Ömrünün yetmişdən çox
ilini pedaqoji fəaliyyətə
həsr edən alim
5 Oktyabr
Beynəlxalq Müəllimlər
Günüdür
Tanrı özünə yaxın bildiyi, sevdiyi insanlara məhz belə mənalı ömür bəxş edir. Onların həyatı, fəaliyyəti başqaları üçün də örnək olur. Zaman keçir, dövr dəyişir. Nəsillər bir-birini əvəz edir. Dəyişməyən isə qismətinə düşən ömrü böyük işlərə həsr edənlərin, xeyirxah əməl sahiblərinin əbədiyyətə qovuşduqdan sonra da unudulmazlıqları olur. Onların işıqlı xatirələri qalır. Yaddaşlardan silinməyən, dildən-dilə, eldən-elə gəzib dolaşan sözləri, nəsihətləri yenə çoxlarına doğru yol göstərir. Görkəmli alim, Azərbaycan Tibb Universitetinin (ATU) Əmək gigiyenası və uşaq yeniyetmələr gigiyenası kafedrasının professoru Rəhim Alməmməd oğlu Orucovun da yazdığı elmi əsərlər, verdiyi dəyərli məsləhətlər bu gün çoxlarının köməyinə çatır.
Arzulara doğru...
O, oxuyub-öyrənməyə kiçik yaşlarından böyük maraq göstərib. Uşaqlığı, yeniyetməlik illəri çox çətin vaxtlara təsadüf edib. Böyük Vətən müharibəsinin ağır illəri, gətirdiyi qüssə, ehtiyac Rəhim Orucovun da həyatına kədərli xatirələr yazıb. Müharibə qələbə ilə başa çatıb. Ancaq onun vurduğu yaralar uzun illər yaddan çıxmayıb. Müharibənin gətirdiyi yoxsulluğu, səfaləti aradan qaldırmaq da asan olmayıb.
Həyat öz axarı ilə, sakit, rəvan keçməsə də, o, kiçik yaşlarından böyük arzulara doğru üz tutub. Təhsil aldığı məktəbdə əla qiymətlərlə oxuyub. Ancaq elə bir dövrdə yaşayıb ki, yaşıdlarının əksəriyyəti kimi, onun da yeganə qayğısı, fikri, düşüncəsi ali məktəbə daxil olmaq, mükəmməl təhsil alaraq savadlı kadr kimi yetişmək olsa da, buna çatmaq çox çətin idi. Rəhim Orucov əmək fəaliyyətinə çox gənc yaşlarından başlayıb. 1945-ci ildən orta məktəbdə riyaziyyat müəllimi kimi çalışıb, Pedaqoji İnstitutda qiyabi təhsil alıb.
Arzuları çox, məqsədi böyük idi
1950-ci ildə hərbi xidmətə çağrılıb. Almaniyada sovet ordu sıralarında xidmət göstərib. Hərbi xidmət zamanı bir çox fəxri fərmanlarla təltif olunub. 1953-cü ildə hərbi xidmətdən qayıdıb. 1954-cü ildə Azərbaycan Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsinə daxil olub. Sonsuz istək, böyük həvəslə dərslərini oxuyub. 1960-cı ildə institutu fərqlənmə diplomu ilə bitirib. Üç il praktik həkim işlədikdən sonra Azərbaycan Tibb İnstitutunun Əmək gigiyenası və peşə xəstəlikləri kafedrası nəzdində aspiranturaya daxil olub. 1966-cı ildə aspirantura təhsilini müvəffəqiyyətlə başa vurub və dissertasiya müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsini alıb. Elə həmin ildən Azərbaycan Tibb İnstitutunda fəaliyyətə başlayıb. 1966-1968-ci illərdə baş laborant, sonralar assistent, baş müəllim, dosent olub. 1975-ci ildə Əmək gigiyenası və peşə xəstəlikləri kafedrasının müdiri seçilən Rəhim Orucov 1988-ci ilədək bu vəzifədə çalışıb. Müdiri olduğu müddətdə kafedranın əyani vasitələrlə və gigiyenik cihazlarla təmin olunması sahəsində çox böyük işlər həyata keçirib.
Görkəmli alim, bacarıqlı pedaqoq
Azərbaycan Tibb Universitetinin bacarıqlı, nüfuzlu müəllimlərindən biri olub. Pedaqoji fəaliyyətə erkən yaşlarından başlayan Rəhim Orucov istedadlı, yenilikçi müəllim idi. Ömrünün 77 ilini pedaqoji fəaliyyətə bağlayıb. Dərs dediyi şagirdlərin, tələbələrin yaddaşında dərin iz buraxmağı, onların dünyagörüşünün formalaşmasına təsir göstərməyi bacarıb. Rəhim müəllimin fəaliyyəti yetirmələri üçün nümunədir. Rəhim Orucovun pedaqoji fəaliyyəti bununla bitməyib. O, institutda yaxşı oxuyan imkansız tələbələrin elmi fəaliyyətlə məşğul olmalarına daim kömək göstərib.
Rəhim Orucov qismətinə düşən ömrün
uzun illərini gənc nəslin təhsilinə, təlim-tərbiyəsinə,
eyni zamanda əmək gigiyenası və peşə patologiyası elminin sirlərinin öyrədilməsinə
həsr edib.
Elmi fəaliyyətini böyük həvəslə davam etdirən Rəhim Orucov Əmək gigiyenasına aid 6 dərslik, 1 monoqrafiya, 6 metodik tövsiyə, 150-dən artıq elmi məqalənin müəllifidir. Ümumdünya Səhiyyə Təşkilatının elmi qrupunun məruzəsində peşə gigiyenasının proqresi naminə işçilərin sağlamlığında baş verən pozuntuları erkən aşkar etmək üçün sadə, asan tətbiq oluna bilən testlərin işlənib hazırlanması çox mühüm məsələ kimi qarşıya qoyulub. Bunda da Rəhim müəllimin xidməti çoxdur.
Arzularını bir-bir həyata keçirmək üçün çox səy göstərməli, çalışmalı olub. 2000-ci ildə ilkin müzakirədən keçən doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. Bu dissertasiya mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Alim apardığı tədqiqatların nəticələri barədə bir cox xarici ölkədə, o cümlədən Moskvada, Daşkənddə, Aşqabadda keçirilən respublika, ümumittifaq və beynəlxalq elmi qurultay və konfranslarda maraqlı məruzələrlə çıxış edib. Bir çox nüfuzlu jurnalda məqalələri dərc olunub.
Onun fəaliyyəti elmi-tədqiqatları və pedaqoji işləri ilə məhdudlaşmayıb. Azərbaycan Tibb İnstitutunun ictimai işlərində yaxından iştirak edib. Həmçinin Tibbi profilaktika və tibbi biologiya fakültəsi Elmi Şurasının, fakültə tədris-metodik komissiyasının üzvü olub. Rəhim müəllimin tibb elmində kəşfləri elm aləmində maraqla qarşılanıb.
Uzunillik zəhməti, səmərəli fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Rəhim Orucov əmək fəaliyyətində qazandığı nailiyyətlərə görə müxtəlif medal və bir sıra fəxri fərmanla təltif olunub. 1977-ci ildə SSRİ Səhiyyə Nazirliyi tərəfindən "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib, 1978-ci ildən əmək veteranı olub. "1941-1945-ci illərdə Böyük Vətən müharibəsi illərində fədakar əməyinə görə", "Tərəqqi" və başqa medallarla, Səhiyyə Nazirliyinin fəxri fərmanları və "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Rəhim Orucova "Tərəqqi" medalı, "Əməkdar müəllim" fəxri adı verilib. O, ATU-da Yeni Azərbaycan Partiyasının yaradılmasında fəal iştirak edib.
Rəhim müəllim böyük ailə başcısı olub, övladlarının müxtəlif sahələrdə ali təhsil almalarında onlara düzgün yol göstərib.
Həmkarları onu vətənpərvər ziyalı, yüksək məsuliyyətli müəllim, səmimi dost, həm də qayğıkeş ailə başçısı kimi bu gün də böyük hörmət və minnətdarlıqla anırlar.
Şakir MUSAYEV,
AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor
Azərbaycan.- 2022.- 5 oktyabr.- S.9.