Qətiyyətli siyasət - real nəticə

 

Sülh danışıqlarının gündəmini müəyyənləşdirən Prezident İlham Əliyevin müstəqil diplomatiyası çox uğurlu nəticə verir

 

İki ildir ki, Azərbaycan-Ermənistan sülh gündəliyi ətrafında intensiv görüşlər davam edir. Azərbaycan qalib tərəf kimi prosesi öz diktəsi ilə idarə edir, Ermənistan isə yenə də müxtəlif bəhanələrlə, təxribat törətməklə sazişin imzalanmasını uzadır.

Tərəflər arasında aparılan sülh danışıqları həm Rusiyada, həm də Avropada reallaşır. Belə ki, Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə ilk olaraq yeni format - Brüssel sülh gündəliyi yarandı. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirildi, bununla da İlham Əliyev və Aİ Şurasının prezidenti Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyuldu.  Bunun davamı olaraq tərəflər arasında intensiv təmaslar aparıldı, telefon danışıqları oldu. 

Aprelin 6-da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alındı. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan XİN-lərinə müvafiq təlimatlar verildi. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılması idi. 

Bu formatda tərəflər arasında 4 görüş keçirildi və müəyyən razılaşmalar da əldə olundu. Amma Ermənistan yenə də "status" iddiaları ilə prosesə əngəl olmağa çalışdı.

Ötən həftə isə tərəflər üçlü yox, dördlük formatında görüş keçirdilər. Özübu görüş Çexiyanın Praqa şəhərində keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantısı zamanı baş verdi.

Öncə onu vurğulayaq ki, İlham Əliyevin Çex Respublikasının Baş naziri Petr Fialanın və Aİ Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə Praqaya səfəri və Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirakı Azərbaycan Prezidentinin yürütdüyü tam müstqil siyasətə və onun şəxsiyyətinə hörmətin bariz təcəssümü idi. Bu, bir daha təsdiq etdi ki, artıq Avropada mühüm məsələlərin həllində qlobal miqyaslı təşəbbüslər müəllifi olan İlham Əliyevin mövqeyi və rəyi nəzərə alınır. Bunu Azərbaycanın təkcə Qoşulmama Hərəkatına sədrliyi dövründə İlham Əliyevin dünyanı bürüyən qlobal böhrandan çıxış yolu ilə bağlı təkliflərinin BMT və ÜST, eləcə də əksər dövlətlər tərəfindən dəstəklənməsi də bir daha təsdiq edir.

İlham Əliyev Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir və ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsi, münasibətlərinin inkişafı istiqamətində məqsədyönlü siyasət həyata keçirir.

Praqada keçirilən dördtərəfli görüşdə bir daha Azərbaycanın haqlı mövqeyi əsas müzakirə mövzusu oldu və Ermənistan növbəti dəfə İlham Əliyevin irəli sürdüyü təkliflər əsasında sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etdi. Bu, Azərbaycanın daha bir diplomatik uğuru idi.

Bu görüşün Bakının maraqlarına uyğun keçdiyini İlham Əliyevin dördtərəfli toplantıdan sonra Azərbaycanın televiziya kanallarına verdiyi müsahibə zamanı sülh prosesi barədə səsləndirdiyi fikirlərdən də aydın görmək olur. Dövlət başçısı müsahibə zamanı ümid etdiyini bildirir ki, tərəflər sülhə yavaş-yavaş yaxınlaşırlar. Prezident Aİ Şurasının prezidenti Şarl Mişelin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirərək görüşlər zamanı tərəflərin hər dəfə sülhə daha da yaxınlaşdığını vurğulayır: "Dördtərəfli görüş Şarl MişelEmmanuel Makron tərəfindən təşkil edilmişdirbu görüş zamanı da önəmli məsələlər müzakirə olunub. Hesab edirəm ki, bu görüşünsülh müqaviləsinə çatmaq üçün önəmi olacaq".

Göründüyü kimi, bütövlükdə Praqa danışıqlarına Brüssel formatının davamı kimi qiymət vermək lazımdır. Həqiqətən də, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsləri kifayət qədər uğurludur. O, dörd dəfə Azərbaycan və Ermənistan siyasi liderlərinin görüşünü keçirib. Bu görüşlərdə çox mühüm irəliləyişlər əldə edilib. Sözsüz ki, görüşlər nəticə etibarilə sülh prosesinə təkan verirsülh müqaviləsinin imzalanması imkanlarını xeyli artırıb.

Çexiyada keçirilən iki görüş təxminən beş saatdan çox çəkdi. Məhz bu təmaslar nəticəsində bir sıra mühüm razılaşmalar əldə edildi. Bu görüşlərin nəticəsi olaraq dördtərəfli birgə bəyanat qəbul edildi. Bəyanatda ən vacib məsələlərdən biri hər iki dövlətin - həm Azərbaycanın, həm də Ermənistanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünüsuverenliyini tanıdıqlarını bəyan etmələridir. Eyni zamanda iki dövlət arasında sərhədlərin müəyyən edilməsində bu prinsip əsas götürülür. İlk dəfə olaraq Azərbaycan və Ermənistan dövlətləri arasında sərhədlərin müəyyən edilməsi prosesinə dəstək məqsədilə Avropa İttifaqının mülki missiyası regiona gələcək. Onun əsas məqsədi Azərbaycan və Ermənistan dövlətləri arasında etimad mühitinin formalaşmasına kömək etmək, delimitasiya prosesi ilə bağlı görülən işlərin hesabatını hazırlamaqdır. Bu ay artıq onlar fəaliyyətə başlayırlar. Bu missiya iki ay müddətində həyata keçiriləcək.

Prezident İlham Əliyevin yenə də diplomatik məharəti ilə bu proses Azərbaycanın maraqlarına uyğun yönləndirildi. Yəni əldə edilən razılaşmaya əsasən, Aİ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdi. Amma öz suverenliyinə dəyər verən Azərbaycan buna etiraz etdi. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırıldı ki, sözügedən missiya yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğuna və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək.

Beləliklə, Azərbaycanın milli maraqları yenə də İlham Əliyev tərəfindən layiqincə qorundu. Ermənistan isə bu sərhəd missiyasına razılıq verməklə suveren dövlət olmadığını bir daha göstərdi.

Bəyanatda Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyünüsuverenliyini tanıdılar və bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Faktiki olaraq bu o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Suverenliyi tanımaqla Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıdı.

Bir sözlə, Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarında bütün proseslər ölkəmizin istəyinə uyğun reallaşır. Sülh danışıqlarının gündəmini müəyyənləşdirən İlham Əliyevin müstəqil diplomatiyası tam uğurlu nəticə verir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.- 11 oktyabr.- S.7.