“Bizim həyət”
layihəsi çərçivəsində paytaxtın Nəsimi
rayonunda növbəti həyət istifadəyə
verilib
Heydər
Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi
və rəhbəri Leyla Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən “Bizim həyət” layihəsi
çərçivəsində yenilənən növbəti
həyət oktyabrın 7-də sakinlərin istifadəsinə
verilib.
AZƏRTAC xəbər verir ki, yenilənmiş həyət Nəsimi rayonu, 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsi 64 və 20 Yanvar küçəsi 4/66 ünvanlarında 1500 sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edir.
“Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğul olma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü mini futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə iki söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və küçə heyvanları üçün evciklər quraşdırılıb.
Həyətdə yeni işıq dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları, kanalizasiya xətləri tam təmir olunub, asfalt və dam örtüyü yenilənib.
Mövcud
yaşıllıqların bərpası ilə yanaşı,
müxtəlif növ 100 ədəd ağac əkilib, 1200 kvadratmetr
ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında
adi daşsarmaşığı və digər
sarmaşan bitkilər əkməklə
“yaşıl sədlər” (green barriers) yaradılıb. Yaşıl
sədlər adi daş
sarmaşığı kimi sarmaşan, sıx bitən və havadakı zərərli
toz hissəciklərini səmərəli
şəkildə tutub-saxlaya bilən bitki növlərindən ibarətdir ki, onların digər bitkilərlə
yanaşı əkilməsi hava çirklənməsinin
əhəmiyyətli dərəcədə
azaldılmasına töhfə verir.
Azərbaycan.-2022.- 8 oktyabr.- S.10.