Əcəlini şəhidliyə
dəyişən kapitan
Uşaq ikən eşitdiyimiz bir fikir bizimlə illərdir ki, yoldaşlıq edir. Deyirlər ki, dünyaya gələn insanla birgə onun taleyi də doğulur. Hər kəs o izə düşərək ömrünü yaşayır. Onu dəyişməyə gəlincə, hələ heç kəs bu işin öhdəsindən gələ bilməyib. Mümkünsüzlük içində milyonlar bu dünyanı tərk edib və qismətinə düşəni özü ilə apara bilib. Bəzən rəhmət, bəzən də əfsus kəlmələrini hamı eşidib. Buna görə də bəziləri sabahın naümid olduğunu bilərək daha çox işləmək, xoş əməllər sahibi kimi xatırlanmaq istəyir.
Tanrı onları özü seçir və o kəslərə dirilik ruhunu abi-həyat suyu kimi içirir. Şəhidliyə qovuşanlar bu tale qismətini yaşayanlardır. Belə ömrü yaşamaq o qədər asan deyil. Vətən torpağını canı ilə dəyişənlərdən və onu yadigara çevirənlərdən biri də Salehdir.
Tez böyümək istəyən oğul
Saleh Möhübbət oğlu Qurbanov 14 aprel 1990-cı ildə Xızı rayonunun Giləzi qəsəbəsində dünyaya göz açıb. Ailədə iki qardaş, bir bacı olan Qurbanovlar kənddə hamının hörmət etdiyi gənclər olub. Mikayıl Müşfiq adına Giləzi kənd tam orta məktəbində müəllimlər Salehin fizika və riyaziyyata marağını və düşüncə tərzini görüb valideynlərinə xəbər göndərirlər.
- Getdim məktəbə ki, görəsən nə olub? - deyə atası Möhübbət söhbətə başlayır. Müəllimlər Salehin fizikanı yaxşı bildiyini dedilər və gələcəkdə təhsilini davam etdirməsini məsləhət gördülər. Axşam evdə soruşdum ki, bala, məktəbi qurtaranda neyniyəcəksən. 7-ci sinifdə oxuyan Saleh mənə dedi ki, ata, tez böyümək istəyirəm. Onun nə demək istədiyini başa düşmədim. Başa düşmədim və üzünə baxdım. Anidən sakitcə, əsgər olmaq istəyirəm, dedi.
Beləcə orta məktəbi bitirən Saleh Sumqayıt Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olur. Oxuduğu müddətdə bir dəfə də olsun evdən pul istəmir. Hər dəfə atası cibinə pul qoymaq istəyəndə, yox, lazım deyil, varımdı, deyir.
- Sonra öyrəndik ki, Sumqayıtda ali məktəblərə hazırlıq kursunda çalışırmış, - deyə Möhübbət kişi gözləri yol çəkə-çəkə danışır. Qardaşı Taleh ondan iki yaş böyükdü. Arabir qardaşına pul verirmiş ki, ailəyə kömək etsin. Anasına hər dəfə hədiyyələr gətirərdi. Bacısı Ruhiyyə isə onunla nəfəs alırdı.
Sözlərini sona çatdıra bilmədi şəhid atası, özünü toparlayıb susdu. Otaqdakı sakitlikdə mənə elə gəldi ki, içəridə nəsə dolanır. Möhübbət kişi köksünü ötürdü, söhbətinə davam etdi:
- Mən həmişə kövrələndə elə bilirəm ki, başımın üstündə oğlum durub. O an sakitləşirəm. Bir də tapşırıb ki, mənim üçün ağlamaq yox, dua etmək lazımdır.
Dualardan biri də Vətəndir
Beləcə ali məktəbi bitirdikdən sonra fizika müəllimi ixtisasına yiyələnir. Həmin il əsgəri xidmətə çağrılan Saleh tədris mərkəzində 3 aylıq kurs keçir.
- Bir gün
evə gəlmişdi, - qardaşı Taleh
bildirir. Dedi ki, əsgərliyi qurtarandan sonra hərbidə qalacam. Mənə dedi ki, atama
sən deyərsən
bunu. Hərbi hissəyə qayıdandan
bir neçə gün sonra atama dedim. O da dedi ki,
qurtarıb gəlsin baxarıq. Əgər istəyirsə, qoy
olsun. Bizim nəsildə də hərbçinin olmasının
nəyi pisdi ki?..
Beləcə, hərbi qulluqçu kimi leytenant rütbəsi alaraq xidmətə başladı. Şəmkir korpusunun leytenantı Saleh cəmi üç ildən sonra, 2014-cü ildə ailəsinə yaxşı
xidmətə görə
fəxri fərmanlar gətirir. Böyük hərbçi yolunun
üstündə bütün
çətinliklərə sinə gərən Saleh Aprel döyüşlərində
iştirak edir.
Düşmənə qalib gəlmək şərəfdir
- Döyüşlərin başladığını
eşidəndə narahat
olduq, - atası bildirir. On gün
ərzində Salehdən
xəbər gəlmədi.
11-ci gün qəflətən
gördük ki, həyətdədir. Bütün Giləzi
bizdə idi. Düşmənin başını yaxşı əzdik, deyirdi. Onlara layiqli cavab verəndə it kimi qarşımızdan qaçırlar.
Yəqin Ali Baş Komandanımız, inşallah,
bizi qələbəyə
daşıyar.
Hər dəfə
kəndə gələndə
tezdən qəbiristanlığa
yollanardı Saleh. Ya tək
gedərdi, ya da qardaşıynan. Şəhidləri ziyarət edər,
ruhlarına dualar oxuyardı.
- Oğlum dinə bağlı adam
idi, - anası Esmira bildirir. Namaz qılmağı da öyrənmişdi. Qarabağa çox
bağlı idi.
Deyirdi ki, düşməni əzsək, başımızı
dik tutub gəzərik. Həm də
azğın düşməni
əzmək, qalib gəlmək oğulların
şərəf işidir.
Subaylığa daş atmağın
vaxtıdı
2016-cı ildə Saleh
qardaşına evlənmək
istədiyini bildirir. Valideynləri bunu eşidib sevinirlər. Say-seçim başlayır Qurbanovlar ailəsində.
- Axşam ailəliklə söhbət edirdik, - Esmira ana davam
edir. Qızım Ruhiyyə başı
ilə Salehə işarə etdi. Heç nə başa düşmədim. Atalarından çəkinərdilər. Ruhiyyə söhbəti açdı ki, qardaşım bilirsiniz kimi istəyir?. Saleh tez qalxıb
eşiyə çıxdı.
Qızım dayısının nəvəsinin adını
çəkdi. Hamımızın
könlündən keçən
olduğu üçün
kişi Salehi içəri səslədi. Qapıdan içəri girən kimi, "Allah mübarək
eləsin", dedi. Uşaq kimi hamımızı qucaqlayıb öpdü.
Dediyi söz indi də qulaqlarımdadı:
subaylığın daşın
atmaq lazımdı.
Tezliklə dayısının nəvəsi
ilə Salehin toyu oldu. Giləzi belə
toy görməmişdi. Hərbçi yoldaşları,
tələbə dostları
bu mehriban, qayğıkeş insanın xeyir işində layiqincə iştirak etdi. Toyunun səhəri Saleh hərbi xidmətdə fərqlənməyə görə
medalı ilə təltif edildi.
Qələbəyə doğru gedən yol
Tovuzda xidmət
müddətində göstərdiyi
fədakarlığa, hərbi
işi mükəmməl
bildiyinə görə
dəfələrlə Saleh
komandanlığın fəxri
fərmanları ilə
təltif olunub. Qayğıkeş zabit kimi tanınan
Saleh öz əsgərlərinə əsl
hərbçi kimi yanaşıb. Yeri gəlmişkən,
onun şəhadətindən
xəbər tutan tərxis olunmuş onlarca əsgər respublikanın müxtəlif
bölgələrindən evimizə
gələrək komandirlərinə
ehtiramlarını bildiriblər.
2019-cu ildə Salehi Bakı qarnizonuna göndərirlər. Əməliyyat planlarını, taktiki gedişləri yaxşı bildiyi üçün XTQ-yə çağrılır. Elə həmin günlərdə ona vaxtından əvvəl kapitan rütbəsi verilir.
Vətən müharibəsi başlayanda döyüşlərə atılan Saleh Füzuli, Cəbrayıl, Xocavəndin alınmasında qəhrəmanlıqlar göstərir. Zabit yoldaşı Adil Əliyev qəhrəman komandir barədə bunları deyir:
- Əməliyyatların çoxunu Saleh hazırlayırdı. Komandanlıq onun hazırladığı əməliyyatları dəstəkləyirdi. Həmişə də döyüşdən uğurla çıxırdıq. Düşmənə qarşı içində bir nifrət vardı Salehin. Həmişə deyərdi ki, biz günahsız insanların tökülən qanının hesabını ermənilərdən almalıyıq. Bu bizim intiqam borcumuzdur.
Döyüşlərdə göstərdiyi rəşadətə görə o, Cəbrayılın, Füzulinin, Xocavəndin və Laçının işğaldan azad edilməsinə görə medalları ilə təltif edilir. Həmçinin hərbi xidmətdə fərqlənməyə və "Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə görə" medalları onun polad sinəsinin bəzəyi idi.
Sentyabrın əvvəllərində hərbi hissədən evə gələn Saleh anası ilə yaxın bir qohumun yasına gedir. Orada söhbət ömürdən, taledən düşür. Hərə öz fikrini bildirir. Çünki rəhmətə gedən cavan adam idi.
- Saleh dayandı, - anası bildirir. Hamı ona baxırdı. O, belə bir cavab
verdi ki,
əcəlin səni tapmasını gözləməkdənsə,
gedib onun əlindən tutmaq daha yaxşıdı. Onu mərdi-mərdanə şəhidliklə
dəyişərəm. Elə bil yaxında baş verəcəklərdən
xəbərdar idi.
Bu ilin sentyabrında erməni təxribatının
qarşısını almaq
üçün Saleh döyüşlərə
atılır. 13 sentyabrda döyüş yoldaşlarını xilas
edərkən özü
şəhidlik zirvəsinə
yüksəlir. 14 rəqəmi altında doğulan Saleh elə həmin rəqəmin kölgəsində
də dəfn olunur.
Akif ƏLİYEV,
Azərbaycan.-2022.- 8 oktyabr.- S.8.