İnsanlığa sığmayan erməni vəhşiliyi
Bunu son dövrlər aşkar
edilən kütləvi məzarlıqlar bir
daha təsdiqləyir
Daha bir erməni vəhşiliyinə şahidlik etdik. Xocavəndin Edilli kəndində Birinci Qarabağ savaşında ermənilər tərəfindən amansızlıqla qətlə yetirilmiş 12 nəfər soydaşımızın dəfn edildiyi kütləvi məzarlıq aşkar edilib. Xatırladaq ki, bu, eyni ərazidə tapılan üçüncü kütləvi məzarlıqdır. Bundan əvvəl də Edilli kəndində daha iki yerdə toplum azərbaycanlıların qətlə yetirilərək basdırıldığı müəyyən edilmişdir. Bu, erməni vəhşiliyini sübut edən nə birinci, nə də sonuncu faktdır...
Birinci Qarabağ savaşında 4000 nəfərə yaxın soydaşımız itkin düşmüş hesab olunur. Azərbaycan hökuməti dəfələrlə Ermənistan hökumətinə, eləcə də insan hüquqları ilə məşğul olan nüfuzlu beynəlxalq təşkilatlara müraciət etsə də, Ermənistan tərəfi əsir və itkin düşənlərin taleyi barədə məlumat verməkdən müxtəlif bəhanələrlə yayınıb. Eyni zamanda ermənilər azərbaycanlıları kütləvi surətdə qətlə yetirib basdırdıqları yerlərin xəritəsini verməkdən imtina ediblər.
Prezident İlham Əliyev aprelin 4-də itkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru xanım Katrin Bombergei qəbul edərkən Birinci Ermənistan-Azərbaycan müharibəsi zamanı 3890 nəfər azərbaycanlının itkin düşmüş hesab olunduğunu, onların bir çoxunun işgəncələrə məruz qaldığını və öldürülərək Ermənistan tərəfindən kütləvi məzarlıqlarda basdırıldığını diqqətə çəkmişdi. Dövlət başçısı görüş zamanı Azərbaycanın humanitar xarakter daşıyan bu məsələ ilə bağlı dəfələrlə işğalçı ölkəyə müraciət etməsinə baxmayaraq, qəsbkarın konstruktiv əməkdaşlıq və xoş niyyət nümayiş etdirmədiyini bildirmişdi.
Artıq iki əsrə yaxındır ki, ermənilərin başımıza gətirmədiyi müsibətlər qalmayıb. XX əsrin əvvəllərində Bakıda, Şamaxıda, Qubada, Qarabağda, indiki Ermənistanda erməni vəhşiliklərinin sayı nə birdir, nə də beş...
1990-cı ildə başlayan erməni vəhşilikləri heç də öz qəddarlığına görə əsrin əvvəlkindən geri qalmır.
Dünya ictimaiyyətinə yaxşı bəlli olduğu kimi, ən böyük qətliam Xocalıda baş verib. Xocalı faciəsi zamanı 1275 nəfər əsir götürülərək işgəncələrə məruz qalıb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
1990-cı illərdə erməni vəhşiliklərini qısaca nəzərdən keçirdikdə gözlərimiz önündə canlanan qanlı hadisələrdən dəhşətə gəlməyə bilmirsən.
1990-cı il martın 24-də Qazax rayonunun Bağanis Ayrım kəndində ermənilər tərəfindən törədilən qırğın nəticəsində 7 nəfər kənd sakini ocağa atılaraq yandırılıb, 2 nəfər isə güllələnib. Kənddə 17 ev qumbaraatanla dağıdılıb, 11 ev isə qarət edilib.
Əsliyevlər ailəsinin 5 üzvü işgəncələrlə qətlə yetirildikdən sonra üstlərinə benzin tökülərək yandırılıb. Kənd sakini Alməmməd Məhərrəmov isə həyətindəki ot tayasına atılaraq diri-diri yandırılıb. Kənddə növbə çəkən milis əməkdaşı Məcid Əhmədov güllələnib, 2 nəfər isə odlu silahla yaralanıb. Qətlə yetirilənlərin ən yaşlısı 75 yaşında, ən kiçiyi isə beşikdə olan 39 günlük körpə olub. Bu ərazidə də kütləvi məzarlıqların olduğu bildirilir.
Azərbaycanlıların kütləvi dəfn edilməsi ehtimalının olduğu ərazilər 1991-ci il oktyabrın sonunda və noyabr ayı ərzində qətliam törədildiyi Malıbəyli, Kərkicahan, Meşəli, Quşçular kəndləridir. Oradakı erməni vəhşilikləri azərbaycanlılara qarşı törədilmiş cinayətlər sırasında xüsusi amansızlığı ilə seçilir.
1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əsgəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürülüb, 15 nəfər isə yaralanıb.
Kütləvi məzarlıqların olduğu bildirilən ərazilərdən biri də Kəlbəcər rayonunun Ağdaban kəndidir. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı qüvvələri və Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban sakinlərinə qarşı vəhşiliklər törədib, kəndin əhalisini kütləvi formada qırıblar. 779 dinc sakinə divan tutulub. 67 sakin müxtəlif işgəncələrlə qətlə yetirilib. Həmin gün 90-100 yaşlı 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb, 12 nəfərə ağır bədən xəsarətləri yetirilib, 2 nəfərin taleyi haqqında isə indiyədək məlumat yoxdur.
İnsanlığa sığmayan daha dəhşətli bir hadisə 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya yaylağında baş verib. Laçınlılara qarşı törədilən Ballıqaya faciəsi tarixə ermənilər tərəfindən törədilmiş ən dəhşətli qətliamlardan biri kimi düşüb. Səhər saat 5 radələrində Ermənistan silahlı qüvvələrinin yaratdığı diversiya qrupunun 10-12 nəfər üzvü alaçıqları xüsusi amansızlıqla, iriçaplı silahlardan və qumbaraatanlardan atəşə tutub. İnsanlığın utanc yeri olan Ballıqaya faciəsində 24 nəfər qətlə yetirilib.
1992-ci ilin 25-26 yanvarında uğursuz Daşaltı əməliyyatı zamanı 90-a yaxın azərbaycanlı həyatını itirib. Onlardan 30 nəfərə yaxını itkin düşmüş sayılır və indiyə kimi şəxsiyyətlərini müəyyənləşdirmək mümkün olmayıb. Ötən ilin fevral ayında Daşaltı kəndində həyata keçirilən axtarış tədbirləri nəticəsində naməlum cəsəd qalıqları aşkar edilib .
Son vaxtlar erməni vəhşiliklərinin əyani sübutu kimi, Ağdamda, Ağdabanda, Fərruxda kütləvi məzarlıqlar aşkar edilib.
Ermənlər isə hələ öz ampluasındadırlar. Hələ də özlərini dünyaya heç nə olmamış kimi yazıq göstərməyə çalışırlar. Hələ də minalanmış sahələrin xəritəsini vermirlər... Yenə hiylə, yenə məkr nümayiş etdirirlər.
Yerli və xarici jurnalistlər də Xocavənd rayonunun Edilli kəndində törədilmiş bu tükürpədici hadisəyə şahidlik ediblər. Ermənilərin bu vəhşilik barədə növbəti dəfə nə uyduracaqları, dünya ictimaiyyətini nə ilə aldadacaqları istisna deyil. Amma maraqlıdır ki, ortada dəlil-sübut olmasına baxmayaraq, nə beynəlxalq təşkilatlar, nə də dünyanın aparıcı dövlətləri ermənilərə törətdikləri vəhşiliklərə görə nəinki cəza tələb etmirlər, heç söz də demirlər. Maraqlıdır... Bu hadisələri yenə də görməzdən gəlib, erməni yalanlarına uyacaqlar?
Elşən QƏNİYEV
Azərbaycan.- 2022.- 5 oktyabr.- S.10.