Xilaskar lider
2023-cü ildə anadan olmasının 100 illiyini böyük təntənə ilə qeyd edəcəyimiz Ümummilli Lider Heydər Əliyev vətəninə ürəkdən bağlı olan nadir şəxsiyyətlərdəndir. Belə şəxsiyyətlər tarixin ən çətin və keşməkeşli dövrlərində xalqın tarixi-siyasi tələbatından və genetik potensialından yaranır. Fəaliyyətinin hər dövründə zamanı əməlləri ilə zənginləşdirən Ulu Öndərin ən müqəddəs istəyi xalqın birliyinə, dünya azərbaycanlılarının həmrəyliyinə söykənən güclü, müstəqil və müasir Azərbaycan dövlətinin yaradılması olmuşdur.
Heydər Əliyev həsəd aparılacaq bir ömür yaşayıb...
1969-cu il iyulun 14-də Azərbaycanın siyasi səhnəsində sözün əsl mənasında, parlaq şəxsiyyət göründü. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi, ilk dəfə ölkəmizdə hakimiyyət sükanına xalqının taleyinə tam sahib çıxmaq bacarığına malik rəhbər gəldi. 1969-cu ildə keçirilən məşhur avqust plenumu Azərbaycanın həyatında mühüm və şərəfli bir mərhələnin başlanğıcını qoydu. 1969-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Ümummilli Lider hələ sovetlər dönəmində böyük uzaqgörənlik və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı. Bu danılmaz həqiqətin mahiyyətinə qədərincə varmaq üçün insanda yalnız və yalnız heyrət doğuran faktların təkcə bir qisminə diqqət yetirmək kifayətdir. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Ulu Öndər ölkəyə müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilmişdir. Azərbaycan ziyalısını keçən yüzilliklərdə ən ciddi şəkildə düşündürən milli dirçəliş Heydər Əliyevin fəaliyyəti ilə strateji dövlət siyasəti müstəvisinə keçmişdir. Azərbaycanın hərtərəfli inkişafı üçün Ulu Öndərin hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil Azərbaycan dövlətinin gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcəkdir.
Azərbaycanın müasir dövlətçiliyi tarixində müstəqillik dövrünün arxada qalan hər ilinin öz yeri var. Müstəqil Azərbaycanın keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyev qətiyyəti və müdrikliyi xalqımızı və ölkəmizi çətin durumdan həmişə xilas etmişdir. Ulu Öndər Heydər Əliyev demişdir: "Ağıl olan yerdə zora ehtiyac yoxdur. Tarix həmişə hər şeyi öz yerinə qoyur". Heydər Əliyevin dövlət və xalq qarşısındakı tarixi xidmətlərini heç kim inkar edə bilməz. Onun ölkədə vətəndaş həmrəyliyinə nail olunması, sabitlik yaradılması, müstəqil dövlətimizin möhkəmlənməsi, iqtisadi-sosial sahədə, neft strategiyasında tarixi addımlar atılması, bütün sahələrdə mühüm islahatlar həyata keçirilməsi, beynəlxalq aləmdə respublikanın mövqeyinin gücləndirilməsi sahəsində gördüyü işlər unudulmazdır. Ulu Öndər ölkədə bazar iqtisadiyyatının təşəkkül tapmasında, Azərbaycana xarici investisiyaların cəlb olunmasında, beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsində, xalqın rifah halının yüksəldilməsində çox böyük işlər görmüşdür. Məhz Heydər Əliyevin sayəsində respublikada dinamik iqtisadi inkişafa zəmin yaranmışdır. Bu siyasi kursu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha da inkişaf etmiş və sivil dövlətlər sırasına çatmışdır. Ümumiyyətlə, siyasi, iqtisadi, sosial, mədəni həyatda, ordu quruculuğunda, beynəlxalq sahədə, bir sözlə, dövlətçiliyin gücləndirilməsində, ölkənin tərəqqisində nə qədər yeniliklər, uğurlar əldə edilmişdirsə, bunların hamısı Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində mümkün olmuşdur. Artıq fəxrlə deyə bilərik ki, Azərbaycan möhkəm və qüdrətli dövlətə çevrilib. Bu böyük şəxsiyyətlərin reallaşdırdıqları inkişaf konsepsiyası sayəsində əldə olunan uğurlar ölkəmizin nurlu sabahının təminatçısıdır.
Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bilmişdir. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Azərbaycan rəhbəri həmişə öz sözü, qətiyyətli mövqeyi ilə seçilmişdir. Heydər Əliyevin siyasi əzmkarlığı xalqı yaradıcılıq uğurlarına ruhlandırmışdır. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev idarəetmə təcrübəsi və müdrikliyi ilə Azərbaycanı təhlükəli vəziyyətdən çıxarmağa nail oldu. İlk növbədə hakimiyyət boşluğu aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış destruktiv qüvvələr xalqın fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsinin qarşısı alındı. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail olundu. Heydər Əliyev Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdıra bildi. Azərbaycanlıları dünyaya sivil dəyərlərin daşıyıcısı kimi tanıdan, dünya azərbaycanlılarını vətənə bağlayan azərbaycançılıq fəlsəfəsinin əsasları yarandı. Heydər Əliyev sübut etdi ki, siyasət naşıların zənn etdiyi kimi asan məsələ deyil. Hətta ən keşməkeşli zamanlarda belə, Azərbaycan xalqının müstəqil olmaq hüququnu təmin edə bilmək böyük ustalıqdır. Ölkəsinin taleyüklü problemlərinin həllində, müqəddəs milli vəzifələrin uğurla həyata keçirilməsində, beynəlxalq ictimai rəydə, vətənimizin daha böyük uğurlar qazanmasında xalqımızın böyük oğlu Heydər Əliyevin misilsiz xidmətləri təsdiqlənmişdir. İnamla demək olar ki, Heydər Əliyevin həyat yolu, idarəetmə bacarığı, siyasi peşəkarlığı və yenilməz iradəsi məhz bu vəzifələrin yerinə yetirilməsində başlıca təminat olmuşdur. Hər kəsə yaxşı məlumdur ki, Azərbaycanın daxili çəkişmələri, vətəndaş qarşıdurmasını və etnik toqquşmalar içərisində boğulmasını nəzərdə tutan məkrli planlar məhz Heydər Əliyev fenomeni sayəsində həyata keçməmişdir.
Ulu Öndərin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gerçəkləşdirdiyi ideyalar artıq bugünkü Azərbaycanın reallığına çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də tariximizin ayrılmaz hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Heydər Əliyev zəngin tarixə malik bir xalqın özünütəsdiqi üçün zəruri olan milli-mədəni məkanda yaşamaq imkanını reallaşdırıb. Nəticədə milli dövlətçilik təfəkkürünə yiyələnən, ölkənin bu günü və sabahı üçün məsuliyyət hissi ilə yaşayan azərbaycanlı vətəndaşın obrazı, dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi dövlətin fəaliyyətinin mühüm istiqamətlərindən biri olmuşdur.
Rəhman SALMANLI
Azərbaycan.-
2022.- 4 oktyabr.- S.4.