Əsgərə sevgi məktubu 

 

Nuranə Şıxəliyeva: "Azad torpaqlarımızda qalib döyüşçülərin qarşısında zəfər əhvallı məktubları oxumaq əlahiddə qürur hissi yaradırdı"

 

Hava yavaş-yavaş qaralır, yarğanlardan sürünə-sürünə gələn qalın duman pərdəsi meşəni zülmətə bürüyürdü. Ətrafdakı lal səssizliyi isə aradabir çox da uzaqdan gəlməyən mərmi partlayışlarının səsi, bir də qarşı dağlarda səs-səsə verən qurdların ulaşması pozurdu...

Və o, hər dəfə bu səsləri eşidəndə, istər-istəməz canından bir vahimə keçirdi. Hər dəfəsində də hərbi geyimli, çiynində içi zərflə dolu çanta daşıyan bu qız tez özünü ələ alıb sakitləşir, keçirdiyi qorxusuna görə özünü danlayaraq, ona yol göstərən bələdçinin arxasınca qatı zülməti yararaq qətiyyətlə irəliləyirdi...

Baxmayaraq ki, düşmən yaxında idi, mənfurlar bütün cığırlara, hər daşın, qayanın altına minalar döşəmişdi, yollar keçilməz palçıq, hava dözülməz şaxta idi...

Asan deyildi, boynuna dağdan ağır bir yük, böyük bir məsuliyyət götürmüşdü. Nə qədər çətin olsa da, arxa cəbhədən ön səngərə gedib əsgərlərimizə yollanan saysız məktubları sağ-salamat ünvanına çatdırmalı, qalib döyüşçülərimizə Azərbaycan xalqının minnətdarlıq namələrini yetirməliydi...

 

O da zəfər yürüşünə qoşulur

 

27 sentyabr 2020-ci il ruhumuzun diriliş günü kimi tarix salnaməmizə qızıl hərflərlə həkk olundu. Qalibiyyətə susamış xalqımızın hər bir üzvü düşməndən 30 illik qisasımızı almaq üçün ayağa qalxdı, vətəndaşlıq borcunu ödəməyə tələsdi.

Zəfər yürüşünə çıxdığımız həmin günlərdə müharibənin od-alovu içərisindən keçərək qəhrəman oğullarımızın qarış-qarış azad etdiyi torpaqlara ilk qədəm basan bir mülki şəxs də var idi. O, döyüşlərin qızğın çağında heç bir təhlükəyə baxmayaraq, əsgərlərimizə məktub və sovqatlar aparır, arxa cəbhədəki milyonların da onlarla bir ürək olduğu mesajını çatdırırdı: "Həmin günlərdə çox çətinliklər yaşadım, hətta ölümlə burun-buruna gəldiyim anlar da oldu. Cəbrayılda yola çıxdığımız maşının cəmi bir addımlığında düşmən mərmisi partladı, gözümün qarşısında əsgərlərimizə təminat daşıyan maşın paramparça oldu. Həmin gün ömür boyu unutmayacağım qanlı müharibə mənzərəsi ilə rastlaşdım. O gün orada şəhid olan qəhrəman oğullarımızın uca ruhu qarşısında özümə söz verdim ki, bir daha öz canım üçün qorxmayacam, öləcəyimi bilsəm belə, çıxdığım bu məsuluyyətli yoldan geri dönməyəcəyəm".

"Əsgərə xatirə kitabı" layihəsinin rəhbəri Nuranə Şıxəliyevadır həmsöhbətimiz...

23 illik pedaqoji staja malik Nuranə xanım vətənpərvərlik istiqamətində fəal ictimai işlə məşğuldur. O, fəaliyyətinin böyük bir hissəsini uşaqlara, yeniyetmələrə, gənclərə vətənpərvərlik hisslərinin aşılanması istiqamətindəki işlərə yönəldib. Hazırda da tariximizlə, keçmişimizlə, işğalçı Ermənistanın xalqımızın başına gətirdiyi müsibətlərlə bağlı şagirdlərinə ətraflı məlumat verir, bununla bağlı müxtəlif tədbirlər, layihələr həyata keçirir.

 

Unudulmaz görüş

 

"Əsgərə xatirə kitabı" layihəsinə 2016-cı ilin uğurlu Aprel döyüşlərindən sonra başladıqlarını söyləyən Nuranə xanım deyir ki, məqsədləri Silahlı Qüvvələrimizin ön xətdə xidmət edən hərbi qulluqçularının asudə vaxtlarının səmərəli təşkilinə öz töhfələrini vermək olub. Layihənin ana xəttini tələbələr, şagirdlər, ictimaiyyət nümayəndələri, ziyalılar tərəfindən təqdim edilmiş bədii, vətənpərvərlik, tarixi, hərb sənəti mövzusunda yazılmış kitabları ön xətdə yerləşən hərbi hissələrə çatdırmaq və əsgərlərlə görüşmək təşkil edib. Onlar hərbi hissələrə yollanaraq, ön səhifəsində şagirdlərin öz ürək sözlərini yazdıqları kitabları əsgərlərə çatdırıblar. Eyni zamanda deputatlar, ictimaiyyət nümayəndələri, müəllimlər və valideynlərlə onların görüşlərini təşkil ediblər.

Layihə çərçivəsində Tərtər, Ağdam, Beyləqan istiqamətlərində olublar: "Amma ən unudulmaz görüşlərimizdən biri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər zamanı oldu. O zaman Lələtəpəyə qalxıb üçrəngli bayrağımızın dalğalandığı yeri də ziyarət etdik. Həmin qələbə zirvəsinə qalxanda isə bir daha əmin oldum ki, işğalda qalan digər Vətən torpaqlarımızın da azadlığa çıxmasına çox az qalıb".

O vurğulayır ki, həm orada, həm də, ümumiyyətlə, baş çəkdikləri bütün hərbi hissələrdə hər zaman döyüşçülər arasında olan yüksək vətənpərvərlik əhvalına şahidlik ediblər: "Müşahidə edirdik ki, əsgər və zabit heyətimizin hər bir üzvü Ali Baş Komandanın "İrəli" əmrini gözləyir ki, düşmənin ayağını torpaqlarımızdan qazıyıb atsınlar".

 

Arzular şəhərinə ilk qədəm qoyan mülki şəxslərdən biri 

 

2020-ci il sentyabrın 27-də haqq savaşına başladığımız gün, hərbi mülki müdafiəçi olduğu üçün Nuranə Şıxəliyeva da müraciət edərək rəsmi qeydiyyatdan keçir ki, gedib müharibədə tibb bacısı kimi xidmət etsin.

Lakin onun bu istəyi reallaşmayanda 44 günlük müharibənin ilk günlərindən etibarən "Əsgərə xatirə kitabı" layihəsinə yenidən start verirlər: "Şagirdlərimiz əsgərlərimizə məktublar yazırdılar, bununla yanaşı, onlara kiçik hədiyyələr də göndərirdilər. Layihəmizin məqsədi əsgərlərimizə inamımızla, güvənimizlə, dualarımızla onların yanında olduğumuzu bildirmək idi".

"Əsgərə xatirə kitabı" layihəsinin 11 nəfərdən ibarət təbliğat və təşviqat qrupu olduğunu bildirən layihə rəhbəri məlumat verir ki, onun tərkibində bəzi deputatlar, iş adamları, sahibkarlar, müəllim, həkim kontingenti fəaliyyət göstərib və bu qrupu Müdafiə Nazirliyi təsdiq edib.

Amma 2020-ci ilin oktyabrından etibarən Nuranə Şıxəliyeva ön cəbhəyə gedərək yardımları, məktubları əsgərlərə şəxsən çatdırıb: "Döyüşçülərimiz, xüsusi təyinatlılarımız addım-addım torpaqlarımızı azad edib irəlilədikcə, mən də arxalarınca gedib onları ziyarət edirdim. Bəzən döyüşçülərimizlə görüşəndə şahidi olurdum ki, onlar günlərlə ac, susuz qalıb (çünki yollar təhlükəli olduğu üçün təminat bəzən gecikirdi), amma mətanətlə dözürdülər ki, təki torpaqlarımızı azad edək, qələbə çalaq".

Nuranə xanım oktyabrın 2-dən Cəbrayılda, Füzulidə, Hadrutda olur, Şuşaya isə azadlığından bir ay sonra, dekabrın 8-də gedir.

O, Qarabağın mirvarisinə qəhrəman döyüşçülərimizin canları, qanları bahasına dağların döşü, meşələrin içərisi, qayaların üstü ilə açdıqları Zəfər cığırı ilə yol alır. Yolboyu bir ay əvvəl buradan gedən döyüşçülərin izlərini daşıyan mənzərələrə şahidlik edir. Daşaltıdan Şuşaya qalxanda isə ömründə yaşamadığı fəxarət, xoşbəxtlik hissi bürüyür onu: "Təsəvvür edin ki, mən arzularımızın şəhərinə, qürur qalamıza ilk qədəm qoyan mülki şəxslərdən idim və o an hiss etdiklərimi indi sözlə ifadə etməyə çox çətinlik çəkirəm. Çünki duyğularım bir-birinə qarışmışdı, ürəyimdə həm şəhid olan qəhrəman döyüşçülərimizin kədəri, həm də qalibiyyətimizin təsvirəgəlməz qüruru var idi. Ən ümdəsi, Azərbaycan xalqına bu misilsiz xoşbəxtliyi yaşatdığı üçün müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuzun hər bir qulluqçusuna minnətdarlıq, Vətənin azadlığını canlarından əziz bilən müqəddəs şəhidlərimizin ruhuna ehtiram var idi".

 

Şəhid və qazi ailələrinə əlimizdən gələn dəstəyi göstərməyə çalışırıq

 

Vətən müharibəsi bitdikdən sonra da "Əsgərə xatirə kitabı" layihəsinin komandası vətənpərvərlik istiqamətində tədbirlərini davam etdirib, bununla bağlı müxtəlif aksiyalar keçirib.

Nuranə Şıxəliyeva məlumat verir ki, ötən müddətdə Müdafiə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində nazirliyin nümayəndələri ilə birlikdə ölkənin müxtəlif rayonlarında olub, şəhid və qazi ailələri ilə görüşüblər. Həmin ailələrə mənəvi, psixoloji və maddi dəstək göstərməyə çalışıblar.

Onlar "Əsgərə xatirə kitabı" layihəsinin xətti ilə əməkdaşlıq etdikləri klinikalarda fizioterapiya, reabilitasiya, nevrologiya və psixologiya istiqamətində 74 qaziyə kömək göstəriblər.

Eyni zamanda şəhid və qazi övladlarına dəstək olmaq üçün onlarla mütəmadi olaraq toplu, ya da şəxsi görüşlər təşkil edib, əlamətdar günlərdə həmin uşaqlar üçün tədbirlər keçiriblər. Ötən il 1 İyun Uşaqları Müdafiə Günündə Şəkidə açıq havada "Xarıbülbül igid yadigarları" adlı festival keçiriblər və orada Bakıdan və müxtəlif bölgələrdən olan 100-dən artıq şəhid övladı iştirak edib.

Nuranə Şıxəliyeva söyləyir ki, 44 günlük müharibənin üzərindən ötən iki il ərzində nəinki paytaxt Bakıda, eyni zamanda regionlarda, qəsəbələrdə, ən ucqar kənddə belə bu istiqamətdə işlər həyata keçiriblər  və hazırda da davam etdirirlər: "Şəhid Fariz Şıxəliyevin övladına kiçik toy mərasimi keçirmişik. Anım günlərində şəhidlərimizin ruhuna ehsanlar verir, ailələrini ziyarət edirik.  Builki Bilik Günü ilə əlaqədar 50-dən çox şəhid övladını məktəbli ləvazimatı ilə təmin etmişik. Həmçinin bu il 44 günlük müharibədə şəhid olmuş 29 döyüşçünün ailəsini təminat qutusu ilə ziyarət edərək onlara başsağlığı vermişik. Yəni çalışırıq ki, dövlətimizlə yanaşı, biz də şəhid və qazi ailələrinə əlimizdən gələn köməyi, dəstəyi göstərək".

Onu da vurğulayım ki, bu müddət ərzində baş çəkdiyim bütün şəhid, qazi ailələrinə dövlət qayğısının şahidi olmuşam. Birinci xanım Mehriban Əliyevanın bu ailələrə göstərdiyi xüsusi diqqət və qayğı onların hər biri tərəfindən hörmət və minnətdarlıqla xatırlanır".

 

Qələbə əhvallı namələr

 

2020-ci il sentyabrın 27-dən 8 noyabrına qədər sürən haqq savaşının o 44 günündə, Azərbaycan xalqı olaraq sanki möcüzəvi bir dünyada var olduq, həqiqət olacağına xəyallarımızda belə inana bilməyəcəyimiz müqəddəs gerçəkliklər yaşadıq. Düz bir qərinəlik ayrılıqdan sonra Vətən torpaqlarımıza qədəm qoyduq, bütöv Azərbaycanımıza qovuşduq.

Bu parlaq zəfəri qazanmağımızda isə yaşından, cinsindən, tutduğu mövqedən asılı olmayaraq,  xalqımızın hər bir fərdinin zərrə də olsa payı oldu. Hər kəs ürəkdən çalışdı ki, ümumi qələbəmizə öz töhfəsini versin.

Nuranə Şıxəliyeva da vətəndaşlıq borcunu qəhrəman döyüşçülərimizə ünvanlanan qalibiyyət əhvallı məktubları onlara yetirməklə ödəməyə çalışdı və bu vəzifəsini layiqincə yerinə yetirdiyi üçün özünü dünyanın xoşbəxti sandı: "Tanrıya çox şükürlər olsun ki, taleyimi bu cür naxışlı, bəxtimi belə gözəl yazıb. Bilirsiniz, azad torpaqlarımızda qalib döyüşçülərin qarşısında qələbə əhvallı məktubları oxumaq mənim üçün əlahiddə qürur hissidir".

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2022.- 11 oktyabr.- S.8.