadi Forumunun plenar iclası baş
tutub.
İclasda
çıxış edən Baş nazir Əli Əsədov
bildirib ki, Azərbaycanın xarici siyasət strategiyasında Xəzəryanı
dövlətlərlə əməkdaşlıq xüsusi yer
tutur.
Qeyd
olunub ki, Xəzəryanı dövlətlərin
qarşılıqlı fəaliyyəti maraqların
qarşılıqlı nəzərə alınması,
suverenliyə, ərazi bütövlüyünə, müstəqilliyə
hörmət, eləcə də bir-birinin daxili işlərinə
qarışmamaq prinsiplərinə əsaslanır.
Xəzəryanı
dövlətlər arasında sahəvi əməkdaşlığın
sanballı hüquq-müqavilə bazasına toxunan
Ə.Əsədov bildirib ki, bu baza bir çox sahələri,
o cümlədən təhlükəsizlik, ticari-iqtisadi əməkdaşlıq,
nəqliyyat, ekoloji məsələlər, eləcə də
qarşılıqlı maraq doğuran digər sahələri
əhatə edir.
Bu
baxımdan 2018-ci il avqustun 12-də Aktau şəhərində
imzalanmış Xəzər dənizinin hüquqi statusu
haqqında Konvensiya Xəzəryanı ölkələrin hərtərəfli
əməkdaşlığı üçün əsas sənəd
kimi səciyyələndirilib, onun tezliklə qüvvəyə
minməsinin Xəzərdə bütün sahələrdə
gələcək əməkdaşlığa böyük
töhfə verəcəyinə əminlik ifadə edilib.
Azərbaycanın
iqtisadi göstəricilərinə toxunan Baş nazir qeyd edib
ki, cari ilin 8 ayının yekunlarına görə, ölkədə
iqtisadi artım müşahidə olunur, xarici ticarət sahəsində
müsbət dinamika qorunub saxlanılır.
“Sevindirici haldır ki, pandemiya zəiflədikcə, Azərbaycanın Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi də artım trayektoriyasına qayıdıb”, - deyən Ə.Əsədov əlavə edib ki, 2022-ci ilin 8 ayı ərzində Azərbaycanın Xəzər regionu ölkələri ilə ticarət dövriyyəsi 45 faizdən çox artıb.
Nəqliyyat-tranzit sektorunda əməkdaşlığa diqqət çəkən Baş nazir Azərbaycanın Xəzər dənizindən keçən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin həyata keçirilməsinə və inkişafına mühüm töhfə verdiyini qeyd edib.
“Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ilə Azərbaycan ərazisindən yükdaşımalarda ilbəil artım müşahidə olunur. Belə ki, bu ilin 8 ayı ərzində Şərq-Qərb dəhlizi ilə ölkəmiz vasitəsilə tranzit yükdaşımalar 20 faiz, Şimal-Cənub marşrutu üzrə isə 33 faiz artıb”, - deyə Ə.Əsədov bildirib.
Baş nazir Bakı Beynəlxalq Dəniz Ticarət Limanını bu dəhlizlərin əsas həlqəsi adlandırıb və liman vasitəsilə tranzit yükdaşımaların həcminin hər il artdığını diqqətə çatdırıb.
Ə.Əsədovun sözlərinə görə, beynəlxalq nəqliyyat dəhlizlərinin tərkib hissəsi kimi Xəzər regionunun əhəmiyyətinin artması həm də dəniz limanlarının rolunun optimallaşdırılmasını nəzərdə tutur. Bununla əlaqədar olaraq, Bakı limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona çatdırılması istiqamətində işlər aparılır.
Xəzər üzərindən beynəlxalq daşımalardan danışan Ə.Əsədov dayazlaşma probleminə diqqət çəkib. Qeyd olunub ki, Xəzəryanı dövlətlər üçün dənizin dibinin dərinləşdirilməsi istiqamətində daimi işlərin aparılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti yaranıb. Yüklərin tam həcmdə daşınmasının təşkili üçün bu problemin həllinin zəruriliyi vurğulanıb.
Sentyabrın 9-da Bakıda keçirilən Azərbaycan, Rusiya və İran arasında ilk üçtərəfli görüş Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üçün mühüm addım kimi qiymətləndirilib.
Görüşün yekunlarına dair tərəflərin 2030-cu ilə qədər Şimal-Cənub dəhlizi ilə tranzit səviyyəsinin ildə 15 milyon tona çatdırılması üçün əməkdaşlığa və imkanların qiymətləndirilməsinə hazır olduqlarını əks etdirən Bakı Bəyannaməsi imzalanıb.
Forum iştirakçılarına Azərbaycanın mülki yük donanmasının, eləcə də Bakı Gəmiqayırma Zavodunun imkanları barədə məlumat verilib, diqqətə çatdırılıb ki, bütün Xəzəryanı dövlətlər onun imkanlarından yararlana bilərlər.
Azərbaycanın Transxəzər beynəlxalq nəqliyyat marşrutundan səmərəli istifadə edilməsinə mühüm töhfəsi qeyd olunub.
Baş nazir vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsindən sonra formalaşan yeni reallıqlar regionda nəqliyyat marşrutlarının imkanlarını genişləndirməyə imkan verir. “Bu gün biz regional nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üzərində fəal işləyirik. Bu mənada Zəngəzur dəhlizinin açılması mühüm əhəmiyyət kəsb edir”, - deyə Əli Əsədov qeyd edib.
Forum iştirakçılarının diqqəti, həmçinin Xəzər dənizinin dibi ilə Azərbaycandan Qazaxıstan və Türkmənistana fiber-optik kabellərin çəkilməsini nəzərdə tutan kommunikasiya layihələrinə yönəldilib.
Bildirilib ki, bu yaxınlarda Azərbaycan və Qazaxıstanın aparıcı telekommunikasiya operatorları Astanada müvafiq layihə üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalayıblar.
Həmçinin Xəzəryanı dövlətlərin enerji sahəsində əməkdaşlığı artırmaq üçün böyük imkanların olduğu vurğulanıb.
Ə.Əsədov Xəzərin Azərbaycan sektorunda karbohidrogen hasilatının uğurla həyata keçirildiyini qeyd edərək bu prosesdə Rusiya və İran şirkətlərinin də iştirak etdiyini bildirib.
Baş nazir Azərbaycan və Türkmənistan arasında Xəzər dənizindəki “Dostluq” karbohidrogen yatağının birgə kəşfiyyatı və işlənməsi üzrə əldə olunmuş razılığı da qeyd edib.
Diqqətə çatdırılıb ki, Qazaxıstan və Türkmənistan öz enerji resurslarının tranziti üçün Azərbaycanın nəqliyyat və boru kəməri infrastrukturundan istifadə edir.
Ekoloji problemlərə toxunan Baş nazir bildirib ki, Azərbaycan Xəzəryanı dövlətlərin bu məsələ ilə bağlı narahatlığını bölüşərək Xəzər dənizinin ətraf mühitinə mənfi təsirləri minimuma endirmək üçün fəal səylər göstərir.
Bildirilib ki, oktyabrda Bakıda Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 6-cı Konfransının keçirilməsi planlaşdırılır.
Baş nazir Azərbaycanın bundan sonra da Xəzəryanı dövlətlərin xalqlarının rifahı naminə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün bütün səyləri göstərməyə hazır olduğunu bildirib.
Plenar
iclasın yekunlarına dair 2-ci Xəzər İqtisadi Forumunun
Kommunikesi imzalanıb.
Azərbaycan.-2022.- 7 oktyabr.- S.4.