Praqa görüşü sülh prosesini sürətləndirir
Prezident İlham Əliyevin qətiyyətli
qərarları Azərbaycanın beynəlxalq mövqelərinin əhəmiyyətli
dərəcədə gücləndiyini göstərdi
Ötən həftə Praqada Avropa Siyasi Birliyinin Zirvə Toplantısı çərçivəsində keçirilən dördtərəfli görüş Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm irəliləyiş oldu.
Prezident İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünün nəticəsi Ermənistanın Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul etdiyinin göstəricisidir. 1991-ci ildə imzalanan Alma-Ata Bəyannaməsində Azərbaycan və Ermənistan qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanısa da, daha sonra işğalçı ölkə buna əməl etməyərək torpaqlarımızı işğal edib. Bununla da Alma-Ata Bəyannaməsi ilə müəyyənləşdirilən öhdəliyi Ermənistan pozmuşdu. Praqa görüşündə isə qəbul olunan bəyanata əsasən, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdı. Əldə edilən razılaşma sülh prosesi istiqamətində Azərbaycanın daha bir nailiyyəti hesab olunub.
Sülh müqaviləsi istiqamətində ciddi
irəliləyişlər olacaq
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin Praqada görüşünün keçirilməsi Fransa Prezidenti Emmanuel Makron tərəfindən təklif edilmişdi. Bu görüş Avropada yeni reallığın, yeni təhlükəsizlik sisteminin və yeni siyasi əlaqələrin yaradılmasına dəlalət edir.
Səməd Seyidov deyir ki, dördtərəfli görüş tarixi əhəmiyyət kəsb edir. Görüşün nəticəsi olan siyasi sənəd Avropanın bəyanatıdır: Avropa Siyasi Birliyinin Zirvə Toplantısında Avropanın 44 ölkəsi təmsil olunurdu və həmin toplantı çərçivəsində belə vacib, nəzərəçarpan görüş keçirildi. Bu, Avropanın Azərbaycanın sülh üçün təklif etdiyi beş prinsipə cavabdır. Bu cavab onu deməyə əsas verir ki, onlar həmişə Azərbaycanın ərazi bütövlüyünü qəbul ediblər".
Komitə sədri vurğulayır ki, bu dəfə ərazi bütövlüyümüz rəsmən Ermənistan tərəfindən qəbul olundu. Bu, özlüyündə tarixi məsələdir. Ona görə də bu bəyanatın Praqa toplantısında verilməsi və qarşılıqlı ərazi bütövlüyünün tanınması Azərbaycan, Ermənistan, Fransa, Avropa İttifaqı Şurasının iştirakı, Avropanın demək olar, bütün siyasi rəhbərlərinin şahidliyi ilə vurğulanması böyük tarixi hadisədir.
Deputat 1991-ci ildə imzalanan Alma-Ata Bəyannaməsində Azərbaycanın və Ermənistanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını xatırladıb. O bildirib ki, məhz həmin bəyanatın qəbul olunduğu sammitin imzaları nəticəsində Azərbaycan və Ermənistan BMT-yə qəbul olunub. Lakin bundan sonra Ermənistan ölkəmizin ərazi bütövlüyünü pozub, Azərbaycan torpaqlarını işğal edəndən sonra faktiki sərhədlərini Ağdamdan, Füzulidən keçirmək niyyətində olub. Bununla yanaşı, Qarabağı qeyri-qanuni olaraq Ermənistanın tərkibinə daxil etmişdilər. Yəni Ermənistan Alma-Ata Bəyannaməsinin üzərindən xətt çəkmişdi: "Praqa görüşündə məcbur etdik ki, Ermənistan 1991-ci ildə imzaladığı sazişə geri qayıtsın. Ondan sonra baş vermiş bütün hadisələrin üzərindən xətt də çəkdik. Bu tarixi hadisəni düzgün qiymətləndirmək lazımdır. Artıq bu istiqamətdə proseslər gedir. Separatçılar Qarabağda nə qədər təxribatlar törətsələr də, Azərbaycan öz sözünü dedi, hətta Ermənistan da sözünü dedi. Sülh müqaviləsi istiqamətində ciddi irəliləyişlər olacaq".
S.Seyidov deyir ki, yenə təxribatlar ola bilər, çünki erməni lobbisi sakitləşməyib və böyük ehtimalla Azərbaycana qarşı böhtan və yalan dolu bəyanatlar verəcəklər. Ancaq prinsipial məsələ olan ərazi bütövlüyü artıq tanınıb. Azərbaycan Prezidentinin bu istiqamətdə də fəaliyyəti ən yüksək səviyyədə təqdir olunmalıdır.
Ermənistanın başqa yolu qalmayıb
Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev qəzetimizə açıqlamasında deyib ki, Praqa görüşünün və orada imzalanan sənədlərin region, o cümlədən Azərbaycan üçün böyük əhəmiyyəti var.
Deputat bu görüşü Azərbaycanın xarici diplomatiyasının, Prezident İlham Əliyevin qələbəsi kimi qiymətləndirir. Onun sözlərinə görə, bu istiqamətdə Ermənistandan hansısa rəylər gözləmək artıq lazım deyil, çünki erməni xalqının əksəriyyəti başa düşür ki, vəziyyətdən çıxmağın yalnız bir yolu var. Bu da Azərbaycanın 5 prinsipi üzrə sülh müqaviləsi bağlamaqdır. Bu, ən böyük addımdır.
Rüfət Quliyev Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Eduard Ağacanyanın açıq formada ölkəsinin artıq Qarabağ xalqının hüquq və azadlıqlarını təmin etmək imkanı və resursları olmadığını etiraf etdiyini də xatırladıb. O bildirir ki, bu, erməni cəmiyyətində böyük dəyişikliklərin olduğunu göstərir: "Dəyişikliklər bir tərəfdən "dəmir yumruq", ikinci tərəfdən səbir, digər tərəfdən isə uğurlu diplomatiyanın nəticəsidir. Üç faktorun vəhdəti müsbət yekunlara doğru aparır. Təbii ki, Ermənistanda revanşçı, müxalif qüvvələr səs-küy salırlar və onlar Nikol Paşinyanı bəlkə də ən çox səhv edən, milli maraqları satan erməni kimi qiymətləndirirlər".
Deputat deyir ki, bununla belə əksəriyyət susaraq başqa yolun olmadığını anlayır. R.Quliyev düşünür ki, Azərbaycanın təklif etdiyi şərtlərlə bu ilin sonu və ya gələn ilin əvvəlinə sülh müqaviləsi bağlanacaq. Bu məsələ beynəlxalq standartlar, Avropanın aparıcı siyasi qüvvələri, Fransa Prezidenti Emmanuel Makronla razılaşdırılmış formadadır. Ermənistanın başqa variantı qalmayıb.
Praqa görüşündə əldə edilmiş
diplomatik uğurlar
Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov qeyd edir ki, Prezident İlham Əliyevin Praqada keçirilən Avropa Siyasi Birliyinin toplantısında iştirakı iki mövzu baxımından - Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivləri və Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınması, sülh müqaviləsinin imzalanması istiqamətində işlərin sürətləndirilməsi baxımından ölkəmiz üçün çox önəmli idi.
Deputat qeyd edir ki, Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən önəmli iqtisadi tərəfdaşıdır, xüsusilə, dünyada enerji böhranının yaşandığı bir dövrdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi dəstəyi, eyni zamanda yaxın gələcəkdə Azərbaycanın Aİ ilə daha sıx əməkdaşlıq edəcəyinin ifadəsidir. Bu, eyni zamanda Avropa İttifaqı ilə münasibətlərin gələcəkdə yalnız enerji sahəsində əməkdaşlıqla kifayətlənməyəcəyini göstərir. Təmasların artması, qarşılıqlı etimadın güclənməsi həm Prezident İlham Əliyev, həm də Avropa İttifaqı rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Bu, mahiyyət baxımından Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələnin başlanması deməkdir.
Nurlan Həsənov bildirir ki, Praqa görüşü həm də Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınması və sülh müqaviləsinin imzalanması istiqamətində işlərin sürətləndirilməsi baxımından uğurlu keçib: "Çünki bu, Ermənistanın beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, eyni zamanda Qarabağ üzərində hakimiyyətini tanıması deməkdir. Bu, Praqa görüşündə əldə edilmiş ən böyük diplomatik uğurdur".
Deputat vurğulayır ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması prosesində Avropa İttifaqınının tərəf tutmadan ədalətli yanaşması önəmlidir və Azərbaycan bunu alqışlayır.
Deyilənlər bir daha göstərir ki, regionda yeni mərhələ başlayıb. Azərbaycan irəli sürdüyü 5 prinsiplə Ermənistanı sülhə çağırır, bununla Cənubi Qafqazda sülhün, təhlükəsizliyin tərəfdarı olduğunu bir daha göstərir. Ermənistan isə sülh müqaviləsini imzalanmaqdan başqa yolu olmadığını getdikcə daha çox dərk edir.
Əsmər QARDAŞXANOVA
Azərbaycan.- 2022.-11 oktyabr.- S.5.