Milli ideyaya çevrilən zəfər və quruculuq

 

 

Oktyabrın 4-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Ağdamda Xıdırlı,  Kəngərli və Sarıcalı  kəndlərinin, Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam şəhərində yaşayış məhəlləsinin, daxili yolkommunikasiya şəbəkəsinin, Dəmir yolu və Avtovağzal Kompleksinin, "City Hotel" Agdam mehmanxanasının təməllərinin qoyulması yeni reallıqlara işıq saldı. İlk növbədə bir daha göründü ki, Azərbaycan dövləti sülh tərəfdaşıdır, düşməndən fərqli olaraq qurub-yaratmaq əzmindədir. İndi işğaldan azad edilmiş ərazilərimizin bərpası kompleks şəkildə həyata keçirilir.

 

 

 

Ağdama dörd səfər

 

   

Qeyd edək ki, bu işğaldan azad olunandan sonra dövlət başçısının Ağdama etdiyi dördüncü səfər idi.  Birinci dəfə 2020-ci il noyabrın 23-də Mehriban Əliyeva ilə birlikdə Ağdama səfər edən dövlət başçısı burada üçrəngli bayrağımızı ucaltmışdı.

Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da tarixdə misli görünməmiş vandallıq ediblər. Bir vaxtlar şöhrəti ilə tanınan Ağdam şəhəri atom bombası ilə dağıdılmış XirosimaNaqasakini xatırladır. Şəhərdən əsər-əlamət demək olar qalmayıb. Ermənilər burada xalqımızın tarixi-mədəni irsinə qarşı da vandalizm həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib. Düşmən Şahbulaq qalasını erməniləşdirməyə çalışıb, tarixə qarşı cinayətkarlıq edib. "Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın", - deyə  Prezident İlham Əliyev Ağdama ilk səfəri zamanı bəyan etmişdi.

Bu baxımdan dövlət başçısının ötən il mayın 28-də Ağdama etdiyi ikinci səfər çoxsaylı təməlqoyma mərasimləri  ilə əlamətdar oldu. Həmin səfər zamanı Ağdam şəhərinin bərpasının, o cümlədən şəhər 1 saylı məktəbin yeni binasının, Sənaye Parkının, şəhərdə inşa olunacaq ilk yaşayış binasının, Bərdə-Ağdam avtomobil yolunun təməlləri qoyulmuşdu.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu il fevralın 13-də Ağdama etdikləri səfər 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının, yeni yaşayış kompleksinin, "Park Forest Otel Ağdam" mehmanxanasının, Sənaye Parkında iki müəssisənin təməllərinin qoyulması, Ağdam şəhərində yeni inşa olunmuş "Ağdam-1" və "Ağdam-2" yarımstansiyalarının, "Qarabağ" Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı ilə əlamətdar oldu. Hazırda Ağdam Cümə məscidində Heydər Əliyev Fondu tərəfindən bərpa-restavrasiya işləri həyata keçirilir.

Bu günlərdə dövlət başçısının və birinci xanımın Ağdama etdikləri səfər rayonun bərpasının nə qədər sürətli və çoxtərəfli getdiyini göstərdi. Səfərin ən yaddaqalan məqamlarından biri Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışı oldu. Bu, bir daha göstərdi ki, görülən bərpa işləri çərçivəsində Qarabağın və xalqımızın mənəvi dəyərləri də diqqət mərkəzində saxlanılır.

 

 

 

Azad olunmuş ərazilərin bərpası bizim milli ideyamızdır

 

 

 

Ağdam artıq mühüm tədbirlərə evsahibliyi etməyə başlayıb. BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun Ağdamda işə başlaması dirçəlməkdə olan rayon üçün mühüm hadisəyə çevrildi. 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu dövlətimizin Qarabağ və Şərqi Zəngəzuru yenidən qurmaq əzmini bir daha dünyaya nümayiş etdirdi.

Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi bu gün Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Milli Şəhərsalma Forumunda Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərin bərpasının milli ideya olduğunu bəyan etdi: "Biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır. Əvvəllər bizim milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idibütün Azərbaycan xalqı bu ideya ətrafında birləşmişdi, özünü buna hazırlamışdı. Canlarını qurban vermiş gənc nəsil, - müharibə zamanı demək olar ki, üç min nəfəri qurban verdik, - və qələbəmizi qeyd edən minlərlə insan, bu, həqiqətən də müasir Azərbaycandır, bu, yeni Azərbaycandır. İndi artıq işğal damğasından azad olunmuş Azərbaycan yüksəlməkdədir və mən əminəm ki, Azərbaycan ən uğurlu ölkələrdən biri olacaq və söhbət təkcə bizim regiondan getmir".

İki ilə yaxın müddətdə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri Azərbaycan dövlətinin gücünün, Prezident İlham Əliyevin qətiyyətinin göstəricisidir. Bir neçə iri layihənin başa çatdırılması, o cümlədən Şuşaya gedən Zəfər yolunun salınması, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Zəngilanda Ağalı kəndinin bərpası, azad olunmuş bütün ərazilərdə ən müasir texnologiyalara və idarəetməyə əsaslanan yarımstansiyaların inşası, dağ çayları üzərində elektrik stansiyalarının tikilməsi möhtəşəm və sürətli quruculuq əzminin ifadəsidir.

Onu da qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, işğaldan azad olunmuş ərazilərə Böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə 3 milyard manat vəsaitin ayrılması proqnozlaşdırılır. Bu xərclərin növbəti ildə dövlət büdcəsi xərclərində xüsusi çəkisi 9 faiz təşkil edəcək.

Beləliklə, işğaldan azad olunmuş ərazilərin bərpası həm də Azərbaycanın iqtisadi gücünün ifadəsidir.  Prezident İlham Əliyevin dediyi kimi, necə bahalı olursa-olsun, biz Qarabağ və Şərqi Zəngəzuru bərpa edəcəyik.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2022.- 8 oktyabr.- S.5.