Qədim yurdumuz yenidən qurulur

 

Şuşa təkcə təbiətin yaratdığı gözəlliyin ünvanı deyil, həm də müqəddəs hisslərimizin, ən ülvi arzularımızın, Azərbaycan əsgərinin qəhrəmanlığının, vətən sevgisinin ünvanıdır. 30 ilə yaxın idi ki, sinəmizdə Şuşa boyda bir dərd böyüdürdük...

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Şuşanın işğaldan azad olunması ilə bitdi! Qəhrəman Azərbaycan əsgəri Şuşanı azad edən gün düşmən diz çöküb aman dilədi. Görünən budur ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin də son ümid yeri Şuşa idi... Onu da itirəndən sonra düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. Şuşanın işğaldan azad edilməsi hərb tarixinin möcüzəsi hesab ediləcək qədər nadir hadisələrdən sayılır. Azərbaycan Ordusunun Şuşanı azadetmə əməliyyatı  dünyanın ən böyük hərb institutları mütəxəssislərinin, ekspertlərin təəccübünə səbəb olub. Bu uğurlu əməliyyatdan sonra bir sıra böyük dövlətlər, ABŞ, Çin öz ordularında  Azərbaycan əsgərinin döyüş təcrübəsini öyrənməyə başlayıb. Dünyaca məşhur hərbi ekspertlər Şəhər Müharibələri Layihəsinin həmmüəllifi Con Spenser  Harşana Qurh Azərbaycan XTQ-nin Şuşada apardığı şəhər döyüşlərini hərb tarixinin "möcüzəsi" adlandırıblar...

Şuşa uğrunda döyüşlərdə iştirak etmiş qazi, XTQ-nin sabiq döyüşçüsü bizimlə təsirli söhbət etdi: "Şuşa bizə candan da əziz bir şəhərdir. Şuşaya sıldırım qayalıqlardan keçib yaxınlaşırdıq. Deyəsən, erməni kəşfiyyatı bunu hiss etmişdi. Hava duman olduğundan yerimizi dəqiqləşdirə bilmirdilər. Qayalığa dırmaşan zaman bir döyüş yoldaşımız sürüşərək sıldırım qayadan düşdü. Yüksək qayalıqdan yıxılan döyüş yoldaşımız düşmən yerimizi bilməsin deyə, səsini çıxarmadı. Sakitcə şəhadətə qovuşdu. Biz Şuşaya belə getdik".

Bu möcüzəni yaradan ordunun qurucusu, Ali Baş Komandanı, sərkərdəsi İlham Əliyevdir. "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" deməklə, bir daha  qətiyyəti, özünəinamı, qərarlılığı ən gözəl formada ifadə etmiş oldu. Məhz bu inam və qətiyyət Azərbaycan əsgərini keçilməz dağ yolları ilə qələbəyə apardı.

Şuşa düşmən işğalından azad olunduqdan sonra Azərbaycan əsgərinin iz saldığı o yollardan Ali Baş Komandan ailə üzvləri ilə keçərək Şuşaya getdi. Şuşada müqəddəs bayrağımızı ucaldan Müzəffər Ali Baş Komandan elə oradaca qətiyyətlə Şuşanın yenidən qurularaq bərpa olunacağını bildirdi.

Şuşa 28 il erməni işğalında qaldı. Bu illər ərzində işğalçılar bu unikal şəhərin tarixi binalarını, abidələrini dağıdıb məhv etmişdilər. Ermənistan rəhbərliyi Şuşaya tikməyə, yaratmağa, qurmağa yox, kef məclislərinə gəlirdi. Yollar bərbad vəziyyətdə idi... Keçib gəldikləri dağılmış yolları görməzdən gəlirdilər. Ona görə ki, gəldikləri kimi bir gün rədd olub gedəcəklərini bilirdilər.

Azərbaycan Prezidenti Şuşaya ilk səfəri zamanı vaxtilə ermənilərin güllələdiyi söz, sənət adamlarının  abidələrini aparmışdı. Elə ilk səfərində Şuşanın yenidən, daha gözəl bərpa olunacağı barədə konkret göstərişlər verdi. Dərhal da əməli addımlar atıldı. Şuşa işğaldan azad olunandan sonra Müzəffər Ali Baş Komandan ordusu ilə işğaldan azad etdiyi şəhərə düz 10 dəfə səfər etdi. Bu davamlı səfərlər qədim yurdun xalqımız üçün əhəmiyyətinin, torpağa sahiblik hissinin, onun müqəddəsliyinə ali dəyərinin ifadəsidir.

Şuşa bu gün Prezidentin birbaşa nəzarəti altında yenidən qurulur, bərpa edilir. Qədim şəhəri daha da gözəlləşdirib ona həyat verməklə yaralarına dövlət başçısı özü məlhəm qoyur. Bu şəhərdə təkcə dağıdılmış  binalar, infrastruktur bərpa edilmir, ulu yurdun milli ruhu da özünə qaytarılır.

Şuşa mədəniyyət paytaxtımız elan olundu. Qısa zamanda bura siyasi diskussiyaların, möhtəşəm beynəlxalq tədbirlərin mərkəzinə çevrildi. Şuşada musiqi festivalları, müsabiqələr, poeziya günləri keçirilir.

Şuşa işğaldan azad olunandan sonra ilk dəfə dost, qardaş Türkiyə dövlətinin   Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfər etdi. Səfər zamanı iki ölkənin dövlət başçıları tərəfindən müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Bu bəyannamə imzalanmaqla ölkələr arasında Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının zirvə nöqtəsi, strateji tərəfdaşlığın yeni mərhələsi başlandı. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə birliyinin güclənməsinə və ölkələrimizin regional güc mərkəzi kimi beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə müstəsna töhfədir.  Azərbaycan və Türkiyə arasında bu zamana qədər hərbi-texniki və strateji əməkdaşlıq olsa da, Şuşa Bəyannaməsi müttəfiqlik haqqında imzalanan ilk sənəddir. Şuşa  Bəyannaməsi hərbi-siyasi təhlükəsizliyin təmin olunması ilə yanaşı, başqa qüvvələrdən gələcək təhdidlərlə mübarizə baxımından hüquqi əsaslar formalaşdırır.

Azərbaycan Ordusu ermənilərin 30 ilə qət edib "möhkəmləndikləri" yerlərə 44 günə gəldi. Azərbaycan dövləti Ermənistanın dağıtdığı qədim şəhərimizi iki ildir bərpa edib gözəlləşdirir.

Bu gün Şuşa əsl tikinti meydançasını xatırladır. Bir yandan sürətlə erməni vandallarının dağıdıb viran qoyduqları tarixi abidələrimiz bərpa edilir, digər tərəfdən də yaşayış kompleksləri, hotellər inşa edilərək şəhərin gözəlliyinə yeni rəng qatılır.

Şuşa Azərbaycan əsgərinin vətən sevgisinin simvoludur. Şuşa Azərbaycan əsgərinin qəhrəmanlıq simvoludur. Şuşa mənəvi ucalıqdır. Şuşa qələbəmizin rəmzidir.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2022.- 8 oktyabr.- S.9.