Avropa Azərbaycanın enerji töhfələrini
təqdir edir
Avropa Siyasi Birliyinin
Zirvə Toplantısı İlham
Əliyevin yüksək nüfuzunu,
respublikamızın qlobal məsələlərdə
güclü rolunu bir daha təsdiqlədi
Azərbaycanın region və qlobal miqyaslı məsələlərdə söz sahibi olaraq çıxış etməsi respublikamızın xarici siyasətinin mühüm tərəflərindən biri kimi diqqəti çəkir.
Bakının qlobal proseslərdə iştirak göstəricisinin ağırlığı, beynəlxalq müstəvidə özünü göstərən problemlərin yoluna qoyulmasına verdiyi töhfələr, irəli sürdüyü təşəbbüslər qlobal səviyyədə ehtiramla qarşılanır. Bütün bunları təmin edən Prezident İlham Əliyev isə dünyanın ehtiram göstərdiyi nüfuzlu siyasi liderdir.
Milli maraqlarımızın təminatçısı
İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada keçirilən Avropa Siyasi Birliyinin Zirvə Toplantısında iştirak etməsi Azərbaycan Prezidentinə yüksək beynəlxalq ehtiramın növbəti təcəssümü oldu. Eyni zamanda bu dəvət Azərbaycanın beynəlxalq birlikdəki yerinin nə qədər möhkəm, qlobal məsələlərdə oynadığı önəmli rolun nə qədər mühüm olduğunu göstərdi.
Təbii ki, bütün bunları şərtlərindən əsas amil Prezident İlham Əliyevin yürütdüyü siyasətdir. Gərgin qlobal beynəlxalq münasibətlər şəraitində istənilən məsələ üzrə Azərbaycanın milli maraqlarının sadiq təminatçısı kimi çıxış edən Prezident İlham Əliyev beynəlxalq miqyasda da siyasi lider olaraq ehtiramla qarşılanır. Dövlətimizin başçısının hadisələrə baxışı, münasibəti hər bir beynəlxalq tədbirin diqqətlə izlənilən məqamlarındandır. Avropa Siyasi Birliyinin Zirvə Toplantısı da bu baxımdan Azərbaycanın qlobal məsələlərdəki güclü rolunu, Prezident İlham Əliyevin yüksək nüfuzunu bir daha təsdiq edən tədbir oldu.
Avropa Siyasi Birliyi qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. İlk dəfə keçirilən bu Zirvə toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirir. Toplantı ərzində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə ediblər.
Prezident İlham Əliyev Azərbaycan televiziya kanallarına müsahibəsində bu barədə deyib: "O ki qaldı Azərbaycanın bu tədbirə Avropa tərəfindən dəvət edilməsinə, bunu, əlbəttə, biz yüksək qiymətləndiririk. Bu, yeni platformadır, müzakirələr təzə başlayıb. Hələ ki, bu təşəbbüsün gələcəyi ilə bağlı dəqiq bir şey demək mümkün deyil. Amma hər halda, Azərbaycanı həm Avropa İttifaqı tərəfindən, həm də tədbirin ev sahibi - Çexiya tərəfindən bu Avropa ailəsinə dəvət etmələri deməyə əsas verir ki, bizim əlaqələrimizin çox gözəl perspektivləri vardır".
Azərbaycandan Avropa
İttifaqına qaz ixracı artacaq
Azərbaycanın mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, onun regional və beynəlxalq miqyasda nüfuzunu daha da artırıb. Azərbaycan bu gün dünyanın sayılıb-seçilən, hörmət olunan, etimad göstərilən dövlətinə çevrilib. Dünyanın aparıcı siyasi və iqtisadi dairələrinin Prezident İlham Əliyevə müxtəlif vaxtlarda, əlamətdar günlərdə ünvanladıqları məktublar, keçirilən görüşlərdə səslənən fikirlər Azərbaycanın uğurlarını artıraraq beynəlxalq miqyasda söz sahibinə çevrilməsinin qlobal etirafıdır.
İlham Əliyevin həyata keçirdiyi siyasət dövlətimizin və xalqımızın milli mənafelərini layiqincə təmin edərək dünya çapında həm də böyük diqqətlə izlənilir. ABŞ, Rusiya və Çin kimi dövlətlərin rəhbərləri, habelə Avropa İttifaqı Azərbaycan Prezidentini etibarlı tərəfdaş, qətiyyətli siyasi lider kimi qəbul edir, onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirirlər. Bu baxımdan Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə strateji tərəfdaşlığının köklü əsaslarının olması, real zəminlərə söykənməsi Prezident İlham Əliyevin Praqa səfərinin fonunda bir daha öz təsdiqini tapdı.
Azərbaycan-Aİ münasibətləri müxtəlif sahələr üzrə sıx və etirablı tərəfdaşlığa əsaslanır. Bunu ilk olaraq iqtisadi sferadakı rəqəmlərdən də görmək olar. Belə ki, Aİ 700-dən çox şirkət ilə ölkəmizdə ən böyük investordur. İnvestisiyaların həcmi isə on milyardlarla dolları ötür. Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq isə ikitərəfli münasibətlərin nüvəsini təşkil edir. Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsinə ciddi dəyişikliklər edib. Artıq il yarımdır ki, "Cənub qaz dəhlizi" tam gücü ilə işləyir və Azərbaycanın Xəzərdən hasil etdiyi təbii qazı Avropa bazarlarına çatdırır.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün başlanmış Brüssel prosesinin obyektiv gedişatı da Azərbaycan dövlətinə və onun rəhbərinə etibarlı tərəfdaşlıqdan irəli gələn ehtiramın nümunəsidir. Brüssel prosesində Avropa İttifaqının ortaya qoyduğu mövqe və yanaşma bu təşkilatla Bakı arasındakı strateji tərəfdaşlığa da mütənasibdir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Avropa İttifaqı ilə bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır, əlbəttə ki, ilk növbədə, enerji sahəsində. Bu ilin iyul ayında Bakıda "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb. Ötən il Azərbaycan Avropaya qaz ixracatını əvvəlki ilə nisbətən 40 faiz artırıb, bu il isə təxminən 30-40 faiz artacaq. 2027-ci ildə isə Azərbaycandan Avropa İttifaqına qaz ixracı ən azı 18 milyard kubmetr olacaq.
Bütün bunlar enerji təhlükəsizliyinin xüsusilə aktuallaşdığı bir dövrdə Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqelərinin nə qədər güclü olduğunu göstərir. Enerjiyə tarixdə görünməmiş dərəcədə ehtiyac duyan Avropa bu məsələdə Azərbaycanın etibarlı tərəfdaş olduğunu bilir və görür. Azərbaycan isə layiqli tərəfdaş kimi enerji təhlükəsizliyi ilə bağlı məsələlərdə həm yeni təşəbbüslər ortaya qoyur, həm də onların həyata keçirilməsini təmin edir.
Prezident İlham Əliyevin Praqa səfərinin nümayiş etdirdiyi əsas reallıqlardan biri Azərbaycanın enerji siyasətinin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrin Avropa İttifaqı tərəfindən təqdir olunmasıdır. Bu baxımdan Avropa liderləri İlham Əliyevin enerji təhlükəsizliyi ilə bağlı qətiyyətli siyasətinin və Azərbaycanın bu məsələdə təşəbbüslərinin "qoca qitə" üçün vacibliyini həm etiraf edir, həm də yüksək qiymətləndirirlər.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2022.- 11 oktyabr.- S. 5.