Heydər Əliyev Azərbaycanda inkişaf və tərəqqi
dövrünün əsasını qoydu
Cəmiyyətdə mühüm siyasi prosesləri istiqamətləndirən, hadisələrin fövqündə dayanmaqla tarixi inkişafın gedişini əvvəlcədən müəyyənləşdirən fenomen siyasi liderlər ictimai inkişafın ən böhranlı, dönüş anında məsuliyyəti çiyinlərinə götürərək bütöv bir xalqın, millətin xilaskarına çevrilirlər.
Taleyüklü məqamlarda bir daha təsdiqlənir ki, əsl siyasi lider daim öz cəsarəti, çevik və prinsipial qərarları, ən ağır vəziyyətlərdə optimal çıxış yolu tapmaq məharəti ilə seçilən parlaq şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyev zəngin siyasi fəaliyyəti dövründə üzləşdiyi bütün çətinlikləri, maneələri, problemləri mətinliklə dəf edən, inamlı qərarları ilə milyonlarla insanın taleyində müstəsna rol oynayan dahi şəxsiyyət, böyük dövlət adamı, qüdrətli siyasi xadimdir.
Hazırda biz Azərbaycan xalqının tarixində parlaq bir mərhələni yaşayırıq. Bu, XXI əsrdə ölkəmizin yeniləşməsi, möcüzə kimi davam edən intibah dövrüdür. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ulu Öndər Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən ölkəmiz indi dahi şəxsiyyətin həyat amalının təntənəsinə çevrilmişdir.
Ümummilli Lider Heydər Əliyev
xalqın taleyində nadir hadisə, fenomendir!
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
29-da 2023-cü ilin "Heydər Əliyev ili" elan
olunması haqqında tarixi bir sərəncam
imzalamışdır. Növbəti il mayın 10-da Azərbaycan
xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan
dövlətinin qurucusu, böyük dövlət xadimi Heydər
Əliyevin anadan olmasının 100 ili tamam olur. Sərəncamda
dahi şəxsiyyətin dövlətçilik fəaliyyətinə
misilsiz qiymət verilir, onun zəngin və çoxşaxəli
irsinin xalqımızın milli sərvəti olduğu
xüsusi vurğulanır. Heydər Əliyev xalqı
tarixən can atdığı müstəqillik idealına
qovuşdurmuş, mütərəqqi ənənələr əsasında
yeni dövlətçilik konsepsiyasını irəli
sürmüşdür. Yalnız bir yolla -
bütöv və tam həqiqətin yolu ilə gedən və
yüksək uğurlar qazanan qüdrətli siyasi xadimin
dövlətçilik fəaliyyəti ölçüyəgəlməz
dərəcədə böyükdür. Reallıq
və həqiqət böyüklük və qüvvət əlamətidir.
Öz təbiəti etibarilə cəmiyyəti
həmişə irəli aparan, qabaqcıl və mütərəqqi
qüvvələrə arxa-dayaq olan, sabahkı gün,
insanların xoş gələcəyi, gözəl arzular və
xəyallar haqqında düşünən, onları
reallığa çevirən bir şəxsiyyətin həyat
amalı ancaq həqiqət konsepsiyasına bağlıdır.
Zaman ötdükcə, illər keçdikcə
bir çox meyarlar, prinsiplər dəyişir, ancaq həqiqətin
meyarı dəyişməz olaraq qalır.
Fenomen şəxsiyyət
1969-cu il iyulun 14-də
Heydər Əliyevin respublikanın rəhbəri vəzifəsində
fəaliyyətə başlamasının ilk günlərindən
aydın oldu ki, dahi şəxsiyyətin simasında Azərbaycan
xalqı əsl milli liderini tapmışdır.
Ulu Öndər həm birinci, həm
də ikinci dəfə ölkənin ən ağır
vaxtlarında - ictimai münasibətlərin kəskin şəkildə
gərginləşdiyi, dövlət idarəçiliyinin
fundamental əsaslarının dağıldığı, cəmiyyətin
zehnində dolaşıqlıq və mənəvi
dayaqlarında hərc-mərclik yarandığı dövrlərdə
rəhbərliyə gəlmiş və respublikanı nəinki
düşdüyü vəziyyətdən çıxara
bilmiş, habelə qısa vaxtda onun sürətli
inkişafına nail olmuşdur. Heydər
Əliyev ölkə rəhbərliyinə gəlişi ilə
cəmiyyətə ədalət gətirmişdir. Haqqın gücünə insanların
sönmüş inamını bərpa etmişdir.
İlk növbədə respublikada sağlam milli kadr
bazasının yaradılmasına nail olmuşdur.
1970-1980-ci illərdə azərbaycanlılar
üçün çətinlik törədən amillərdən
biri sovet Azərbaycanının partiya və inzibati
orqanlarında kök salmış kosmopolit kadrların
olması idi.
Xüsusilə o zaman Bakıda yaşayan ermənilər
hakimiyyətin əksər pillələrində təmsil
olunur və bütün qüvvələrini milli kadrların
yerləşdirilməsinin qarşısını almağa
yönəldirdilər. Rəhbərliyə
gəlməmişdən əvvəl DTK orqanlarında durmadan
yüksələn və yüksəldikcə də Azərbaycan
milli elitası ilə güclü əlaqələr yaradan
böyük vətənpərvərin
qarşısıalınmaz qətiyyəti erməniləri
qorxuya salırdı.
Ümummilli Lider uzaqgörən və
məqsədli siyasi xətt yeridərək birinci növbədə
milli kadrların yüksəlişinə nail oldu və rəhbər
vəzifələrdən erməniləri
uzaqlaşdırdı. Heydər Əliyev siyasətinin
başlıca məramı güclü dövlət,
güclü iqtisadiyyatla yanaşı, sağlam milli kadrlar
yetişdirmək idi. Ona görə də
ölkə rəhbəri milli təhsilin səviyyəsini və
keyfiyyətini yüksəltmək üçün fəal təhsil
və kadr konsepsiyasını irəli sürdü. Təhsildə islahatlar dönüş xarakteri
aldı. Ötən əsrin 70-ci illərinin
ortalarında artıq bu mühüm vəzifələr yerinə
yetirildi.
Ulu Öndər ana dilində
danışan ilk rəhbər idi. Böyük siyasi xadimin hələ
ötən əsrdə Azərbaycana birinci katib seçiləndən
bəri yeritdiyi dil siyasəti bir məqsədə xidmət
etmişdir: ana dilini inkişaf etdirmək, onun dövlət
statusunu reallaşdırmaq, dünya dilləri içərisində
nüfuzunu artırmaq. Müstəqillik illərində
isə - 1995-ci ildə Konstitusiya Komissiyasının sədri
olan Heydər Əliyev layihədə dövlət dilinin
adı ilə bağlı geniş müzakirələr
keçirdi. 2001-ci il iyunun 18-də
"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
tədbirləri haqqında" fərman imzaladı. 2003-cü ildə "Azərbaycan Respublikasında
dövlət dili haqqında" qanun qüvvəyə mindi.
Güclü respublika,
güclü iqtisadiyyat konsepsiyasından çıxış
edən Ulu Öndər qısa zamanda dünyanın ən iri
müəssisələrinin Bakıda tikintisinə nail oldu. Sovetlər
birliyinin mərkəzi dövlət və təsərrüfat
orqanlarından respublika üçün çox böyük
vəsaitlər ayrılmasına çalışdı.
Azərbaycan Prezidenti İlham
Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubiley mərasimindəki
çıxışında Ulu Öndərin sovet
dövründəki xidmətlərini qeyd edərək
demişdir: "Məhz onun rəhbərliyi ilə sovet
dövründə Azərbaycan müttəfiq respublikalar arasında
ən geridə qalmış yerdən ən qabaqcıl yerlərə
qədər yüksəldi. O vaxt, - gənclər təbii ki,
bunu bilmirlər, - respublikaları fərqləndirən bir
neçə əlamət var idi. Onların
arasında keçici "Qırmızı bayraq" var idi.
Yəni "Qırmızı bayraq" ilə
o respublikalar təltif olunurdu ki, orada həm sənayedə, həm
kənd təsərrüfatında, həm də bütün
digər sahələrdə böyük uğurlar var idi.
Bax Heydər Əliyevin dövründə 13 il
ərzində Azərbaycan hər il bu "Qırmızı
bayrağ"ı alırdı. Bu, bir daha onu təsdiq
edirdi ki, onun rəhbərliyi ilə Azərbaycan böyük
uğurlu yol keçmişdir".
Qəlbi daim Vətən sevgisinin
gücü ilə döyünən böyük rəhbər
milli-mənəvi dəyərlərimizin qorunmasına, Azərbaycanın
elmi potensialının inkişafına xüsusi diqqət göstərirdi. Ulu Öndər Azərbaycanın
ziyalılarını sovet rəhbərliyinin təzyiqlərindən
qətiyyətlə müdafiə etməyə, onların
sıxışdırılmasının
qarşısını almağa müvəffəq olmuşdu.
Bu, bir cəsarət nümunəsi
idi! Heydər Əliyev bu nümunəni tarixin
başqa anlarında da təkrar-təkrar nümayiş etdirdi.
Milli ruhun daşıyıcısı olan
ziyalılarımızı təzyiq və təqiblərdən
qoruyanda da, bu ruhu əks etdirən əsərlərə himayədarlıq
edib onlara həyat qazandıranda da, keçmiş SSRİ-nin
ali rəhbərlərindən biri kimi Kremldə
çalışdığı illərdə də Azərbaycan və ümumilikdə
müsəlman ölkələri ilə bağlı göstərdiyi
təəssübkeşlikdə, prinsipiallıqda da...
Qüdrətli dövlət
adamının elan etdiyi prinsip və ideyalar ötən əsrin
70-ci illərində respublikada tərəqqinin və
intibahın başlıca istiqamətlərini müəyyənləşdirmişdir.
Müasir Azərbaycanın
qurucusu
1993-cü ilin iyununda Heydər
Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda yeni dəyərlər
sisteminin və yeni ideyaların meydana çıxmasına
stimul yaratdı. Bu dəyərlər və ideyalar müstəqil
Azərbaycan dövlətinin təməl prinsiplərini müəyyənləşdirən
baxışlar sistemi kimi nəzərdən keçirilirdi.
Ümummilli Lider uçurumun bir addımlığında
dayanan millətin öz dövlətini yaşatmasını təmin
etmək üçün milli dövlətçilik
ideologiyasının ictimai şüurda möhkəmlənməsinə
nail oldu, bununla da cəmiyyəti ümumi bir məqsəd ətrafında
birləşdirdi. Heydər Əliyev ölkəni
iflasdan, fəlakətdən qurtardı, onu xain əllərdən,
çevriliş, qiyam cəhdlərindən hifz etdi. Bu qayıdış əsrlərin
sınağından keçə-keçə min bir əziyyətlə
məqsədinə doğru addımlayan bir millətin
özünə qayıdışına çevrildi və Azərbaycan
müstəqillik tarixinin daha şərəfli, əzəmətli
mərhələsinə qədəm qoydu.
Ulu Öndərin müdrik fəaliyyəti
ilə cəmiyyətdə özünəinam hissi bərpa
edildi, sabitlik və firavanlığa ciddi təminat
yaradıldı. Azərbaycanın sosial-iqtisadi və
diplomatik sahədə üzləşdiyi bir çox problemlərin
həlli məhz Heydər Əliyevin xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışından sonrakı mərhələdə
mümkün oldu. Böyük siyasi xadimin
irəli sürdüyü dövlətçilik
konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini
və müasir Avropa dəyərlərini özündə
birləşdirən yeni bir inkişaf modeli kimi
özünü doğrultdu. Heydər Əliyev cəmiyyətdə
dayanıqlı milli birliyə nail olmaq üçün hər
şeydən öncə, insan hüquq və
azadlıqlarının maksimum təminatı məsələsinə
xüsusi diqqət yetirdi. Özünəməxsus
müdrikliklə bəyan etdi ki, siyasi sabitlik yaratmadan yeni idarəetmə
sisteminə keçidi reallaşdırmaq, demokratiya kimi
fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün
deyil.
Ulu Öndər Heydər
Əliyev cəmiyyətin sivil inkişafını hər bir fərdin
maraq və mənafelərinin etibarlı təminatında
görərək bunun üçün bütün zəruri
tədbirləri reallaşdırdı. 1995-ci il
noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul
edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası
ölkənin gələcək inkişaf prioritetlərini
müəyyənləşdirdi, insan hüquq və
azadlıqlarının təminatını dövlətin ali
məqsədi kimi ön plana çıxardı.
Ümummilli Lider yeni neft
strategiyasının işlənib hazırlanmasına və
uğurla həyata keçirilməsinə nail oldu. 1994-cü
il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli neft
şirkətinin iştirakı ilə çağdaş
tariximizə "Əsrin müqaviləsi" adı ilə
düşmüş qlobal neft müqaviləsinin təntənəli
imzalanma mərasimi keçirildi.
Elmin, təhsilin
inkişafı, milli-mənəvi dəyərlərə həssas
münasibət bütün dövrlərdə Ulu Öndərin
fəaliyyətinin əsas istiqamətini təşkil
etmişdir. Bu illərdə elmi intellektual sferada hökm sürən
tənəzzülün qarşısı alındı, təhsilin
öz məcrasına düşməsi üçün əlverişli
iqtisadi şərait, hüquqi və mənəvi-əxlaqi
mühit formalaşdı. Sağlam təfəkkürlü
insanları öz ətrafında topladı, Azərbaycanın
elmi potensialının dağılmasının
qarşısını aldı.
Ümummilli Lider Heydər Əliyevin
rəhbərliyi ilə Azərbaycanda aparılan hüquqi və
demokratik islahatlar ilk növbədə qanunun aliliyinə əsaslanan
ictimai münasibətlər sisteminin formalaşmasına gətirib
çıxardı, ölkədə dövlət
quruculuğu prosesini uğurla həyata keçirməyə şərait yaratdı. Sosial həyatın ayrı-ayrı sahələrini tənzimləyən
qanunların qəbulu, aparılan tədbirlər, görülən
işlər cəmiyyətin təhlükəsizliyinin təmin
olunmasında, Azərbaycanın modern bir dövlət olaraq
beynəlxalq aləmdə tanınmasında müstəsna rol
oynadı. Böyük rəhbərin
dövlətçilik ideyaları həm də
xalqımızın tarixi ənənələrinə, milli-mənəvi
dəyərlərinə söykənirdi.
Ümummilli Lider Azərbaycanda
iki sivilizasiyanın konseptual paramentrlərini özündə
təkmil bir formada birləşdirən unikal bir dövlət
modeli yaratmışdı. Məhz bu model Azərbaycanı
dünyanın ən inkişaf etmiş dövlətlərinin
strateji tərəfdaşına çevrilməsində, Cənubi
Qafqazın nüfuzlu ölkəsi kimi tanınmasında və nəhəng
uğurlara imza atmasında həlledici təsirə malik
olmuşdur.
Heydər Əliyev Azərbaycanın
istiqlalını əbədi etmiş qüdrətli liderdir!
Ulu Öndər qarşıya
qoyduğu ali məqsədlərə
doğru irəliləyərkən ən böyük dəstəyi
xalqdan almışdır. Bu isə müstəqil
Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət
Heydər Əliyevə Ümummilli Liderlik zirvəsini fəth
etmək imkanı vermişdir.
İradə ƏLİYEVA
Azərbaycan.-
2022.- 4 oktyabr.- S.4.