Azərbaycanın yeni çağırışı

 

Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ölkəmizin milli prioritetidir

 

Ermənistanın 30 il ərzində viran qoyduğu, vəhşicəsinə dağıtdığı Qarabağ işğaldan azad olunduqdan, sahibinə qovuşduqdan sonra orada qısa müddətdə görülən möhtəşəm işləri sözlə təsəvvür etmək çox çətindir. Görənlər bilir, görməyənlər də efirdən, fotolardan, danışılanlardan duyub. Bu illər ərzində daşı daş üstündə qoymayan ermənilər tarixi, mədəni, dini abidələri, yaşayış məntəqələrini dağıtmaqla yanaşı, ekoloji terror da törədiblər.

Hazırda Azərbaycan yenidənqurma kimi çətin bir missiyanı yerinə yetirir. Ərazilərimiz işğaldan azad olunduqdan sonra Prezident İlham Əliyevin tapşırığı ilə həmin rayonlarda dərhal yenidənqurma və bərpa işlərinə başlanıldı. Ölkə rəhbəri işğaldan azad olunmuş ərazilərdə görülən işlərə birbaşa nəzarət edir, rayonlara müntəzəm səfərlər edərək bir sıra təməlqoyma mərasimlərində, eyni zamanda açılışlarda iştirak edir. İki il ərzində Qarabağ və Şərqi Zəngəzurda görülən genişmiqyaslı işlərdən indi hər kəs danışır.

 

 

Azərbaycan Qarabağı dünyanın ən dilbər guşələrindən birinə çevirəcək

 

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu qəzetimizə açıqlamasında bildirib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra fəal şəkildə quruculuq işləri həyata keçirilir. Bu sürətlə Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru tezliklə dünyanın ən dilbər guşələrindən birinə çevirəcək: "Nəzərə almaq lazımdır ki, işğaldan azad etdiyimiz ərazilərdə yenidənqurma, tikinti-quruculuq işləri geniş vüsət alıb. Demək olar ki, bu ərazilərdə bərpa olunacaq bir şey qalmayıb. Məsələn, Ağdam "Ruhlar şəhəri" və ya "Qafqazın Xirosiması" adlandırılır, çünki ermənilər Ağdamda daşı daş üstündə qoymayıblar. Yalnız Cümə məscidinin minarələri qalıb ki, ondan da müşahidə məqsədi üçün istifadə ediblər. Ermənilərin  Ağdama vurduğu ziyanın miqyası təxmini hesablamalara görə, 6 milyard dollardan çoxdur. Bu, onun göstəricisidir ki, Ermənistan, sözün əsl mənasında, ən müxtəlif istiqamətlərdə Azərbaycan dövlətinə və xalqına qarşı terror həyata keçirib".

E.Mirbəşiroğlu deyir ki, Ermənistanın cinayət izlərinin dünyaya nümayiş etdirilməsi baxımından işğaldan azad olunmuş ərazilərimizdə təşkil olunan hər bir tədbirin böyük əhəmiyyəti var. Düşmən hibrid müharibə formasında yenə müqavimət göstərir. Bu baxımdan Ermənistanın törətmiş olduğu cinayətlərin informasiya müstəvisində sistemli şəkildə tirajlanması çox vacibdir. Bu, Azərbaycanın ədalətli mövqeyinin tanıdılması baxımından da önəmlidir.

 

 

 

Milli Şəhərsalma Forumu Ermənistanın cinayətlərini bir daha dünyaya yaydı

 

 

 

Deputat hesab edir ki, ilk Milli Şəhərsalma Forumunun Ağdamda təşkil olunması olduqca əhəmiyyətlidir, çünki bu, hər şeydən öncə Azərbaycan Prezidentinin strateji baxışına uyğundur. Dünyanın 30-dan artıq ölkəsindən nümayəndələrin iştirakı ilə keçirilən forum əyani şəkildə beynəlxalq aləmə Ermənistanın Azərbaycan ərazilərində hansı vəhşiliklər törətdiyini nümayiş etdirir. Prezident İlham Əliyev forumun açılışında öz nitqində bir daha vacib məqamlara toxundu. Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasının həyata keçirilməsinin zamanında həll edilməsinin zəruriliyi vurğulandı. Dövlətimizin başçısı bu istiqamətdə vaxt itkisinin yolverilməzliyini xüsusi qeyd etdi. Yaradılmış komissiyaların vaxt itirmədən sərhədlərin delimitasiyasının həyata keçirilməsi istiqamətində aparmalı olduğunu diqqətə çatdırdı. Nəzərə almaq lazımdır ki, Ermənistan yenə də istənilən vasitələrlə əldə olunmuş razılaşmalardan yayınmağa, sülh gündəliyini əngəlləməyə çalışır. Amma Azərbaycan öz iradəsi ilə sülh prosesini irəli aparmaqdadır. Ermənistanın və ona dəstək olanların bütün cəhdlərinə baxmayaraq, ölkəmizin başlatmış olduğu sülh prosesi dönməz xarakter alır və istər-istəməz Ermənistan Azərbaycanın sülh prosesi ilə ayaqlaşmalı olur.

E.Mirbəşiroğlunun sözlərinə görə,  Ermənistan ardıcıl olaraq təxribatlar törətməklə daha zəif duruma düşür. Azərbaycan isə əksinə, müvafiq olaraq öz mövqelərini daha da möhkəmləndirir.

Prezident İlham Əliyev Milli Şəhərsalma Forumunda həm də işğaldan azad olunmuş ərazilərdəki tikinti-quruculuq işlərindən bəhs etdi. Dövlət başçısının forumda səsləndirdiyi məlumatlar dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqlarda Azərbaycanın iqtisadi gücü, siyasi iradəsi, əzmi haqqında aydın təsəvvür formalaşdırdı.

Deputat işğaldan azad olunmuş torpaqlarda bərpaolunan enerji potensialının təxminən 10 min meqavat gücə bərabər olduğunu xatırladaraq deyir ki, həmin ərazilərdə su-elektrik stansiyalarının inşasına da diqqət yetirilirbu istiqamətdə görülmüş işlər var.

İndi dünya ictimaiyyətində Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi böyük layihələr haqqında aydın təsəvvür yaranıb. Prezident həm də vurğuladı ki, sərhədlərin müəyyənləşdirilməsi çox vacibdir, eyni zamanda Azərbaycan ərazisində yaşayan ermənilərin vəziyyəti, onların mövcudluğunun təmin olunması məsələsi ölkəmizin daxili işidir. Burada heç bir kənar müdaxiləyə ehtiyac yoxdur.  Ermənistanın baş naziri Paşinyan da bu reallıqları qəbul etmək məcburiyyətindədir. O da qeyd edib ki, Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh müqaviləsində Qarabağ məsələsi yer almaya bilər, o, qəti olaraq almayacağını da bilir.

Tədbirin əhəmiyyətinə diqqət çəkən deputat deyir ki, forumun açılışından bir gün sonra Praqada Prezident İlham Əliyev, Ermənistanın baş naziri, Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl MişelFransa Prezidenti Makronun dördlükdə görüşü nəzərdə tutulurdu. Avropa Siyasi Birliyinin ilk sammitinin keçirilməsi çərçivəsində baş tutan görüşdən öncə forumun təsirli rolu oldu. Ona görə ki, dünya ictimaiyyəti bu forumu yaxından izləyir və Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətləri görür. Belə olan halda Ermənistanın dünyanı çaşdırmaq istiqamətində yalan informasiyalar vermə cəhdlərinin də qarşısı alınır. Bununla Ermənistanın təcavüzkar, işğalçı, vandalterrorçu dövlət simasını növbəti dəfə dünyaya nümayiş etdirdik.

 

 

 

Qurucu Azərbaycanın və revanşist Ermənistanın prioritetləri arasında köklü fərq var

 

 

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov qəzetimizə açıqlamasında deyib ki, Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun keçirilməsi postmünaqişə dövrünün yeni çağırışlarının ifadəsidir.

Deputat forumda Prezident İlham Əliyevin çıxışını xatırladaraq qeyd edir ki, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların doğma yurdlarına qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması ilə bağlı dövlətimizin başçısının çağırışları ürəkaçandır.

Bəhruz Məhərrəmov bildirir ki, ötən iki ildə yerləyeksan olunmuş on min kvadratkilometrlik ərazidə miqyası görünməmiş dəyişikliklərin şahidi oluruq. Bu dəyişikliklər iki istiqamətdə müşahidə olunur. Birincisi, beynəlxalq cinayətlərin ağır nəticələrinin aradan qaldırılması, ikincisi, bəşəri dəyərləri ehtiva edən, insan rifahı və təhlükəsizliyi məsələsidir. Beynəlxalq cinayətlər dedikdə, ilk növbədə, minalarla çirklənmiş, Livan dövlətinin ərazisi qədər bir bölgənin yaşayış üçün tam təhlükəsiz vəziyyətə gətirilməsi nəzərdə tutulur. Müharibədən sonrakı dövrdə, yekun sülh prosesinə çalışdığımız bir məqamda Ermənistan humanitar hüquq pozuntusuna və müharibə cinayətlərini davam etdirərək nəinki dəqiq mina xəritələrini verməkdən boyun qaçırır, üstəlik, bütün cəhdlərlə minalanma prosesini davam etdirir. Elə bu günlərdə Laçın istiqamətində aşkarlanan 2021-ci il istehsalı olan minalar buna misaldır.

Deputat deyir ki, erməni vandalları 30 il ərzində həm də təbiətimizi, ekologiyamızı hədəfə alaraq ağır fəsadlara yol açıblar: "Bu mənada qarşımızda urbisidlə yanaşı, ekosid cinayətlərinin nəticələrini aradan qaldırmaq kimi ciddi vəzifə qoyulub. Təbii ki, N.Paşinyan özü başda olmaqla, Ermənistanın bütün hərbi-siyasi rəhbərliyi davam edən bu cinayətlərə görə məsuliyyət daşıyır və beynəlxalq tribunalda cinayət təqibi labüddür".

Onun sözlərinə görə, insan rifahı ilə bağlı hədəfə gəlincə, Prezident İlham Əliyevin də dediyi kimi, vəhşi qəbilə davranışına bənzər barbarlıqla, vandalizmlə yerləyeksan edilən şəhər və kəndlərimiz yenidən qurulmasını, eləcə də dini-mədəni abidələrimiz həssaslıqla bərpasını gözləyir. 

Deputat ötən iki il ərzində quruculuq bərpa prosesinə tam sürətlə start verildiyini qeyd edərək bildirir ki, bu dövrdə ən müasir yol, enerji, o cümlədən Füzuli, Zəngilan hava limanlarının timsalında müasir nəqliyyat infrastrukturları inşa edilib, Ağalı kəndi simasında təhlükəsiz, ləyaqətli Böyük qayıdışa uğurla start verilib. Əlbəttə, beynəlxalq ictimaiyyət də qurucu Azərbaycanın və revanşist Ermənistanın prioritetləri arasında köklü fərqi görür. Bu fərqi və niyyəti görməyənləri, yaxud görmək istəməyənləri fakt qarşısında qoymaqla reallığa dəvət etmək üçün Ağdam forumu və cənab Prezidentin Ağdamdan  dünyaya müraciəti təsirli gediş oldu.

Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunda çıxış edən Azərbaycan Prezidenti  qeyd etdi ki, hazırda keçmiş məcburi köçkün və qaçqınları öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün nəhəng bir çağırışla üz-üzəyik. Artıq Qarabağa və Şərqi Zəngəzura həyat qayıdır, məcburi köçkünlərimiz mərhələli şəkildə doğma dədə-baba torpaqlarına qayıdırlar. Böyük qayıdış proqramı mərhələli şəkildə uğurla icra olunur. Beləliklə, çox keçmədən işğaldan azad olunan hər bir ərazimizdən öz sahiblərinin səsi eşidiləcək.

 

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2022.- 8 oktyabr.- S.5.