İlham Əliyev
milli maraqları qətiyyətlə təmin
edir
Praqada 5 saatdan artıq çəkən iki hissədən ibarət görüşlərdə
sülh prosesinə təkan verildi
Prezident
İlham Əliyevin Praqaya səfəri, Avropa İttifaqı
Şurasının prezidenti Şarl Mişel, Fransa Prezidenti
Emmanuel Makron və Ermənistanın baş naziri Nikol
Paşinyanla dördtərəfli görüşləri, əldə
olunmuş nəticələr qalib komandanın dünyada
böyük nüfuzunun göstəricisi, Azərbaycanın
milli maraqlarının təmin olunması istiqamətində həyata
keçirdiyi ardıcıl və qətiyyətli siyasətin
növbəti böyük uğuru oldu.
5 saatdan artıq keçirilən 2 görüş əvvəlkilərdən fərqliliyi və xüsusi ştrixləri ilə fərqləndi. İlham Əliyevin bu görüşə qədər əldə etdiyi diplomatik uğurlarının nəticəsi olaraq bir sıra mühüm razılaşmalara gəlindi. Ən əsası isə odur ki, yekunda qəbul edilmiş bəyanata əsasən Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıdığını dilə gətirmək məcburiyyətində qaldı.
Qəbul edilmiş bəyanat da isbat etdi ki, danışıqlar tam olaraq rəsmi Bakının diktəsi fonunda keçib və sənəd Azərbaycanın istəklərinə uyğun formada qəbul olunub. Belə ki, Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyini tanıdılar və bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Faktiki olaraq bu həm də o deməkdir ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
Azərbaycanın televiziya kanallarına müsahibəsində İlham Əliyev bildirdi ki, indiyədək Brüsseldə keçirilən görüşlərdə tərəflər hər dəfə sülhə daha da yaxınlaşıb. Praqa görüşlərində isə sülh prosesinə artıq təkan verilib.
44 ölkənin dövlət və hökumət başçılarını bir araya toplayan Avropa Siyasi Birliyi
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə Praqaya səfər edən İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə Toplantısında iştirak etdi və "Avropa qitəsində sülh və təhlükəsizlik" mövzusunda keçirilən "dəyirmi masa"da çıxış edərək bir daha Ermənistanın 30 il ərzində işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizmi və hazırkı Azərbaycan reallıqlarını dünyaya bəyan etdi.
Qeyd edək ki, Avropa Siyasi Birliyi qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.
Zirvə toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər. İlk dəfə keçirilən Avropa Siyasi Birliyinin Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu şəkildə və birlik ruhunda bir araya gətirir.
Çexiya səfərində İlham Əliyev ilk olaraq Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşdü. Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması istiqamətində Brüssel görüşlərinin əhəmiyyətini qeyd edən İlham Əliyev Şarl Mişelə vasitəçilik missiyasına görə təşəkkürünü bildirdi. Dövlət başçısı Azərbaycanın Brüssel formatını dəstəklədiyini qeyd etdi. Söhbət zamanı gələn ay Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün gündəliyi müzakirə olundu.
Praqada danışıqların növbəti mərhələsinəticəsiz ötüşmədi
Ümumiyyətlə, bundan öncə də keçirilən bütün görüşlər İlham Əliyevin diktəsi altında reallaşıb. Ermənistan Azərbaycan Prezidentinin sülh müqaviləsinin imzalanması istiqamətində irəli sürdüyü 5 prinsipi qəbul edib.
Lakin Ermənistanın aparılan danışıqlardan sonra törətdiyi təxribatlar danışıqlar prosesinin gedişatına ciddi maneə yaradırdı. Düzdür, Azərbaycan bütün təxribatlara istənilən formada cavab verərək düşməni geri çəkilməyə məcbur edibdir. Amma bu təxribatlar göstərirdi ki, Ermənistan yenə də vaxt udmaq, prosesləri öz xeyrinə çevirmək üçün oyunlar oynayır.
Havadarlarına arxalanan bu ölkənin, əslində, niyyəti bəllidir. Ermənistan yenə də "status" məsələsini gündəmə gətirməklə Azərbaycanı hiddətləndirmək və prosesləri öz xeyrinə dəyişmək məqsədi güdür. Elə Praqada keçirilən danışıqlarda Fransa Prezidenti Emmanuel Makronun iştirakı da buna hesablanmışdı. Fransanın ənənəvi ermənipərəst siyasətini nəzərə alsaq, Praqada keçirilən dördtərəfli görüşdə Azərbaycan üçün müxtəlif tələ və hiylələrin hazırlandığını güman etmək olardı. Paşinyan Fransanın da iştirak etdiyi görüşlərdə özünü həmişə güvənli hiss edir. Fransa tərəfi Ermənistanı dəstəklədiyini heç bir zaman gizlətmir.
Güman edilirdi ki, Ermənistan və Fransa sərhəddə baş vermiş insidentlərə görə Azərbaycana təzyiq göstərəcəklər. Amma İlham Əliyevin qətiyyəti və prinsipiallığı buna imkan vermədi - 5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan görüşdə Azərbaycana qarşı hər hansı bir formada təzyiq cəhdinin qarşısı alındı.
Görüşün sonunda bəyanat qəbul edildi və sənəd Yelisey sarayının rəsmi saytında dərc olundu. Bəyanatda deyilir: "Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb 2 ay müddətinə başa çatdıracaq".
Bəyanatda qeyd edildiyi kimi, Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyini tanıdılar və bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Faktiki olaraq bu o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıyır.
Aİ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradıb bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Amma öz suverenliyinə dəyər verən Azərbaycan buna etiraz etdi. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırılıb ki, monitorinq missiyası yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğuna və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək.
Bu görüşlərdə sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsi də razılaşdırıldı.
Beləliklə, Azərbaycanın maraqları Prezident İlham Əliyev tərəfindən layiqincə qorundu. Ermənistan isə bu sərhəd missiyasına razılıq verməklə suveren dövlət olmadığını bir daha göstərdi.
Bəyanatda Zəngəzur dəhlizi ilə bağlı məsələnin olmaması onunla bağlıdır ki, bu məsələ 2020-ci il 10 noyabr Bəyanatı ilə tənzimlənir. Hər zaman aktual olan və onun reallaşdırılması istiqamətində işlərin davam etdirilməsi Azərbaycanın bu məsələdə nə qədər israrlı olduğunu göstərir.
Eyni zamanda Azərbaycan bütün imkanlardan istifadə etməklə Ermənistanı öhdəliklərinin icrasına məcbur edir və görünən odur ki, bu proses məntiqi sonluğa kimi davam etdiriləcək.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2022.- 8 oktyabr.- S.3.