Azərbaycan şərtlərini
diktə edir
Azərbaycan
Prezidenti hazırkı gərgin dünyamızda
apardığı müstəqil siyasətlə ölkəmizin
həm xarici, həm də daxili strateji inkişaf xəttini
uğurla həyata keçirir.
Ölkəmizə böyük tarixi nailiyyətlər qazandırmaqla yanaşı, bir çox qlobal problemlərin aradan qaldırılmasına, bəşəriyyət üçün daha gözəl bir dünyanın qurulmasına mühüm töhfələr verir. Hamını sülhü qorumaqdan ötrü çalışmağa dəvət edir. Qələbə ilə tamamlanan yeni dövr isə öz sözünü deyir.
Elə bu günlərdə Çexiyanın paytaxtı Praqa şəhərində təşkil olunmuş Avropa Siyasi Birliyinin Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən dördtərəfli görüş və sonunda verilən birgə bəyanat Azərbaycan diplomatiyasının daha bir qələbəsidir. Başqa sözlə, bunu Vətən müharibəsindəki qələbəmizlə Azərbaycanın regionda yaratdığı yeni tarixi reallıqların dünyada qəbul olunması, düzgün dəyərləndirilməsi və bu obyektiv reallıqlar fonunda Ermənistanla sülhün əldə olunmasına doğru mühüm bir addım saymaq olar.
Praqa bəyanatının əhəmiyyəti
Praqa bəyanatında deyilir ki, Azərbaycan və Ermənistan BMT-nin Nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq edirlər. Xatırladaq ki, Alma-Ata Bəyannaməsi 1991-ci il dekabrın 21-də imzalanıb. Bir çox tarixçi bunu əslində SSRİ-nin
dağılmasını rəsmiləşdirən və MDB-nin yaradılmasını elan edən sənəd kimi təhlil edirlər. Bəyannaməni imzalayan dövlətlər bir-birinin ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını tanımaq və hörmət etməklə bağlı üzərlərinə öhdəliklər götürüblər.
Praqa bəyanatı İkinci Qarabağ
müharibəsindən sonra Azərbaycanla Ermənistan
arasında ölkələrin ərazi bütövlüyü
və suverenliyinin əks olunduğu ilk sənəddir. Bu bəyanatda
elan edilən müddəalar rəsmi İrəvanın
Qarabağı Azərbaycan ərazisi olaraq tanıdığını
təsdiqləyir. Bununla Ermənistan 30 ildən sonra qondarma
"referendum" və "status" tələbindən
imtina etmiş olur. Bəyanatda BMT Nizamnaməsinə və
1991-ci ildə qəbul olunmuş Alma-Ata Bəyannaməsinə
istinad isə Azərbaycan və Ermənistan arasında hələlik
mövcud olmayan dövlət sərhədlərinin
delimitasiyası üçün əsas rol oynayacaq. Delimitasiya üzrə komissiyanın növbəti
iclasının oktyabrın sonunda Brüsseldə keçiriləcəyi
razılaşdırılıb.
Praqa bəyanatının ən vacib bəndlərindən
biri də Azərbaycanla Ermənistan arasında sərhədə
Avropa İttifaqının mülki missiyasının göndərilməsi
və bu məsələdə də Azərbaycanın öz
şərtlərini qəbul etdirməsidir. Belə ki,
mediaya verilən açıqlamalara görə, Ermənistanın
baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron
bu komissiyanın hər iki tərəfdə fəaliyyət
göstərməsini istəyiblər. Lakin
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ərazisində
belə bir komissiyanın fəaliyyət göstərməsinə
razılıq verməyərək ölkəmizin bu komissiya ilə
sadəcə əməkdaşlığına
razılaşıb. Bəyanatda bununla
bağlı öz əksini tapmış müvafiq cümlə
ona dəlalət edir ki, əgər komissiya fəaliyyətində
hər hansı qeyri-obyektiv davranışlara yol versə, rəsmi
Bakı avropalı məsləhətçilərin təkliflərini
nəzərə almaya da bilər. Qeyd edək
ki, bu missiya öz işini oktyabrda başlayıb, 2 ay müddətinə
başa çatdırmalıdır. Missiyanın
tərkibinin düzgün formalaşması, burada təmsil
olunan üzvlərin tərəfsizliyi, öz işlərini ədalətlə,
ikili standartlardan kənar şəkildə yerinə yetirmələri
hazırda əsas gözləntilərdəndir. Praqa bəyanatında diqqəti çəkən ən
vacib məqamlardan biri də bütün cidd-cəhdlərə
baxmayaraq, Ermənistan və Fransanın bəyanata Minsk qrupu həmsədrlərinin
fəaliyyəti ilə bağlı hər hansı cümlə
daxil etdirə bilməməsidir. Beləliklə,
Minsk qrupunun həmsədrlərindən olan Rusiyanın
ardınca artıq Fransa da Minsk qrupunun fəaliyyətinə
ehtiyac olmadığını etiraf etməkdədir.
Sülhə
yaxınlaşmaq
Dördtərəfli görüşün birinci hissəsindən
sonra dövlət rəhbərimizin Azərbaycan
televiziyalarına müsahibəsində çox mühüm
açıqlamaları oldu. Prezident İlham
Əliyev bu müsahibəsində Praqa müzakirələri
ilə bağlı bir sıra əhəmiyyətli məqamlara
aydınlıq gətirdi və bununla aparılan sülh proseslərinin
şəffaflığını, ictimaiyyətin həlledici məqamlar,
prosesin gedişi barədə aşkarlığını təmin
etmiş oldu.
Azərbaycan
Prezidenti "Ümid edirəm ki, biz sülhə
yavaş-yavaş yaxınlaşırıq" dedi və
Avropa İttifaqı Şurasının prezidenti Şarl
Mişelin bu prosesdəki rolunu yüksək qiymətləndirdi
və ümid etdiyini bildirdi ki, Praqa
görüşünün sülh müqaviləsinə
çatmaq üçün önəmi olacaq: "Hər
halda sülh prosesinə artıq təkan verildi. Bildiyiniz kimi, Azərbaycan və Ermənistan xarici
işlər nazirləri ilk görüşü keçirdilər
və bizim fikrimizcə, bunun ardı kəsilməməlidir.
Tezliklə nazirlər ikinci dəfə
görüşməlidirlər və biz təklif etdik ki,
ondan sonra hər iki ölkənin işçi qrupları da
bir araya gəlsinlər, bəlkə də bir görüş
kimi yox, bir neçə gün ərzində sülh
müqaviləsinin mətninin hazırlanması ilə məşğul
olsunlar. Yəni bizim niyyətimiz bundan ibarətdir".
Dövlət rəhbərimiz vurğuladı ki, Praqa
görüşləri tezliklə Ermənistanla Azərbaycan
arasında sülh müqaviləsinin imzalanması məqsədi
güdür.
Prezident
İlham Əliyev Qarabağda yaşayan erməni əhalisi,
onlarla təmaslar məsələsi ilə bağlı səsləndirilən
suallara da aydınlıq gətirərək bildirdi: "…Bir
şeyi artıq bütün dünya ictimaiyyəti
açıq dərk edir ki, Qarabağ Azərbaycandır! Bunu biz hər dəfə deyirdik, işğal
dövründə, müharibə dövründə,
müharibədən sonra. Bu gün
dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir,
həm də bunu tələffüz edir. Qarabağda
yaşayan ermənilər, - mən bunu dünən Ağdamda
demişəm, - bizim vətəndaşlarımızdır və
onların taleyini, onların gələcək həyatını
biz hər hansı bir ölkə ilə müzakirə etmək
fikrində deyilik, o cümlədən Ermənistanla. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları
hansı hüquqlara malikdirlərsə, ermənilər də
o hüquqlara malik olacaqlar. Hər halda əmin ola bilərlər ki, onların
yaşayışı, Azərbaycan cəmiyyətinə
inteqrasiya edilmiş yaşayışı indiki
yaşayışdan qat-qat yaxşı olacaqdır".
Azərbaycanın dövlət başçısı
İlham Əliyev bəyan etdi ki, Azərbaycanın daxili
işi olan məsələlər barədə sülh
müqaviləsində söhbət gedə bilməz. Qarabağda erməni əhalinin
həyatının necə qurulacağına gəlincə isə
Azərbaycan dövləti özünün xarici siyasət
bloku çərçivəsində məsləhətləşmələri
intensivləşdirməyi, eləcə də Qarabağın
erməni əhalisinin nümayəndələri ilə
qeyri-formal əlaqələri davam etdirməyi
planlaşdırır: "Deməliyəm ki, belə əlaqələr
artıq müəyyən müddətdir ki, aparılır. Düşünürəm ki, bu, hələ Rusiya
sülhməramlı kontingentinin məsuliyyət zonasında
yaşayan əsas əhali ilə tam anlayışa gətirib
çıxaracaq. Çünki Azərbaycan
cəmiyyətinə inteqrasiyanın, sadəcə, başqa
yolu yoxdur. Əgər kim hesab edirsə
ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq
lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansı səbəblərdən
kiməsə münasib deyilsə, onlar özləri
üçün başqa yaşayış yeri seçə
bilərlər".
Azərbaycan
Prezidenti sülh müqaviləsinin məlum beş
prinsip üzrə mümkün qədər tez
paraflanmasının, müqavilənin mətni üzərində
işin də bu prinsiplər əsasında
başlanmasının vacibliyini vurğuladı və əmin
olduğunu bildirdi ki, buna tez nail olmaq mümkündür:
"Çünki hesab etmirəm ki, bu, hansısa
çoxcildlik olmalıdır, bu, beynəlxalq hüquq, beynəlxalq
təcrübə çərçivəsində parametrləri
müəyyən edən bir neçə maddədən ibarət
yetərincə yığcam sənəd olmalıdır. Bununla biz müharibə, düşmənçilik səhifəsini
qapadacağıq".
Prezident İlham Əliyev kommunikasiyaların
açılması məsələsinə də toxundu. Ermənistanın 2020-ci il noyabrın 10-da üzərinə
götürdüyü, amma yerinə yetirmədiyi öhdəliyi
xatırladaraq bildirdi ki, buna görə kommunikasiyaların
açılması mümkün sülh müqaviləsinin hissəsi
deyil, çünki bu, mahiyyətcə artıq baş verməli
idi. "Bu gün mən Ermənistanın
baş nazirinə yenə də müraciət edəndə
ki, nəhayət, bizə avtomobil yolu üçün
marşrut verin, təəssüflər olsun, yenə də
cavab ala bilmədim. Bu, hətta gülməli
də deyil, çünki orada o qədər də
böyük sahə yoxdur. Hamı bilir ki,
dəmir yolu və avtomobil yolu haradan keçməlidir. Bizə Naxçıvana könüllü olaraq
keçid verilməməsi anlaşılan deyil. Öz öhdəliyini pozmaq, əlbəttə, son dərəcə
biabırçı faktdır. Lakin biz hələ
səbir edirik, təmkin göstəririk. Əminəm,
biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil,
tez olsun. Buna görə də bu suallar fikrimcə,
ölkə rəhbərləri səviyyəsində noyabrda
planlaşdırılan Brüssel görüşünün
gündəliyində də, xarici işlər nazirlərinin
tarixi hələ müəyyən edilməyən
görüşündə də, bu ay Brüsseldə bizim təklifimizlə
təşkil olunacaq delimitasiya üzrə görüşlərdə
də üstünlük təşkil edəcək".
Avropa
Siyasi Birliyinin mərkəzindəki yer
Dördtərəfli
görüşdə iştirak edən tərəflərin
iki dəfə bir araya gəlməsi və ikinci
görüşün 5 saat çəkməsi müzakirələrin
kifayət qədər gərgin keçdiyini, ortaq
razılaşmaların əldə olunmasının heç də
asan başa gəlmədiyini və Azərbaycan Prezidenti
İlham Əliyevin hər zamankı kimi yenə də yüksək
qətiyyəti, sarsılmaz iradəsi, xalqın dəstəyinə
əsaslanan gücü, mövqeyi ilə ölkəmizin,
xalqımızın milli maraqlarını qorumağa müvəffəq
olduğunu göstərir.
Avropa Siyasi Birliyinin Praqa zirvəsinin kollektiv fotosu isə
bu gün regiondakı reallıqları, əsas şərtləri
kimlərin diktə etdiyini aydın göstərir. Bu fotonun tam mərkəzindəki
liderlər məhz Azərbaycan və Türkiyə Prezidentləridir.
Ermənistan isə bu fotoda yetərincə arxa
plandadır. Azərbaycan və Türkiyə
liderlərinin Avropa Siyasi Birliyi fotosunun tam mərkəzində
qərar tutduqları ən mühüm yer isə rəsmi
Bakı və Ankaranın Avropanın enerji təhlükəsizliyindəki
həyati əhəmiyyətindən irəli gəlir.
Cənubi Qafqazın gələcəyinə baxış
Avropa Siyasi Birliyinin toplantısı çərçivəsində keçirilmiş "Avropa qitəsində sülh və təhlükəsizlik" mövzusunda "dəyirmi masa"da Azərbaycan Prezidentinin regionun gələcəyi, bölgəmizdə daimi sülhün, dayanıqlı inkişafın, faydalı əməkdaşlığın təmin olunması istiqamətində çox önəmli təşəbbüsləri oldu. Prezident İlham Əliyev Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından Azərbaycan-Gürcüstan-Ermənistan, yəni üçlü formatda vahid müzakirə platformasının yaradılmasının vacibliyini qeyd etdi və bildirdi ki, 3 ölkə enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edə bilər. Bu, əslində Ermənistan hakimiyyətinə və cəmiyyətinə də bir çağırışdır ki, siyasətlərini, baxışlarını dəyişib uzun illərdən bəri yoluxduqları xəstəlikdən uzaqlaşsınlar. Belə ki, sağalacağı təqdirdə regional əməkdaşlıqdan faydalana bilsinlər.
Azərbaycan Prezidenti Türkiyə-Ermənistan dialoqunu da dəstəklədiyini və bu prosesin Azərbaycan-Ermənistan dialoqu ilə paralel getdiyini bildirdi. Bu isə o deməkdir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması əsas şərtdir.
İradə
ƏLİYEVA,
Azərbaycan.-2022.- 9 oktyabr.- S.3.