Ulu Öndərin
yadigarı olan BDÖZ Azərbaycan
iqtisadiyyatına yeni-yeni töhfələr
bəxş edir
Neft mövzusunda yazan jurnalistlərin bir qrupu Azərbaycanda iri neft-qaz və ixrac layihələrinin əməliyyatçısı - bp şirkətinin təşkilatçılığı ilə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna (BDÖZ) səfər etmişdir.
Ulu Öndərin əvəzsiz yadigarlarından olan və adını şərəflə daşıyan bu zavod yarandığı vaxtdan Azərbaycan iqtisadiyyatına böyük töhfələr verib. Xüsusilə "Əsrin müqaviləsi" imzalanandan sonra burada misilsiz işlər həyata keçirilib. Belə ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarından karbohidrogenləri hasil edən platformaların bir çox mühüm hissələri və həmin layihələr üçün lazım olan digər avadanlıqlar məhz bu müəssisədə istehsal olunub.
Zaman Heydər Əliyevin yeni neft strategiyasının nə qədər düzgün və uzaqgörənliklə seçildiyini dönə-dönə təsdiqlədi. 2017-ci ilin sentyabrında AÇG üzrə müqavilənin 2050-ci ilin əvvəlinədək uzadılması bunu bir daha sübut etdi.
Hazırda yeni sazişlə bağlı "Azəri Mərkəzi Şərqi" (ACE) layihəsi həyata keçirilməkdədir və həmin layihə çərçivəsində eyniadlı platforma tikilir.
Platformanın əsas hissələrindən olan dayaq bloku BDÖZ-də inşa edilir. bp-nin "Azəri Mərkəzi Şərqi" layihəsinin rəhbəri Nil Filips, ümumiyyətlə, ACE-də indiyədək görülmüş və görüləcək işlər barədə jurnalistlərə geniş məlumat verdi. O, platformanın üst modullarının Bayıldakı tikinti-quraşdırma sahəsində inşa edildiyini bildirərək bu qurğuların dənizə gələn il yola salınacağını dedi.
Daha sonra N.Filips dayaq blokunun tikintisi üzərində dayandı. Məlum oldu ki, BDÖZ-də dayaqların və payaların istehsalı tamamlanıb və Xəzərə yola salınmaq üçün yüklənməyə hazırdır. Blokun hündürlüyü 153 metrdir və suyun 137 metr dərinliyində quraşdırılacaq. Qurğu yüklənərkən çəkisi üzən çənləri ilə birlikdə təxminən 16 min ton təşkil edəcək. Əsas dayaq blokunun 12 payası var və bunların ümumi çəkisi 9 min tondur. Payaların hər birinin uzunluğu 148 metrə çatır.
Dayaq blokunu dənizə "STB-1" barjı daşıyacaq. Hazırda bu barj modernləşdirilməkdədir və yaxın aylarda yükünü qəbul edəcəyi yerə gətiriləcək.
Qeyd edək ki, ACE layihəsi çərçivəsində işlər çoxşaxəlidir. Belə ki, yeni platformadan çıxarılacaq karbohidrogenləri nəql etmək üçün sualtı xətlər çəkilir. Doğrudur, bu xətlər o qədər də uzun deyil, çünki AÇG-nin digər platformalarından Səngəçal terminalına neft və qaz daşıyan sualtı kəmərlərə birləşdiriləcək.
Ümumiyyətlə, ACE layihəsi üzrə işlər nəzərdə tutulduğu kimi irəliləyir və işin 80 faizi artıq yekunlaşıb.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin yeni neft strategiyası yeni layihələrlə zənginləşərək bəhrə verməkdə davam edir. Bu işdə Ümummilli Liderin keçən əsrin 70-80-ci illərində yaratdığı və indi onun adını şərəflə daşıyan BDÖZ-nin xidmətləri böyükdür.
BDÖZ-də keçirilən tədbirdə jurnalistlər bunun bir daha şahidi oldular. Burada onların sözügedən layihə ilə bağlı sualları da ətraflı cavablandırıldı.
Flora SADIQLI,
Azərbaycan.-2022.- 8 oktyabr.- S.7.