Keçmiş məcburi köçkünlər
üçün Ağdam
şəhərində inşa olunacaq yaşayış məhəlləsinin
təməli qoyulub
Oktyabrın 4-də keçmiş məcburi köçkünlər üçün Ağdam şəhərində inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma məhəllə barədə məlumat verdi.
Bildirildi ki,
Ağdam şəhərinin təsdiq edilmiş Baş
planına uyğun olaraq,
əhalinin səmərəli və yüksək həyat səviyyəsini
təmin etmək məqsədilə müasir
tələblərə cavab verəcək
yaşayış məhəllələrinin salınması nəzərdə
tutulub. Təməli qoyulan yaşayış məhəlləsinin
salınması üçün 6,9 hektar torpaq sahəsi
ayrılıb. Ərazi şəhərin şimal-şərqində
yerləşir. Şərqdən Üzərliktəpə tarixi arxeoloji abidəsi, qərbdən
isə şəhərin tarixi mərkəzi
ilə əhatələnib. Həmçinin “İmarət”
adlanan tarixi ərazi də
məhəllənin yaxınlığındadır.
Qeyd edildi ki, layihə üzrə yaşayış binaları 4-7 mərtəbəli olacaq. Burada 1139 mənzil inşa ediləcək. Yaşayış məhəlləsində 3068 nəfər məskunlaşdırılacaq. İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması hədəfinə uyğun olaraq, məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənmişdir.
Prezident İlham Əliyev yaşayış məhəlləsinin təməlini qoydu.
Azərbaycan.- 2022.- 5 oktyabr.- S.4.