Britaniya səfiri
azərbaycanca danışır, Azərbaycan Prezidenti
isə ingiliscə...
Oktyabrın 10-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Fergus Auldun etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, etimadnaməsini dövlətimizin başçısına təqdim edən səfir Fergus Auld Azərbaycan dilində dedi:
-Hörmətli cənab Prezident, sabahınız xeyir, etimadnaməmi Sizə təqdim etməkdən çox məmnunam.
Prezident İlham Əliyev: Təşəkkür edirəm.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Azərbaycan Prezidenti
İlham Əliyev dedi:
- Cənab səfir, sabahınız xeyir. Əvvəlcə, Azərbaycan dilini
öyrəndiyinizə görə
sizə təşəkkür
edirəm. Bizim artıq
görüşmək imkanımız
olub və mən gördüm ki, siz, demək
olar, Azərbaycan dilində səlis danışırsınız. Bu, olduqca gözlənilməz
oldu, ancaq, eyni zamanda, bu,
sizin bizim mədəniyyətimizə və
dilimizə ehtiramınızı
nümayiş etdirir.
Bilirəm ki, səfir
təyin edilməmişdən
əvvəl siz bir neçə həftə Azərbaycanın
bölgələrindən birində
yaşamısınız. Bu, sizin yeni vəzifəyə təyin
edilməyinizlə əlaqədar
nümayiş etdirdiyiniz
yüksək məsuliyyətin
daha bir göstəricisidir.
Əminəm ki, ölkəmizdə olduğunuz müddətdə
siz Azərbaycanı daha yaxından tanımaq imkanı əldə edəcəksiniz
və əməkdaşlığımızın
gələcək inkişafına
əhəmiyyətli töhfə
verəcəksiniz, o cümlədən
bizim ənənəvi
əməkdaşlıq sahələrinə
daxil olmayan, potensial tərəfdaşlığın
yeni sahələrində.
Çünki əməkdaşlığımızın əsas və ənənəvi sahələrində
artıq ciddi irəliləyiş və
böyük nailiyyətlər
var. Mən təkcə
Azərbaycan üçün
deyil, daha geniş region üçün
bu gün heç zaman olmadığı qədər
mühüm olan enerji sahəsini nəzərdə tuturam.
Hesab edirəm ki, biz artıq enerjidən başqa sahələrə
nəzər salmalıyıq
- ticarət, qarşılıqlı
ticarətin artırılması,
turizm və insanlar arasında təmaslar. Düşünürəm ki, təhsil
sahəsində əməkdaşlığın
yaxşı nəticələri
var. Bildiyiniz kimi, bir çox azərbaycanlı Böyük
Britaniyada təhsil alıb və almaqda davam edir.
Lakin, bu əməkdaşlığın
dinamikaya və müəyyən çərçivəyə
ehtiyacı var. Ümumilikdə,
biz tərəfdaşlığımızın
səviyyəsindən olduqca
məmnunuq. Uzun illər
ərzində Azərbaycan
və Böyük Britaniya arasında yüksək səviyyəli
siyasi dialoq, qarşılıqlı maraqlara
hörmət və bir sıra sahələrdə
sıx əməkdaşlıq
mövcuddur.
Böyük Britaniya Azərbaycana ən çox sərmayə qoymuş ölkə və strateji tərəfdaşdır. Buraya ənənəvi
sahələr daxildir,
ancaq əminəm ki, artıq yenilənən enerji növlərinə də sərmayə qoyulacaq.
Siz bilirsiniz ki, biz bu vacib istiqamətdə
addım atmağa yaxınıq. Siz Azərbaycanda
fəaliyyətinizə tamamilə
fərqli mühitdə
başlayırsınız. Çünki Qarabağ münaqişəsi
başa çatdıqdan
sonra regionda vəziyyət tamamilə dəyişib. Biz hesab edirik ki,
bu, müsbət dinamikadan bəhrələnmək
və regionumuzda davamlı sülhün bərqərar edilməsi üçün fürsətdir.
Bizim mövqeyimiz çox aydındır. Biz bunu
vurğulamışıq və
ictimai şəkildə
bir neçə vacib təkliflər irəli sürmüşük
ki, onlar davamlı sülh, sabitlik, təhlükəsizlik
və normal qonşuluq
münasibətlərinə gətirib çıxara bilər. Biz bu istiqamətdə Böyük Britaniya Hökumətinin dəstəyinə
ümid edirik. Bizə məlumdur ki, ölkənizin də regionla bağlı gündəliyi eynidir – sülh, sabitlik, təhlükəsizlik və
əməkdaşlıq. Əminəm
ki, qarşıdan gələn illərdə
biz sizinlə, buradakı
heyətinizlə və
hökumət rəsmilərinizlə
Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması
prosesinin sürətləndirilməsi
istiqamətində əməkdaşlıq
edəcəyik. Yəni, gündəliyimiz
olduqca genişdir.
Mədəniyyətimizə böyük ehtiramın nümunəsinə görə
bir daha təşəkkür edirəm. Sizə fəaliyyətinizdə
uğurlar diləyirəm.
Cənab
səfir, xoş gəlmisiniz.
***
Görüşdə Azərbaycan
dilində çıxış
edən səfir Fergus
Auld dedi:
-Hörmətli cənab Prezident.
Əlahəzrət Kraliça II Elizabetin vəfatından sonra Azərbaycan xalqı adından başsağlığı
vermək üçün
səfirliyimizi ziyarət
etdiyinizə görə
Böyük Britaniya adından bir daha Sizə minnətdarlığımızı bildirmək istərdim.
Bu gün
Gəncə şəhərinin
məruz qaldığı
dəhşətli raket
hücumunun ikinci ildönümüdür. Həmin faciəli
gündə həlak olanların ailələrinə
başsağlığı vermək istərdim.
Həmçinin iki il əvvəlki
müharibədə və
döyüşlər başa
çatdıqdan sonra
toqquşmalarda və
mina partlayışları nəticəsində
həyatını itirənlərin
də yaxınlarına
başsağlığımı çatdırmaq istərdim.
Böyük Britaniya regionda
sülhün mümkün
qədər tez əldə olunmasını
arzulayır.
Hörmətli cənab Prezident, Britaniya səfirliyində görüşərkən Sizə
dediyim kimi, mən ilk dəfə Azərbaycana Azərbaycan dili tələbəsi kimi gəlmişəm. Altı həftə
ərzində Gəncə
şəhərində yerli
bir ailə ilə yaşadım, onların yeməklərini
yedim və həyatlarını paylaşdım.
Sizin mənə söylədiyiniz
kimi, bu öyrənmə Sizin mədəniyyətinizə dərin
hörmətimi və
böyük ölkənizi
anlamaq istəyimi göstərdi. Xoş qarşılanmağım
və xalqınızın
qonaqpərvərliyi məni
valeh etdi. Çox şadam ki, Azərbaycana səfir və dost kimi qayıdıram. Mən ümid edirəm ki, təzə bardağın suyu sərin olar.
Prezident İlham
Əliyev: Təşəkkür
edirəm. Siz
danışdıqca öz-özümə düşündüm,
görün nə qədər yol qət etmişik ki, Britaniya səfiri azərbaycanca
danışır, Azərbaycan Prezidenti isə
ingiliscə danışır və bir-birimizi
anlayırıq.
Azərbaycan.
- 2022.-11 oktyabr.- S.2.