Ağdamın Sarıcalı kəndinin təməli qoyulub
Oktyabrın 4-də Ağdam rayonunun Sarıcalı kəndinin təməli qoyulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.
Dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verildi.
Bildirildi ki, Sarıcalı kəndi 1720 nəfər (425 ailə) əhali üçün planlaşdırılır. Layihələndirilən ümumi ərazi 101,9 hektardır. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 50,3 hektar torpaq sahəsi ayrılıb.
Qeyd olundu ki, birinci mərhələdə 895 nəfərin köçürülməsi üçün 211 fərdi ev tikiləcək. Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən Sarıcalı kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı bir sıra müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 774 nəfərin işlə təmin olunması nəzərdə tutulur.
Prezident İlham Əliyev Sarıcalı kəndinin təməlini qoydu.
Azərbaycan.- 2022.- 5 oktyabr.- S.4.