Praqa
görüşünə İrəvandan cavab
reaksiyası:
"Sülh
sazişi Ermənistanın xilası olacaq"
İkinci Qarabağ müharibəsinin qalibi və məğlubu arasında aparılan sülh danışıqları, götürülmüş öhdəliklərin yerinə yetirilməsi istiqamətində görülən işlərin vəziyyəti bu dəfə oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqada nəzərdən keçirildi. Həm Brüssel, həm də Praqa görüşündə məğlub və çarəsiz olan Nikol Paşinyandan fərqli olaraq, İlham Əliyev qalib və postmüharibə dövründə mövqeyini daha da möhkəmləndirmiş lider kimi göründü.
Praqa görüşü İrəvanda da böyük reaksiyaya səbəb olub. Erməni mediasının, sosial şəbəkə istifadəçilərinin statusları, şərhləri və mövqelərindən görünür ki, onlar ölkələrinin xilas formulunu Azərbaycanla münasibətləri normallaşdırmaqda, sülh müqaviləsinin imzalanmasında görürlər.
"İravunk" qəzeti yazır ki, dövlət başçılarının son Praqa görüşlərində aparılan danışıqlar fonunda bir daha nümayiş olundu ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması Ermənistan üçün böyük şansdır: "Daha dəqiq desək, bu səfər İlham Əliyevin yeni qələbəsi, erməni xalqının dirçəliş günüdür. Sülh sazişi Ermənistana qarşıdakı illərdə böyük iqtisadi dividendlər qazandıracaq. Son 10 ilə nəzər yetirdikdə baş verən proseslər regionda Azərbaycanın mövqelərini daha güclü hala gətirdiyi halda, Ermənistanla münasibətdə tamam əks vəziyyət müşahidə olunurdu. Hər halda dövlət başçılarının son görüşü, qəbul edilən qərarlar Ermənistanın xilası olacaq".
Erməni siyasi ekspert Vazgen Vahenyan qeyd edir ki, Praqadakı görüşlərin çox səmərəli keçdiyini qəbul edilən bəyanatdan da anlamaq olur. Sülh sazişi Ermənistanın sanki dünyaya yenidən gəlməsi olacaq. Onun fikrincə, müharibədəki məğlubiyyət fonunda sülh müqaviləsi imzalanmasa, Ermənistanın regional geosiyasi proseslərdən izolyasiya edilməsi daha kəskin xarakter alacaq. Vahenyan diqqəti buna yönəldir ki, bütün bu proseslər Ermənistanın sosial-iqtisadi cəhətdən daha böyük problemlər yaşaması fonunda baş verir: "Regional, qlobal layihələrdən kənarda qalmağımız da prosesə birbaşa təsir edir. Ermənistan qlobal kommunikasiya layihələrindən kənarda qalmaqla son 30 ildə özünə qəsd edib. Ölkəmiz coğrafi baxımdan qlobal kommunikasiyaların tərkib hissəsi ola bildiyi halda, bu şansı itirmişdi. Sülh müqaviləsindən sonra Ermənistan qazanacaq".
Araik Avetisyan adlı istifadəçi tviterdə "Praqada səmərəli görüş" paylaşımını edərək yazıb: "Paşinyan boş yerə Praqaya, Moskvaya, Brüsselə nəyə gedir ki, onsuz da İlham Əliyev nə deyirsə o olur. Sülhü görəsən bizim baş nazirimiz niyə istəmir ki? Özüm Sünikdənəm (Zəngəzur-red.) Sünik bu anda regionun geosiyasi mərkəzidir. İlham Əliyevi bu mövzuda biz də dəstəkləyirik. Sülh müqaviləsinin imzalanmasını, dəhlizin açılmasını çox böyük səbirsizliklə gözləyirik. Sülhlə ağ günə çıxa bilərik".
Daha bir Ermənistan vətəndaşı Karen İvanyan isə tviterdə belə bir status paylaşıb: "Nikol Paşinyana məsləhət görərdim ki, İlham Əliyevin verdiyi bəyanatlara diqqətlə qulaq assın. Müharibədəki səhvlərini təkrar etməsin. Xilasımız sülh müqaviləsidir".
Feysbuk sosial şəbəkə istifadəçisi, ixtisasca iqtisadçı olduğunu qeyd edən Manvel Levonyan yazır ki, illərdir dediyimiz gerçəkləşmək üzrədir. Nəhayət, yolumuz açılır, deyəsən, işıqlı günlərə çıxırıq: "Qarabağ problemi Ermənistanı 30 ildən çox bütün layihələrdən təcrid etdi. 30 ildə itirdiklərimizin hesabatını kim verəcək? Sarkisyan, Koçaryan, çıxın xalqa hesabat verin! Görəcəksiniz, sülh sazişi Ermənistanın xilası olacaq".
Digər feysbuk istifadəçisi Henrix Qriqoryan isə video paylaşımında deyib ki, müharibədən sonra yaranan iqtisadi böhran Ermənistanda insanları acınaqlı vəziyyətlə üz-üzə qoyub: "Evlərini satanlar, hətta intihar edənlər də olub. Paşinyan, bir vətənini sevən erməni kimi sizə müraciət edirəm ki, sülh müqaviləsini uzatmayın. Xalqın taleyi əvvəlki hökuməti maraqlandırmadı. İlham Əliyevin bu xüsusda atdığı addımlara "hə" deməkdən başqa çarəniz yoxdur".
Beləliklə, Prezident İlham Əliyev seçim üçün Ermənistan rəhbərliyinə növbəti dəfə şans verir. İrəvanın təcrid vəziyyətdə qalaraq inkişaf etməsi mümkünsüzdür və ötən zaman bunu çox aydın göstərib. Bütün baş verənlərə baxmayaraq, Azərbaycan istənilən halda sülh müqaviləsinin imzalanmasına nail olacaq. Bu, kimsənin müqavimət göstərə bilməyəcəyi qarşısıalınmaz prosesdir.
Elçin CƏFƏROV,
Azərbaycan.-2022.- 8 oktyabr.- S.3.