Azərbaycanla Səudiyyə Ərəbistanı
arasında diplomatik münasibətlərin
qurulmasının 30-cu ildönümü qeyd edilib
Oktyabrın 4-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, XİN-in rəhbər heyəti, Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud, habelə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.
Hər iki ölkənin Dövlət himnlərinin səslənməsi ilə başlayan tədbirdə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 30 il ərzində iki dövlət arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisinə yüksəldiyini məmnunluqla bildirib. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq formatlarda da faydalı əməkdaşlığın mövcud olduğunu bildirən nazir Ceyhun Bayramov bir sıra təşkilatlar çərçivəsində iki ölkənin bir-birinə qarşılıqlı dəstəyi davam etdirdiyini söyləyib. Cari səfərin münasibətlərin daha da inkişafına töhfə verəcəyi qeyd olunub. Səudiyyə Ərəbistanının hər zaman Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi bildirilib. Hazırda postmünaqişə dövründə Azərbaycanın bölgədə sülh quruculuğunun tərəfdarı və təşəbbüskarı qismində çıxış etdiyi, həmçinin əksər məsələlərdə birtərəfli şəkildə sülh gündəliyini irəli apardığı diqqətə çatdırılıb.
Daha sonra çıxış edən Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səud iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbriklərini tədbir iştirakçılarına çatdırıb. O, hazırda Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında bir sıra birgə layihələrin uğurla icra olunmasından məmnunluqla bəhs edib. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün potensialın mövcud olduğu vurğulanıb.
Sonda iştirakçılar Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.
Azərbaycan.- 2022.- 5 oktyabr.- S.5.